Məqalələr

TEHRANIN FƏTHİNDƏN SONRA

İRAN MƏKTUBLARI

(müxabiri-məxsusimizdən)

Qəribə sakitanə bir surət almış olan qələbeyi-inqilab bu gün təğyiri*[1]-rənc etmiş idi.

Qüruba bir az qalmış topxana meydanı əhali ilə dolmuş idi. Komisyoni-cəng qabağında gimnastikdən ötrü qurulmuş ağac bütün ənzarı*[2] cəlb etməkdə idi.

Nəgah ənzarın gözlədiyi bədbəxt aşkar oluyor. Boz sərdari və qara qapaqlı olan miyanə boylu məhkumi gimnastik ağaclarının yanına gətirirlər ki, bu dəfə dar ağacı rolunu oynayır. Zatən İranda bir şeyə müxtəlif vəzifələr vermək adətdir.

Bu adam qarelərimizə məlum olan Şah Əbdüləzim faciəsini təşkil edən qorxanaya dəxi nəzarət ediyormuş. Şah Əbdüləzim faciəsini bu adam o vaxt Tehranda hakim olan Məfaxirülmülk ilə dilbirlikdə düzəldib imiş ki, onu da gülləbaran etmişlər.

Bunun ləqəbi Sənii*[3]-həzrətdir. Sənii-həzrəti kürsü üstə çıxarırlar. Bir nəfər göy əmmaməli seyid bunun günahlarını bir-bir oxuyub nəticeyi-mühakimənin ayeyi-Quran ilə təvafüq*[4] etdiyini bilbəyan bu bədbəxt, taleyi bərgəştənin məhkəmeyi-nizamiyyə tərəfindən edama məhkum olunduğunu elam edincə ciyəni boğazına salıb ayağı altında olan kürsünü kənar edirlər. Bir kəlmə olsun danışmayaraq oradan asılı qalar, boğular, rəngi qaralar.

Hazırun əl açıb “zindəbad qanun”, “zindəbad ədalət” – deyə fəryad edər.

Biz də cəmaətlə bərabər “zindəbad qanun”, “zindəbad ədalət” sözlərinə etiraz etməz idik, əgər bu edamda duruyəlik*[5] görməyəydik. Fəqət nədən isə məəttəssüf duruyəlik mövcuddur.

Ismləri, vücudları ilə bir aləmi-istibdadi-mücəssəm olanlar kəmali-azadlıqla gəzib bitəərrüz qaldıqları səhldir. Vəzifə və qulluq aldıqları halda idareyi-sabiqə ilə qurtarmaq və hesablaşmaq üzrə çıraxçılardan başlamaq doğrusu ki, yoldan çıxıb zərərdidə olmuş vaqon üzərində maşınçını qoyub da biçarə yol qarovulçusunu edam etməyə, yainki stansiya süpürgəçisini məsuliyyətə almağa bənzəyir.

Əcəba! Yeni hökümət bu edamı müstəbidlərin bitənbih qaldıqlarından dolayı dilgir və narazı olan əhalinin gözündən pərdə asmaq üçünmü ediyor?

Əbəs!...

Zira, onları dilgir edən bu milçəklər deyil, fillərdir ki, haman fillərin də baqi qalıb, minlərlə biçarəgah milləti edama verdiklərinə, məşrutəçiləri mühasirədə qoyub bombardman etməklərinə baxmayıb onlara heç təərrüz etmədikləri səhldir, dövr başa keçirir, böyük qulluqlar verirlər.

Onlar öylələrini görürlər ki, dünən rus qoşununun zərbi-dəsti ilə Təbriz məşrutəçilərinin mühasirədən qayıdıb bu gün tehran məşrutəçiləri tərəfindən Xorasan kimi böyük bir əyalətə hakim olmaq fikrinə düşüyorlar.

Onlar Rəhim xanları görürlər ki, Azərbaycanda əli çatan yerdə istər qız, istər oğlan olsun, namus qoymadığı halda tənbehsiz qalıb kimsə ona cəza etmək fikrində deyildir.

Əhalinin böylə mütəzadd vəqayedən naşi dilgir olan qismi edam cəzalatının Sənii-həzrətindən başlandığını görəndə etirazları daha da artır! Məəttəssüf höküməti-cədidədə də bir duruyəlik görüyorlar.

İştə heysiyyəti-kamiləsini bərdavam etmək üzrə İran inqilab höküməti bir az ciddi olmalı, bu kimi köhnə dürüyəlik politikalardan aralanmalıdır.

Ya əfvi-ümumi, ya edam isə ola. O kəslər edam olunsun ki, onların ismi ilə bu kəslər aləmi-istibdad təcəssüm ediyor.

Yoxsa böylələri dura-dura kiçik müstəbidlərdən başlamaq duruyəlikdən başqa bir təsir verəməz. Höküməti-abrudan*[6] salar!

Inqilab başında duran cavan ünsürlərin vücudu ilə ümidimiz bərdavamdır ki, höküməti-məşruteyi-İraniyyə düşmək istədiyi bu səhv caddəsindən çıxar da düz yola düşər.

Görünür ki, edam cəzaları müxtəsər bir icraat ilə qurtaracaq deyildir.

Hal-hazırda həbsxanada bir neçə nəfər vardırlar ki, edama məhkum olmuşlar da bu günlərdə cəzalanacaqdırlar.

Aşağıda adları yazılan əşxas tofqif olunub təhti-istintaqə verilmişdir;

Hacı Əli Əkbər Birucərdi – bu adamın cümleyi-seyyiatından*[7] səri-mənbərdən olaraq məşrutiyyətin küfrünü elan etməsidir.

Nəcdüddövlə topxana rəisi. Məclis bombardman olan gün bu adam topçulara böylə bir nitq söyləmiş: “qardaşlarım, bu gün sərbazlıq nə olduğunu göstərməli gündür”.

Bir gözdən kor olan Axund Amili əlaniyyə olaraq məşrituyyətin şəri olduğunu təcavüz edən Axund Molla Kazım Xorasani hücəcül-islamın küfrünə fitva veriyor imiş.

Acudan başi*[8]-məclis bombardman olan gün İran məmurlarından əvvəlincisi imiş ki, məscidə və darüşşuraya top bağlamağa davütələb olmuşdur.

Sərdari-əfxəm*[9] Qulam Hüseyn xan – Şah Əbdüləzim vəqəəsində zimədxəldir ki, edam olunan Sənii-həzrətin istintağından zimədxəl olduğu anlaşılmışdır.

Əfkari-ümumi bu yoldadır ki, yenə bir çox həbslər icra olunub, adlı adamlar dəxi dəstgir olunacaqlardır.

Tehran, 17 iyul
M.Əmin
“Tərəqqi”, № 166, 26 iyul 1909

*[1] təğyir – başqalaşma

*[2] ənzar – nəzərlər, baxışlar

*[3] səni – icad, ixtira, ən gözəl

*[4] təvafüq – uyğungəlmə, müvafiqolma

*[5] duruyəlik - ikiüzlülük

*[6] abru - abır

*[7] seyyiat – pis əməllər, işlər

*[8] acudan başi – baş adyutant

*[9] əfxəm - ən böyük