Məqalələr

İRAN MƏKTUBLARI

Rəştdən

İki ay fəraqdan sonra yenə də Rəştdəyəm. Bu iki ayın ərzində Rəştdə olan təbəddülati-təbii və milli xeylidən xeyliyədir. Dar küçələr bacarıldıqca genəlmiş, daş döşənmiş, hamar edilmişdir.

Səbzə meydanının baş tərəfində hər gün çalışmaqda olan müsiqi yoxsa da tazə açılmış mədrəsənin şagirdani gimnastik manevrəsi ediyorlar, Rəştin doğrudan da məşrutəçi bir şəhər olduğunu göstəriyorlar.

Məhəlli qəzetələrin kiçikliyinə baxmayaraq əhali kəmali-şövq ilə tökülüb qəzetə alıyor, oxuyor.

Daha iki ay bundan irəli olan silahsız mücahidlərdən biri də yoxdur. Bekar tüfəngdar isə tapılmaz, hamısı işdədir. Tehranda can verib, can alıyorlar.

Burada ancaq şəhəri mühafizə etmək və nəzmi-nizami gözləmək üzrə bir qədər mücahid durur ki, bunlar höküməti-məhəlliyyənin qüvayi-qəhriyyəsi*[1] hökmündədir.

İdarat qabaqkına nisbətən bir nizami-külli təhtində olaraq idarə olunur. Meydani-ədalət isə həqayiqi-haliyeyi-İraniyyə dairəsində qurulub, hüququnnasə kamalınca yetişilməkdədir.

Əcnəbi təbəələrinə nisbət daha irəlidən tutulub gəlməkdə olan toxunmamaq politikası indi daha artıq bir məharətlə aparılmaqdadır.

Qəzvinin öylə bir qəhrəmananə surətdə icra edilən fəthibenami, Tehran hasarı dibində beydaqi-sürxi*[2]-hürriyyəti nəsb etmiş olan şəciani*[3]-gilaniyyənin Səltənətabaddan məhsur olan səltənət bərbadə etdikləri nəsayeh*[4] və təhdidati rəştlilərə daha artıq bir ruh verdiyində, rus qoşunlarının Təbrizə getdiyi kimi Tehrana dəxi gedəcəkləri xəbəri çıxar. Bu xəbər Rəşt cəmaətini olmazın dərəcədə dilgir edər.

Əhali tamamən dükan bazarlarını bağlayıb əncümənə yığışar böyük bir demonsrasyon yaparlar. Əncüməndən tələb edərlər ki, ruslara qarşı tədabirdə bulunsun. Əncümən nə qədər bunları iqna etmək istərsə də ki, ruslar rəsmən elan etmişlər ki, ümurəti-daxiliyyəmizə müdaxilə etməsinlər – deyirsə də, kimsə qulaq asmaq istəməz, ədədcə 8 minə çatan izdiham bilatərəddüd olaraq öz istədiyində israr edər.

Nəticədə isə böyük bir mitinq təşkil verilir. Bu mitinqdə müxtəlif natiqlər əhali arasından qalxıb rusların bu gün Gilana və Tehrana gəlmələrini şaha kömək etmək kimi tələqqi*[5] edib onlara qarşı şiddətli bir lisan sürərək böylə bir nəticəyə gəlmişlər ki, tətili-ümumi ilə etirazlarını izhar etsinlər.

“Tərəqqi”, № 155, 13 iyul 1909

*[1] qüvayi-qəhriyyə - cəza dəstələri

*[2] beydaqi-sürx – qırmızı bayraq

*[3] şəci – igid, cəsur

*[4] nəsayeh – nəsihətlər

*[5] tələqqi - qarşılamaq