Məqalələr

YOL TƏƏSSÜRATI

(müxabiri-məxsusimizdən)

DİN BAZARI

Urmiyəyə gələn hər bir səyyahın Avropa misyonerlərinin yapdırdığı kəlisaları artıq xərclərlə qayıtdırılan o məktəbləri nəzərini cəlb etməyə bilməz.

Dinə bir təpik atıb hər yerdə din və dindarlıq əleyhinə olan Avropanın gəlin də burada elədiyi işlərinə assuri cəmaətinin başında oynadığı oyuncaqlarına tamaşa ediniz.

Burada beş dövlətin misyonerxanası vardır. Ən qədim amerikalılarındır ki, protestan məzhəbini tərvic*[1] edir.

Olardan keçəndən sonra fransızlardır ki, katolik məzhəbini rəvac verirlər. Lyuteranlıq paylıyan Almaniya misyonerxanası Buxse Anna Fridman adına bir daiyə vardır ki, pansion açmış təlim və tərvicə məşğuldur.

Rus misyonerləri dəxi yeddi ildən burada yurd salıb ortodoks pravoslavni dinini qəbul etdirirlər.

Və başqa bir çox xırda və cüzi məzahiblərin dairələri dəxi mövcuddur.

Iştə bu misyonerxanaların hərəsi bir din dükanı şəklini alıb dəllallarını assurların canına salırlar. Öz bazarını rəvaclı etmək üzrə mağazalarını dilçəsp etməyə çalışır. Bir-birilə elədikləri rəqabətdə cürbəcür işlər ediyorlar.

Əhalini cəlb etmək və müridlərini çoxlaşdırmaq üzrə məktəb açar, dəvaxana, əczaxana, mərizxana düzəldirlər.

Füqərayi-əhaliyə kömək edib xaricə məmləkətlərə göndərir və onları işə qoyarlar. Hamısından əhəmiyyətlisi odur ki, məhəlli assuri keşişlərinə (qişşələrinə) artıq məvacib verməklə öz tərəflərinə çəkər və onların vasitəsilə əvamlarını yollaşdırar və illik hesablarında səmti-riyasəti olan məhllinə bil-iftixar bazar təxsisatlarını çoxlaşdırarlar.

Xristian bir milləti başqa xristian məzhəbinə döndərmək üzrə açılan bir rəqabət assuri cəmaətinin əxlaqında böyük rol oynayır. Özü də fəna bir rol. əvam və fəqir əhali baxır ki, mədəniyyətli Avropadan durub da ölkələri basa-basa onun münəvvər dindaşı buraya gəlib onu öz dinindən dönüb başqa bir məzhəbə keçməyə dəvət ediyor və dəvət qəbul olunduqda cürbəcür imtiyazlar ondan ötrü hasil oluyor. O da başlıyor haman bu mədəniyyətli dinxəridlərə din satmağa.

Din məsələsi vicdani bir məsələdir. Hər kəs dinini satarsa, vicdanını satmış kimidir. İştə keşişlər rəqabəti protestanlıq, katoliklik, pravoslavnılıq və qeyrə rəqabəti öylə bir surət alar assurilərin vicdanlarını satın almağa başlıyorlar.

Təbiidir ki, böylə bir dinfüruşluq da biçarə assuri vicdan məsələsini bilmərrə fəramuş ediyor, hər bir şeyi pula əvəz etmək kimi onu bir əxlaqsızlıq dərəcəsinə düşürüyor.

Iştə ruhani dailər gəlirlər ki, islam təzyiqi altında qalmış olan Şərq xristian bəradərlərinə dəsti-müqəddəslərini uzatsınlar da, onlara müavinət edib səadəti-ruhaniyyəyə yetirsinlər. Gəlirlər işlərini görür, hər bir misyoner öz siyasi nüfuzunu işə verir.

Nəhayət, öylə olur ki, dinini, vicdanını satmağa alışdırılan assurilər arasında “xaça kox”luq kimi rəzalətli sənətlər törədir.

Xaça koxluq nədir?

Görürsən bir-iki assuri bir dəstə xırda küçə uşaqları yığıb əksini aldırdı. Bir assuri qişşəsinə*[2] imza elətdirdi ki, bu heyət flan asssori kəndindəki yetim məktəbinin xristian uşaqlarıdır, müstəhəqqi-ianədir. Buradan haman əksi alıb gediyor birbaş Amerikaya, yainki Rusiyaya haman bu yetimlərin mənfəətinə olaraq ianələr cəmiləyir, qayıdır Assorustana, başlar özü üçün ev tikməyə. Ev tikər, bağ salar, artığı ilə bir qədər dolanar. Sonra yenə başqa birisi ilə özgə bir tədbir tökər. Xaça koxuluğunu edər.

Zatən kox – xaç satan deməkdir.

əxlaqlarını, insaflarını, vicdanlarını dinə, dinlərini dəxi pula satmış olan bu tövr xaça koxlar, keşişlər rəqabətinin verdiyi səmərədən naşi o qədərdir ki, tərif ilə qurtarmaz, lisan ilə deyilməz. Xaça koxluq əlavə papasların artıq bir şiddət ilə din almaları assurilər arasında başqa cür bir fəsadi-əqidə dəxi törədir.

Görürsən ki, bir misyonerxana nə tövr isə rəyasəti-ruhaniyyə mərkəziyyəsindən bir qədər tazə təxsisat aldımı, o saət məhəllə və kəlisa dailərinin, qişşələrinin məvacibi artar. Məvacib artması kafidir ki, qişşənin ədədi, onların ədədi ilə bərabər müridlərin parası da artsın.

Meydani-rəqabətdə biri-birinə sibqət*[3] etmək qəsdilə çalışan misyonerlər nüfuzlarını artırmaq qəsdilə əhalinin qülubini cəzb etmək üzrə bir çox asari-mədəniyyə yapmışlardır.

Əvvəl gördükləri iş isə kəlisa tikmək ilə məktəb açmaq olmuşdur.

Məktəbdən keçəndən sonra mərizxana, kütübxana, mətbəə və qəzetə dəxi güşad və təsis etmişlərdir.

Urminin özündə dailər tərəfindənaçılmış 8 ədəd məktəb vardır ki, bunlardan 2-si, biri zükur, biri ünasa mənsub olmaq üzrə amerikalılar tərəfindən açılmışdır. 2-si də (biri zükur, biri ünas) fransızlarındır.

Bir ünas məktəbi almanlarındır, 2-si dəxi (biri ünas, digəri zükur) rusların olub, 1 ədəd zükur məktəbi dəxi ingilislərindir.

Bu məktəblərdə məktəbi açmış olan misyonerxananın lisani-dövlətlisi ilə bərabər fars, türk və başqa Avropa dilləri dəxi təlim olunur.

Ümdəsi hər kəs öz dövləti lisaninə əhəmiyyət veriyor da, ümumi müxtəlifəni dəxi hər məktəb öz lisani-rəsmiyyəsində təhsil edir və bu surətlə məktəbdən təhsil edib tamam etmiş şagirdi meydana buraxdıqda öz dövlətinin mənafei-siyasi və iqtisadiyyəsinə xidmət edər, bir nümayəndə hazırlamış oluyor.

Bu məktəblərin qapısı hər kəsin üzünə açıqdır. Hər kəs hansı millətdən istərsə ki, elm təhsil etsin məktəbə daxil olub təhsil edər. Dini təhsil etmək isə məcburi olmayıb hər kəsin öz xahişinə görədir. Ancaq rus məktəbləri bu qaidənin təhtinə daxil deyildir.

Rus məktəblərinə daxil olmaq üçün əvvəlinci şərt pravoslavni dilini qəbul etməkdir. Və din təlimi dəxi hər kəs üçün məcburidir.

Bu məktəblərin bir çoxunda həqqi-tədris məvcuddur. Amma fəqir və biçiz olanlar müftə oxuyurlar. Lakin rus mədrəsələri tamamilə məccanidir.

Bainhəmə məccaniliyinə baxmayaraq bomboşdur. Xahişmənd azdır.

Ən çox mütəəllimli olan Amerika məktəbidir. Zira burada ki, üsuli-təlim daha müvafiq olub, tədris olunan ülum isə həyatidir. Amerika məktəbində bir neçə nəfər müsəlman daha təhsil etməkdədir.

Təbrizdəki Amerika və fransız misyonerxanalarını zatən ümdə gördükləri işləri haman bu təhsil məsələsidir. Təbrizdəki təhsilkərdə cavan müsəlmanların çoxusu bu məktəblərdə oxumuşlar ki, bunların çoxusu halon məşrutə hərəkatında ciddi fəaliyyət göstəriyorlar.

Ağayi Tağızadə cənabları dəxi Amerika məktəbində təhsil etmişlərdir.

Amerika və Fransa misyonerxanalarının məktəbdən savayı burada mükəmməl mərizxanaları, dəvaxanaları dəxi vardır ki, bütün əhali onlardan mənfəət aparmaqdadır.

Misyonerxanaların asari-mədəniyyələri yalxu bir şəhərdə deyildir, civarda ki, assori kəndlərinin bir çoxunda məktəb güşad edilmişdir.Urminin 7 verstliyində, məsələn, Köy Təpə deyilən bir assori kəndi vardır ki, Əsli ilə Kərəmi – məşhuru biri-birinə göstərən Əsli suyu dəxi kənddədir. Bu kəndin 2 minə yaxın səkənəsi vardır. İki min nüfusu olan bir İran kəndinin, diqqət ediniz, 3 kəlisası, 10 məktəbi vardır. Bu məktəblərdə 500-ə kimi oğlan və qız təhsil etməkdədir...

Bu qədər təmtərəq və dəstgah ilə dailik binası quran Avropa misyonerləri hərdənbir xəyallanırlar ki, müsəlmanlardan da döndərsinlər, amma dişləri batmiyor.

Zira islam deyə inandıqları əqidələrində müsəlmanlar o dərəcə möhkəmdirlər ki, bir dəfə inandıqlarından əslən vaz keçməzlər.

“Müsəlmanı döndərmək olmaz!”

İştə budur bütün misyonerlərin təsəvvüri.

Urmi, 16 iyun
M.Əmin
“Tərəqqi”, № 148, 5 iyul 1909

*[1] tərvic – rəvac vermə, işə salma

*[2] qişşə - hiyləgər

*[3] sibqət – irəlidüşmə, qabaqlama