Məqalələr

YOL TƏƏSSÜRATI

(xüsusi müxabirimizdən)

URMİYƏ

Müsəlmanlar

Urmi müxtəlif-ül-cins vəl-məzhəb bir yerdir. Burada yeddi millət bə 15-ə yaxın məzhəb nümayəndələri vardır.

Şəhərin hər yerdə olduğu kimi burada da səfil bir ömür keçiriyorlar. Dilxahları yemək və içmək, rəftarları döymək və döyülməkdir. Artıq bir işə baxmazlar. Laqeydanə dolanır ömür sürürlər.

Əyan kəmali-istirahət ilə ömür keçirib keçinir. Əvam isə Urmi kimi dövlətli bir yerdə özünə maaş tapmayıb xaricəyə gedir, fəhləlik edir.

Bunların dolanacağı əksərən bağçıvanlıq ilə olub satdıqları səbzədir. Rusiyanı bu qədər doldurub, hər tərəfə dağıdılan səbzə çoxusu bu tərəflərdən gedir.

Səbzədən keçəndən sonra bir qədər məhəlli tütün satarlar. Tütünün bir o qədər də əhəmiyyəti yoxdur, zira sərhəddən keçən osmanlı tütününün qabağında bura tütünü rəqabət edəmiyor.

Üçüncü dərəcə halüt-ticarə buğdadır ki, buradan osmanlıya aparılır.

Məhəlli mətalar ki, əhaliyə mədari-maaşdır, ümdə bunlardır, bunlardan keçəndən sonra bir xeyli yüncar vardır ki, xarici mal satmaqla dolanırlar. Bir nəfər Urmi tacirinin dediyi kimi xaricə hamballıq ediyorlar.

Bura müsəlmanları arasında, ələxüsus ətraf kəndlərdə məşrutə fikri bir o qədər də əsaslı deyildir. Zira ncə düşübdürsə ki, Urmi əvvəldən yerini dövlətliliyindən və bəxtlərinə düşmüş olan hakimlərinin İranın qeyri hakimlərinə nisbətən bir dərəcə yola yaxın olduqlarından naşi bir o qədər sıxıntıda olmayıb özlərini rahət hiss etmişlər. Və o cəhətdən də məşrutədən ötrü artıq bir riyazət*[1] çəkib dəstü-pa vurmağa meyyal*[2] deyildirlər.

Iştə bu cəhəti Səidülməmalik cənabları nəzərə alıb iqdamati-inqilabkaranələrində bir dərəcə etidal qəbul etsə idilər güman ediyoram ki, Urminin gecə ilə qoyub getməyə və ardınca bu qədər narazılıqları eşitməyə məcbur olamazdı.

Iranın bütün şəhərlərində olduğu kimi burada da molla boldur. Hər tərəfdə elə əmmamədir ki, görünür.

Əslən Urmi ruhanilər mənbəidir. Burada bir molla deyil, hər qism ruhani boldur, keşişə də bərəkət vermişdir.

Bu qədər çox olan mollalar hər yerdə olduğu kimi burada da müftə yeyib, müftə gəzən, müftəcə fəzl*[3] satanlardır. Amma haman ümumi bir laqeydlik sayəsində bir o qədər mütəkəbbir deyildirlər. Amma tənbəlliklərinə nə söz demişəm: Amerikadan, İngilisdən, Almaniyadan, Fransadan, Rusiyadan durub basa-basa gəlib idarələr aşıb, pullar sərf edib nəşri-din və maarif edən keşişlərdən bu ağalar bir ibrət almış, bu avam cəmaət üçün bir iş görmüşlərmidir?

Xeyr, bunları qoyunuz da möminləri kafir etsinlər, yoxsa kafirləri mömin etmək bunların işi deyil.

Zatən bunların dünya ilə işləri yoxdur. Mülkləri, kəndləri, rəiyyətləri, cahi-cəlalları olsa, bankda nəqdləri varsa da dünya üçün deyil, axirət üçündür.

Bu dünyada nə var ki, molla ona aludə olsun. Onun bunca ibraz etdiyi bətalət, ətalət hamısı axirət üçündür. Dünya adamı olsaydı, onda bəli, durardı, o da keşişlər kimi məktəb açdırar, xalqı savadlı etdirər idi.

Bir də Fransa keşişi, məsələn gəlir burada mürid düzəldir, onlara xərc ediyor. Onun üçün ki, parisdə daha bazarı tutmuyor, yanbuzuna vurub qovurlar, allaha şükür mollaya nə var ki.

Urmi nə qədər az fanatik olsa da mollanın ardınca başmaq tərpətməyə hələ çox adam var.

Fransa, Amerika, ingilis, rus və nemeslərin mütəəddid*[4] olaraq açdıqları məktəbləri, dəvaxanə*[5] və mərizxanələri müqabilində müsəlmanların bu inqilab vaxtında açılan bircə ədəd yetim məktəbləri vardır.

Gözəl bir məqsəd ilə açılmış bu yetim məktəbində altmışa qədər küçədə dilənçilik edən uşaqlar yığışıb təhsil edirlər.

Amma bunda da ancaq bir surət vardır. Üsuli-cədid tədris və təlimdən hələ çox uzaq olub, ancaq surəti bir məktəb halına qoyulmuş. Davam edəcək və tərəqqi tapacaq isə yaxşı, yoxsa dilənçilikləri əllərindən alınmış olan biçarəkan lap avara qalacaqlar.

Bura əyani-ərbabının isə cəmaət ilə işi yoxdur. Bunlar hələ bir əlaməti-vüqar və daraiyyət olaraq həyətlərindən daha çox az-az çıxar, cəmaət arasında gəzməz, bazardan keçməzlər. Tacir qismi haman bir dəstgəh ilə öyrənmiş olduğu ticarətini edər. Birə üç qiymət, çənə döymək, vaxtını sərf edib parasını toplayar. Cəmaət yadında deyil.

Zatən feodalizm halında olan İranda ümumi bir fikr və təşəbbüs dalına düşən adam və ya heyət az tapılar.

Hər kəs öz başının həşirində olub kimsə xəyal etmiyor ki, bunların ümumi bir mənafeləri dəxi vardır ki, o yaddan çıxarılırsa şəxsiyyətləri dəxi məhv olacaqdır.

Iştə bu fikr ümumiyyətin füqdanındadır ki, İran bir bu dərəcə əxlaqsızlaşmış və məmləkətini islaha bu dərəcəyədək istedadsızlıq büruz ediyor.

Bu bəla Urmini dəxi qaplamış, sarsıtmışdır. Baxınız, kürdlər bu ətrafa bir bəlayi-mübrəm olmuş. Vaxtı ilə dağ ləzgilərinin Şamaxı və Bakı vilayətləri başına gətirdiklərini indi kürdlər Urmi və salmas vilayətlərinə ediyorlar.

Bir bu qədər cəmaəti-müslimin bunların əlində aciz qalıb təhsili-əmniyyət üzrə osmanlıya dəxalət veriyorlar.

Amma bir ovuc məsabəsində olan ermənilər erməni kəndlərini mühafizə etmək üzrə fədai dəstələri hazırlamışlar ki, kürdlərin öhdəsindən çox yaxşı gəliyor, onların vəhşiyanə hücumlarını dəf ediyorlar.

İranın milləti- məhkuməsi böylə etdiyi bir halda milləti-hakiməsi olan müsəlman kəndləri tamamilə başlarını itirib əmanətlırini ancaq osmanlı baydağı altında girməkdə görüyorlar.

İştə bu ümumi bir fikri-vətənpərəstanənin yoxluğundandır.

Əgər bu fikr olsaydı onlar da edrmənilər kimi özlərini aciz və yalqız bilməz və difaə hazır olub, kürdlərə deyil ki, babasına da cavab verərdilər.

Yoxsa bugünkü kimi hər bir cüzi işdən ötrü İranın istiqlalına bir zərbeyi-mühlik olan bəst və dəxalət kimi məsələlərdən istifadə etməyə tələsməzdilər. Əvət, bəst məsələsi İranın istiqlalına bir zərbə vuruyor!

Necə!...

Öz vətənində, öz məmləkətində, öz şhəəri, öz yurdunda giriftari-zülm və əsarət olan İran cəmaəti qaçıyor da xaricə baydağı altında mütəhəssin olur, buna ülfət ediyorsa, təbiidir ki, vətəninə nisbət bildiyi məhəbbət azalır, zira vətəni onu təhlükəyə salar.

İştə vəhşi kürdlərin talanına qarşı nə hökümətdən, nə də millətdən himayə görmüyüb ya rus, ya osmanlı konsulxanalarının himayəsinə güvənən əhalidə əgər hissiyati-vətənpərvəranə nihayət dərəcədə zəif isə bir dərəcəyədək təbiidir.

Urmidəki müsəlman xanları əğləbən*[6] ruspərəstdirlər. Onlar çalışırlar ki, Təbrizdə olduğu kimi Urmi və Səlmasi tərəfində də külliyyətli qoşun keçsin. Böylə bir hissiyatın illəti haman rusların buralarda qazanmış olduqları məziyyəti iqtisadiyyədir.

Istiqraz bankının buradakı şöbəsi haman bu ərbabların bir çoxu ilə əlaqədar olduğundan təbii ki, onlar rustpərəstlik edcəklər.

Petros deyil, əsil yeni türk məsləkli bir kardan osmanlı şahbəndəri lazımdır ki, böylə nüfuza qarşı mübarizə edə bilsin də, bir çox məvadi-iqtisadiyyəyə isnad edən rus diplomatiyası ilə rəqabət edə bilsin.

Buradakı müsəlmanların qiyafəsi haman Təbriz qiyafəsidir. Libasları o tövr uzun, baş qırxıq, xətt nazik, ancaq simaları onlara nisbətən gözəldir.

Fəqət bu gözəl və salim simalar hifzüssihhə*[7] olmadığından bir çox naxoşluqlara giriftar oluyorlar. Naxoşluğa giriftar olan müsəlmanların azı olur ki, Amerika və ya Fransa misyonerxanasının köməyinə ricu ediyorlar. Əksər əhali isə haman bizim Qafqaz kəndlərində olan həkimbaşıların və falçıların cəngali-vəhşiyyanələrində qalıb tələf oluyorlar.

Böylə hakimbaşılardan biri Mirzə Səttar deyilən bir nəfər vardır ki, həqqül-qüdma bir qrand tutub 12 şahıya kimidir.

Kəndistan arasında şöhrəti olan bu adam 12 şahıya (leyn 12 qəpik) nə tövr azarlı adam olsa öylə sağaldır ki, elə bil anadan tazə doğulmuşdur.

Nə qədər böylə bir həkimi-loğman sirətlər*[8] sayəsində Urmi müsəlmanları “tazə anadan doöulsalar” da istemal etdikləri tiryək, həşiş və araq kimi adətlərdən rəngi-röyətlərini itirib “qəbrdən xortlamışları da” az deyildir, tamam bir kolleksiyon tapılar.

Asari-ədəbiyyatdan burada heç bir şey yoxdur. Assur dilində nəşr olunmaqda olan qəzetələrin yeri gələndə bəhs edərik. Müsəlmanca qəzetə oxuyanı axtaraq bəlkə tapaq!

Mümkün deyil. Burada bir neçə nəfər “Həblülmətin”*[9] müştərilərindən savayı bir nəfər ruznamə alıb oxuyan tapammazsınız. Qafqazda çıxan türk qəzetləri dəxi burada alınmıyor. Zatən burada türkcə oxumaq adət deyildir. Hamısı türk olsalar türkcə oxumazlar.

Azərbaycanın hamısı böylədir. Hələ öylə tiplər var ki, bu halı Qafqazda da təklif ediyor, xülyalarında bəsliyorlar ki, gərək bütün aləmi-islam fars dili öyrənsin, farsca oxusun.

Bir il bundan irəli burada “Fəryad” adında həftəlik bir qəzetə çıxarmış. Bədə Təbrizdə vaxtı ilə çıxmaqda olan 30-a qədər ruznamələrin cümləsində bu da ömrünü urmiyalıların maarif dostlarına qurban edib getmiş, bir neçə vaxt keçdiyi fəryadları haman səhralar arasında çəkilən fəryadlar qəbilindən olub səmərəsiz qalmışdır. Axırda tələf olmuşdur.

15 gün Urmiyada qaldığımda nə qədər soraq edib xəbər aldım ki, bir nəfər türk ruznaməsi alan tapım da gördüm ki, Qafqazda yainki Osmanlıda nə oluyor, övzai-aləm necədir? Mümkün olmadı.

Osmanlı şahbəndərinə ricu etdim ki, bəlkə İstanbul qəzetələri ola, o da mümkün olmadı.

İrana ki, insan düşdümü, bütün aləmi-mədəniyyətdən əli üzüldü deməkdir!... Fədai siniflərində olub cannisarlıq edənlər külliyyətən müsəlmandırlar.

Hal-hazırda şəhərin nizamını gözləmək üzrə 150 nəfərə kimi fədai vrenden tüfəngləri ilə müsəlləh olaraq şəhərdə gəziyorlar.

Bunlar Məşhədi Bağır namı ilə məşhur olan bir fədaibaşının təhti rəyasətindədirlər. Məşhədi Bağır şəhərin polisemeyester yerini dolandırır.

Məşhədi Bağırın salimünnəfs bir adam olduğuna bütün Urmi şəhadət verir. Tamam bir rüşvət və qarətgirlikdə ittiham olunan bir çox məşrutə fədailəri arasında bu adamın adı yaxşılıq ilə çəkilir. Bir nəfər urmiyəli rast gəlmədi ki, bundan şikayət etsin.

Hamısı yekdəhən olaraq “Məşhədi Bağır yaxşı adamdır, “nəcibdir” – deyə tərif edir.

Bu adam bir çox zaman Qafqazda, Bakıda olmuş, Rusiya hərəkatlarında bir dərəcəyədək iştirak etmiş, tərbiyeyi-siyasiyyəsini haman 1905-ci və 6-cı illərdəki Bakı hərəkatından almış.

Heyf ki, bu adamın savadı, elmi yoxdur, avamdır. Amma bu avamlıq məsaili-siyasiyyəni anlamaqda, özləri iqrar etdikləri kimi görünüyorsa, da istedadi xüdadadiləri sayəsində fədailər ilə elədiyi xoşrəftarlığı ilə kəsbi-ləyaqət ediyor.

Üləmayi-Urmiyənin bir heyəti məməədə ki, əncümən sədri cənab Ağa Şeyx Mirzə Məsihanın görüşünə gedəndə xidmətlərinə yetişdik və onlar ilə bəzi müsahibələrdə bulunduq.

İran ruhanilərinin bugünkü gündə vəzifələri cəmaətdə hissiyyatı vətənpərvəranə oyatmaq üzrə çalışmalarının lüzumunu və bundan ötrü də üsuli-cədid məktəbləri açması lazım gəldiyindən beynələhali böyük nüfuz sahibi olan mollalara bu xeyir işlərə iqdam etməklərini tövsiyə etdikdə hamısı bu tövsiyədən naşi təşəkkür ibraz edərək müvafiqət hasil etdilər. Ümid edirik ki, bu müvafiqət qövli olmayıb feliyyətə dəxi keçə idi!

Urmi, 15 iyun
M.Əmin
“Tərəqqi”, № 145, 1 iyul 1909

*[1] riyazət – çətinlik

*[2] meyyal – meyl edən

*[3] fəzl – dəyər

*[4] mütəəddid – çoxlu, saysız

*[5] dəva – dərman

*[6] əğləbən - əksəriyyətlə

*[7] hifzüssihhə - sağlamlığın qorunması

*[8] sirət – sərgüzəşt

*[9] “Həblülmətin” – 1892-1933-cü illərdə Hindistanda fars dilində çıxıb. – Ş.H.