Məqalələr

FƏHLƏYƏ DAİR

ADİ İŞ GÜNÜ

Bu məsələni hər bir sinif öz nöqteyi-nəzərindən tənqidə çəkib “adi iş günü”n öz mənfəətinə nəzərən özünə yarar vaxt ilə adətləndirməyə çalışır. Böyük bir sərmayədar iş sahibi fəhləni on bir, on iki saət işləməyə vadar etmək üçün cürbəcür hiylələr və tədbirlər ittixaz ediyor. Və böylə bir binagüzarlığın həqq doğru olmasını isbata çalışıyor. Fəhlələri bu qism işlədib də onlara bir həqqi-mənəmlik mənnəti dəxi qoymaq arzusunda bulunur. Fəhlə isə gündə səkkiz saət iş gününün müqərrər*[1] olmasını tələb ediyor.

Iştə biz fəhlənin bü tələb etdiyi iş günününəzərə alıb ətraflıca müzakirə edib nə əndazədə təbii, həqiqi və nəfili olmasını göstərəcəyiz. 1889-cu ildə Fransa öz inqilabi-kəbirasının yqz illik eydini saxlayırdı. Parisdə bu münasibətlə bir beynəlmiləl zəhmət nümayişgahı açılıb hər bir ölkənin asari-səniyyəsindən*[2] burada mövcud idi. Bu ildə Parisdə müxtəlif konfranslar yığıldı. O cümlədən beynəlmiləl ictimaiyyun fəhlə konfransı dəxi mütəşəkkil oldu. Bu məclisə iyirmi mədəni ölkələrdən dörd yüzə qədər füqərayi-kasibə nümayəndələri yığışıb beynəlmiləl fabrikə və zavod qanunlarından müzakirə  edib bir böylə qətnamə çıxartdılar: “1890-cı ilin mayının əvvəlində lazımdır ki, cəmi məmləkətlərin fəhlələri bir dürlü manifestasiya – şənliklər düzəldib hər bir yerdə tələb etsinlər ki, hökümət rəisləri iş gününün qədərini səkkiz saət qərar versinlər”.

Şənliyin də tərhü-siyaqi*[3] hər bir məmləkətə göndərilmişdir. Böylə bir təşəbbüs üçün də may ayının əvvəli qərar qoyulmasına səbəb o idi ki, bir il qabaq. 1999-sənədə Amerika fəhlələri S.-Luyn şəhərində bu günü səkkiz saatlıq iş günü nəfinə nümayiş bərpa etmişdilər.

Beynəlmiləl ictimaiyyun konfransının qətnaməsi böylə oldu. 1889-cu ildən isə həmin bu qətnamənin qövldən felə gəlməsindən cümlə aləm lərzəyə gəlib, hamı idarə edən siniflər vahimə və həyəcana düşdülər. Bu ildən başlayıb həmin bu qətnamənin qüvvəsinə milyonlarla fəhlələr hər il yığıncaqlar bərpa edib aclığa, həbsü təəddiyə baxmayıb da səkkiz saət iş günü tələb ediyorlar.

Səkkiz saatlıq iş günü cəmaət tələbi, cümlə dünyanın fəhlələrinin xahişi oldu. Cəmaət ixtiyarının qabağına isə heç bir qüvvə, heç bir şey dayanmaz. Bu səkkiz saatlıq iş gününü ki, beynəlmiləl bir mütalibə hökmünə girmişdir, biz müsəlmanlara çoxdan təbliğ və təklif olunmuşdur. Lakin hansı bir təbliğə, təklifə səmi-etibar, güşi-itaət vermişiz ki, bunu da nəzərdə tutub onunla nəfbərdar olaydıq. Şarei*[4]-dini-mübinimizdən yetişən əhadisi-mötəbərdən olub da günü (sutkanı) üç yerə təqsim etməliyiz ki, səkkiz saət işləyib, səkkiz saət istirahət edib: səkkiz saət də ibadət və mərifət yolunda çalışmalıyız.

Bəs böylə olduqda səkkiz saətlik iş günü beynəlmiləl hökmünə girməmişdən biz hökmi-ilahi və əmri-şare ilə bu binagüzarlığa mükəlləfmişiz.
Şəriətimizlə lazım görülən böylə binagüzarlığın təbiətcə, məişətcə nə nəfi olmasını gələcək dəfə bənd-bənd şərh edəriz, inşaallah.

***

Keçən dəfə beynəlmiləl ictimaiyyun konfransının qətnaməsini və qətnəmənin hökmü ilə fəhlələrin hər ildə may ayının əvvəlində etdikləri şənliyi yazmışdıq. İndi isə bu mayın əvvəlindən bir azca bəhs edib sonra “sıkkiz saat iş gününün” mənafeini saymağa başlayacağız.

Fövqdə məzkur qətnamədən sonra fəhlələr hər il mayın əvvəlini tətil edib nümayışlər bərpa edib bayraqlar üzərində “səkkiz saət iş günü” yazdılar. Beləliklə, bu gün fəhlə bayramı hökmünə girdi.

Indi baxalım fəhlələrin bu bayramı etməyə haqları varmı? Və bu bayramın fəhlələrə nəfi varmı?

Heç bir işə əlini vurmayıb özgələrin rəncindən nəfbərdar olanlar tamam ili bayram edilərsə, dünyanın küll mayəhtacuni*[5] hazırlayan, qeyri bir söz ilə dünyanı idare edən, lakin müdirlər təht təzyiqində qalan fəhlənin ildə bir gün bayram etməyə həqqi olmazmı? Böylə bir bayram edilirsə ədalətdən xaricdirmi?!. Bu bayram fəhlələri birləşdirmək üçün böyük bir vəsilə, böyük bir alətdir. Cümlə cahanın füqərayi-kasibəsinin bir gündə məqsud olunmuç hürriyyəti almaq üçün ürəyi döyünür... bu elə bəsdir..., bu özü ittihada müvəffəq olmaq üçün böyük bir vəsilədir.

Işdə gələlim “səkkiz saət iş günü”nə. 1890-cı ildən fəhlələrin bu hərəkətləri, bu xahiş və tələbləri davam etməkdədir. Lakin əvvəl nəzərdə bu təşəbbüsdə mövhumi bir şey xəyala gəliyor idi. Hər kəs səkkiz saat iş günündən danışıyor idisə axmaq, səfeh, əhli-xəyal hesab olunur idi.

Əslən bu tələb fəhlələrin olmayıb üləma, ürəfa, ətibba və mühərrirlərin fikri-aliləridir.

Ingilis əhli divanından alimi-məşhur Tomas Moris 1516-cı sənədə “Xəyal” nam kitabçasında iş gününü 6 saat qərar verib deyir: “aləmi-xəyalın əhalisi günü 24 saəta bölüb, maddi iş üçün 6 saat təxsis etmişlərdir ki, o da bu münval ilə təqsim olunur: “nahardan qaabq 3 saat, sonra nahar iki saat dinclik, bədə 3 saat iş. Bundan sonra şam”.

Bu minval ilə Moris öz aləmi mövhüməsi üçün 6 saat iş günü qərar vermişdi. Yüz il bundan sonra məşhur röhban*[6] Kampanell “Səltənəti-şəmsiyyə” namində bir əsər yazıb orada diyor idi ki, “Səltənəti-şəmsiyyənin əhalisi 4 saət işliyorlar”.

Fəhlələrin düşmənləri irad edib diyordular ki, səkkiz saat iş günü bir xəyaldır ki, onu müxtəreləri*[7] feliyyətə qoymadılar. Lakin qeyri bir taqım üləmalar da bu barədə yazmışlar. Məsələn cədid pedaqogika elminin banisi Kompenius öz “Pedaqogika xüsusunda təlim” nam kitabında iş gününü 3 yerə təqsim edib diyor ki: gərək səkkiz saat yuxuya, səkkiz saat xörək, istirahət, təhsil, mərifət; səkkiz saat da işləməyə münhəsir olsun.

Məşhür firəngi Qiyavanski böyük sərmayə cəm eləməkdən ötrü 8 saətlik iş gününü təklif ediyor. Prusiya karolunun dərbarında olan təbibi-şəhir Qofeldyan Kantın kitabının haşiyəsində diyor ki: “günün ən təbii təqsimi odur ki, 8 saət işləyib, 8 saət istirahət və kəsbi mərifət edib, 8 saət yatasan”.

8 saət iş günü tələbi indi yüz ildən ziyadədir ki, dünyada var, onu da ən əvvəl meydana çıxaranlar mədəniyyət asimanının ən işıqlı kokəbləri oldu.

Fəhlə sinfi bununla iftixar etməlidir ki, boylə zəvati-cəlilül-qədirlərin, böylə əcdadi-zəvil-ehtiramların ma-tərəkəni*[8] ələ salmaqdan*[9] ötrü çalışmaq rolu onlara qismət olubdur.

Səkkiz saət iş günü xəyal deyil, yəni bu fikr, indi əmələ gəlməyibdir. Xəyalat və mövhimat qəblindən də deyil. Bu qəsdin diriliyi məişəti, qanı, bədəni var və gündən-günə dəxi böyüyüb artmaqdadır. İngilis, Avstriya məmləkətlərində, Viktoriya, tazə və köhnə Vallis və cədid Zelanda da səkkiz saatlıq iş günü qanunu bir tərzdə mövcuddur.

Viktor ölkəsində 1856-cı sənədə əvvəl dəfə olaraq səkkiz saət iş günü mənfəətinə nümayiş bərpa etdilər. Bu gün milli bir eyd oldu.

Səkkiz saatlıq iş günü yalxu bir Avstraliyada deyil, Amerikanın bəzi ştatlarında dəxi mövcuddur. Bəzi yerlərdə xüsusən dövlət müəssisələrində iş günü səkkiz saat qərarındadır. Dövlət öz fəhlələrini 8 saat işləməyə vadar ediyor və özü bir şeyi sifariş etdikdə qəbul edənlərdən 8 saat iş görməni tələb eyliyor.

Heyfa ki, Avropada hələ qanunən “səkkiz saət” heç bir məmləkətdə yoxdur. Amma bura da səkkiz saatsız deyil. 1840-cı sənədə Şeffild polad fabrikalarının fəhlələri həftədə 48 saat işliyordular. Bu axır ki, 12 ilin ərzində rüb-milyon*[10] ingilis fəhlələri səkkiz saat iş gününə müvəffəq olmuşlar. Qeyriləri isə 9 saət, ya 9 saət yarım işliyorlar. 8 saət iş günü 1894-cü sənədə vəzarəti cəngdə, 1895-ci sənədə posta müəssisələrində , 1901-ci sənədə isə aşağa palata tərəfindən mədən işlərində qərar qoyuldu.

Fransa ictimaiyyun ticarət vəziri 1901-ci sənədə cümlə posta və teleqraf işlərində ücrəti əskiltməmək şərtilə 8 saət iş günü təyin elədi. 8 saat iş gününü qanun ilə təsdiq olmaqdan başqa, dövlət müəssisələrində olmasından başqa Avstraliyanın və Amerikanın bir çox şəhər sənaye və ticarətxanələrində dəxi görüyoruz. İngilis şəhərlərində və bəzi firəng vilayətlərində, Hollandada, Şvetsariyada və qeyri yerlərdə həm 8 saət iş gününü göstərmək olar.

Hətta Rusiyada bəzi rəhmdil və insaniyyətpərvər fabrikantlar tərəfindən 8 saət iş günü icra edilibdir. Bizim Badkubədə də 8 saat iş gününü göstərmək mümkündür. Görmək istəyənlər mətbəələrə baxsınlar.*[11]

97-ci nömrəmizdə 8 saət iş gününün xəyalət qəbilində olmaması qarelərə aşkar oldu. Bəs indi fəhlələr bu tələbi edəndə tazə bir şey istəməyib, bəlkə elə bu yolda edilən səy və təlaşların, tökülən qanların, qurban olan canların xitamını, intəhasını istəyirlər. Bəzi amirlər, müəllimlər, ruhanilər gündə 8 saət işləyirlər. Bundan əlavə həftədə neçə gündə tətilləri var. Məvacibləri isə fəhlələrdən neçə qat daha artıqdır.

Hər gah 8 saət iş günü bu cənablar üçün nizam və qanun üzrə caiz görülürsə, niyə fəhlələrə yaramasın ki, onların işləri, onlardan daha ağır, daha səbidir*[12].

Heç bir qanun, heç bir şəriət, heç bir kitab, heç bir əql, heç bir elm, ictimaiyyət və ərvahi fəhlələrin müəllimlərdən, ruhanilərdən və amirlərdən ixtiyarları az olmasına işarə belə eləməyib və eləməz.

Bunların cümləsini nəzərə alıb da fəhlə sinfi hər gün çəkdiyi zəhmət vasitəsilə məcburən öz ömrünün qəsdində duran fəhlələrdən ötrü həmin 8 saət iş gününü tələb ediyor.

Fəhlələr ilə bərabər biz də həmin ədaləti, həqqaniyyəti tələb ediyoruz. Çünki, ancaq ədalət vasitəsilə cəmaətin, həqqaniyyəti qədri ucalar, balalara*[13] çıxar.

İndiyə kimi yazdığımızda 8 saət iş gününün müxtəsərcə tarixini, bədən ona irad tutan ədulərin*[14] raddi-iştibahını*[15] bəyan etdik və 8 saət iş gününün xəyali və mövhumi olmamasını dəxi bildirdik. İndi isə aləmi-məişətdə 8 saət iş gününün nə mənafei var isə tizkar*[16] edəcəyiz.

8 saətlik iş günü məhsulatın azalması və onunla da məən*[17] kasadlığın xəfiflənməsi üçün tləəb edilir.

Insanın zəhməti dürlü-dürlü, qism-qism maşınlar, makinalar çıxandan sonra nəhayət dərəcədə məhsuldar oldu. Bir nəfər toxucu vasitəsilə adi toxucudan 800-1000 dəfə çox və əla parçalar toxumağa başladı və qeyri işlərdə də həmçinin. Bu minval ilə çoxlu məhsulat hüsula gəlib, mağazalar dolub daşır. Və əsil işdə isə hərdən bir ümumi kasadlıq biruz ediyor.cəmaət isə bu kasadlıq, bu bazar sınıqlığından mütəzərrir olur, iflaslar başlanır.

Orta sinifdən minlərlə insanlar öz istitaətlərini*[18] itirib, füqərayi-kasibə cümləsinə, müflislər dərəcəsinə düşüyorlar. Yüzlərcə fabrikalar işdən qalıb məhsulat şiddət ilə hasarlanır. Minlərlə fəhlələr küçəyə tullanıb içsiz qalıb, o cəhətdən dilənçiliyə və bəzi günah işlərə məcbur oluyorlar.

Ancaq iş gününü əskiltmək üsulu ilə bu bəlanı yüngülləşdirmək mümkündür. İş vaxtını ködəltmək üçün qanunlar vasitəailə bir qədəm götürülmüşdür. Lakin buna kifayət etməyib, 8 saət iş gününə müvəffəq olmalıdır.

8 saət iş gününü biz həmin məhsulatın tərvic və təkamülünü ki, gahi nəhayət sürətlə tərəqqi edib, bəzən də qayət sərih*[19] tənəzzül ediyor. Mövzunlaşdırmaq*[20], bir qaidəyə salmaq üçün tələb ediyoruz: 8 saət iş günü sərmayə dövrünün təblərzini*[21] sağaltmaq üçün xinin yerindədir. Nə qədər ki, 8 saət iş günü yoxdur, fəhlələr üçün də bir mövzun güzəran, bir mənzum məişət olmayacaqıdr.

8 saət iş gününün işsizlik, həqqi-zəhmət (muzd) və əmək ilə dəxi bərk əlaqəsi vardır. 8 saət iş günü işsizliyin əskiltmək və cəmaətin iqtidari-maaddiyəsini artırmaq üçün tələb edilir.

Çoxlu maşınların işə qoyulması böyük bir işsizliyi icab ediyor. Həmişə minlərcə fəhlələr işsiz əyləşib işləyənlərin həqqi-zəhmətlərinə bir dayantılıq, bir kasadlıq yetirirlər. İstər işsizlər, istər ucuz qiymətə işləyən fəhlələr, necə ki, məlumdur, lazım gələn iqtidari-madiyyəyə dara olmayacaqlar. Bizim öz əhalimiz hasil etdiyi mətadan çox azını işlətməyə qadir olacaqdır və bunun üçün də burada hasil olan mətaın İrana, Əfqana, Hindistana və qeyri xaricə məmləkətlərinə yeritməsi lazım gələcəkdir. İş müddəti az olur isə bekarçılıq da azalar. Çünki o zamanda əvvəlki məhsulatı almaq üçün çox adam olmaq lüzumu icab edər.

Buna nəticə olaraq müştərilərin hesabı çoxlaşıb və onların qüvveyi-iştirakiyyələri də dayanacaqdır. Belə olan surətdə də əmələ gələn məhsulatın bir çoxu öz vətənində işə gedib qeyri az hissəsini xarici məmləkətlərə daşımaq lazım gəliyor. Bu məsələ cümlə məhsulata və xüsusən kənd ziraətinə aiddir. Bu münval ilə satıcı olubda fabrikaçılar və kand mülkədarları dəxi 8 saət iş gününün qərar qoyulmasından nəfbərdardırlar.

Bekar qalanların hesabı azaldığı üçün işmuzdu bahalaşmağa başlayır. Bundan naşi həqqi-zəhmət çoxlaşıyor.

Fəhlələrin çoxu, müsəlman fəhlələrinin sanki hamısı “çox işlərsən çox da yeyərsən, az işlərsən az da yeyərsən” əhvalının dürüst və həqq olmasına inanıyorlar. Lakin iş həqiqətdə bərəksdir. Az işləyən çox yeyib, çox işləyən az yeməkdədir.

Iştə elm və təcrübə də bunu təsdiq ediyor. Cümlə o yerlərdə ki, iş vaxtı qısadır, (muzd) həqqi-əməkdə çoxdur; iş vaxtı uzun olan yerlərdə isə iş muzdu azdır.

Avstraliyanın fəhlələri özlərinin müqənnənə səkkiz saət iş günləri sayəsində nəhayət dərəcədə həqqi-əməyə malikdirlər və bunun üçün də London doklarında işləyən tətil etmiş fəhlələrə az bir müddətdə 200 000 marka cəm edə bildilər.

Muzdun çoxalması cümlə cəmaətin səadətidir: belə ki, fabrikaçılar dəxi zərər çəkmiyorlar, çünki hər bir fəhlə, fəhlə olduğu halda məta müştərisidir. Necə ki, hər fabrikaçı fabrikant olduğu zaman məta bayeidir. Fəqət xəffaş*[22] xislət və nəzdik bin*[23] olan xudpərəstlər həqqi-zəhmətin çoxalmasını iqtisadi-ictimaiyyə üçün mühlik*[24] bir bəla görürlər.

Gündə 8 saət işləyən və lazım qədər də məvacib alan fəhlə çox işləyib, az məvacib alan fəhlədən bir çox məhsulat hüsula verər. Çünki yaxşı bəstlənmiş və vaxtlı-vaxtında rahətlik etmiş fəhlə 8 saət işlədikdə həvəs və huş ilə işlədiyi üçün işi əldən həm tez, həm də əla vəchilə çıxardar. Lazım qədər dincəlməz, kifayət qədəri əkl*[25] etməz isə 11-12 saəti yəqindir ki, kəsalət ilə işləyib, əlindən çıxan məhsulatın da bir dəyərsiz və alçaq şeylər olmasında şübhə olamaz.

Ailə içində güzəranı düz bir yola salıb məişəti rahatlandırmaqdan ötrü və ailənin tərəqqi və təkamülü üçün yəni bədənən və ruhən, mənən və maddən irəli getmək üçün 8 saət iş gününün müqərrər olunması tələb edilir.

Ictimaiyyun-ammiyunları ailəni dağıtmaq fikrilə ittiham ediyorlar. Lakin bu töhmətin bica və biəsil olmasını həmin hal-hazırda mövcud sərmayə dövründə tələf olmuş, pərakəndə düşmüş ailə göstəriyor.

Ondaki, bu qədər fabrika və zavodlar, ticarət və sənaətin bugünkü tərəqqi təalisi yox idi, işlərin əvvəli idi. Ailə tamam kamal mövcud olub, məişəti-beytiyyədə (ev güzəranı) gözəl bir tərzində dolanıyordu. Sənayenin tərəqqisi olduqca, xırda, lakin müstəqil sənətkarlar yox olub, fabrikalar, zavodlar artdıqca, ailə pərakəndələnib məişəti-beytiyyə də tənəzzül etdi.

Indi görürsən: ana bir yerdə, ata qeyri bir zavodda, oğul digər bir fabrikada işləyir. Ya xeyr, xoşbaxtlıqdan ata yuxarı mərtəbədə, oğul aşağı mərtəbədə, arvad yan otaqda işləyirlər. Çox da olur ki, ailənin hər fərdi, hərəsi bir zavodda, fabrikada işləyir ki, günlər ilə də bir-birini görmək mümkün olmuyor və bu minval ilə ailə pərakəndə düşür, yox olur.

Bu dağılmış və əfradi bir-birindən ayrı düşmüş ailəni fəqət səkkiz saət iş günü bir yerə toplayıb, həmin ailəyə intizam verə bilər.

Əcirə olub işləyən arvadlar üçün 8 saət iş günü ən xeyirxahanə bir binagüzarlıqdır. Əcirə (işləyən arvad) fabrikada işlədiyindən başqa ki, on, on bir saət işləməyə məcburdur, evdə də bir 3 ya 4 saət işləyəcəkdir. Ona lazımdır ki, xörək bişirsin, uşaqların palını-paltarını yamasın, evin nizamına, nəzakət və təmizliyinə göz yetirsin. Bunların hamısı işdir, vaxt istiyor. Vaxtın az olduğundan, bu ev işi ya yerli-dibli görülmüyor, yaxud görülürsə də, mükəmməl olmuyub, naqis olur. Və bundan da yenə məişəti-beytiyyə bərk zərərdidə oluyor.

Indi ailəni bu fəlakətdən qurtarıb, məişəti-beytiyyə səadətinə yetirmək istəyən bir vücud var isə, o ən əvvəl gərək 8 saət iş gününü tələb etsin. Bunu da ən əvvəl ünas taifəsi üçün tələb edib almalıdır.

Zəmani ki, 8 saət iş günü qərar verildi, ailənin hər fərdi gündə 2 saət rahat qalıb, əfradi ailənin tərbiyyəsinə bədənən və mənən tərəqqisinə səy edir. Atanın və ananın uşaqlarının dalınca müvazib olub, tərbiyətlərinə layiqincə məşğul olmağa vaxtları olar. Bu minval ilə ailə tərəqqi edib, insaniyyətə böyük bir nəfi gəlmiş olur.

Ey uşaqların və ailənin xeyrini istəyənlər, kömək ediniz ki, 8 saət iş günü bacarıldıqca tez alınsın.

Bundan ananı-balasına yetirmək, atanın külfətə məhəbbətin artırmaq, insanın nəfinə çalışmaqdan yaxşı iş olamaz. Ey insaniyyətpərvər əhli həmiyyətlər, cümlə cihad edib əlləşin, fəhlə sinfi və əfkarı xeyriyyə sahibləri ilə bərabər 8 saət iş gününü tələb ediniz. Qələb edib də bu yol ilə yaxşı tərbiyənin, yaxşı nəslin zühuruna müvəffəq olunuz.

Iştə, 8 saət iş günün ailəyə və ondan naşi insaniyyətə nəfi bu. Lakin bu nə əvvəlinci idi, nə də axırıncıdır. Məlum olduğu üzrə keçmişdə qeyri mənafeindən danışdıq. Indi də bir neçə mənafeinin dəxi təzəkkür edəcəyiz.

Səkkiz saət iş günün mərifəti-ülumə və əxlaqə böyük bir təsiri vardır.

Cəmaətin ziyalı olması, yəni elm ilə, bilik nuru ilə ziyalanması, onun azad olması, hürriyyətdir. Cəhalət, nadanlıq isə əbdlikdir. Bilik – bir qüvveyi-fövqəladə olub, heç bir vaxt məğlub olamaz. Bu əsaslar cəmaətin mərifətli və tərbiyəli olmasının qədr-qiymətini, dərəceyi-əladə bəyan edib bildiriyor.

Pəs niyə bizim indiki, dövrümüzdə ki, mədəniyyət və mərifətin böyük tərəqqisinə şamildir cəmaətin təlimi, mərifəti bu dərəcədə xəfif və zəifdir? Bu sualın cavabını cəmaətin əbd*[26] dərəcəsində işlədiyi zəhmətdən təhəmmül olmayan 11-12 saət uzunluğunda işlədiyi işi günündən almaq olur.

Cəmaət öylə bir məşəqqət ilə işləyir, təhsili-elm və mədəniyyətə nə vaxtı, nə maddəsi və nə təvanası qalır. Vaxt olur isə həm qüvvə, həm də istitaət olacaqdır.

Bizim böyük üdəba, şüəra, ürəfa və müərrixlərin*[27] asarını kim, oxuyur, kim onlardan bəhrəyab olur? Hər halda onlardan nəfbərdar olan cəmaət deyil. Sənət və mədəniyyətin ixtiraatı-fövqəlaəsindən kim ləzzətyab olur? Cəmaətdən başqalar. ədəbiyyatın bisəmərəliyi bu cəhətdən naşıdır. Bizlərdə ədəbiyyat yoxdur demək olmaz. Var, lakin cümləsinin vaxtı ötmüş, Nuh əyyamınadn qalmış, kif atmış ədəbiyyatdır. Qapı layları boyunda, vərəqləri çürüyüb bir-birinə qarışmış övraqdır*[28]. Bu ədəbiyyatımızın çox qismi. Bir qism də ədəbiyyatımız vardır ki, bunlara görə olar bir dərəcə nafedirlər. Lakin bunlara da cəmaət ədəbiyyatı demək, onları ümumi adlandırmaq hənuz caiz deyildir. Zikr etdiyimiz ədəbiyyatın axırıncı qismi ki, ədəbiyyati-cədid təbir olunur, fəqət rahət yeyib-gəzən, cibləri dolulara həzz verən kitablar, vərəqələrdir. Onlarda füqərayi-kasibənin könlünü açacaq, onların dərdinə çarə edəcək bir yol göstərilməmişdir. Lihaza*[29] bizim aramızda cihad edən fəhlə sinfinin ədəbiyyatı yoxdur. (Bu sözü qeyrilər də diyor... vay bizə). Əldə mövcud olan ədəbiyyatdan da nəf bərdar olmaq üçün fəhlə sinfinin, füqərayi-kasibənin, cəmaətin azad vaxtı yoxdur. Sahibkar arxasını məxmər yasdığa söykəyib kamali-şövq və həvəs ilə “gözəl” romanlar oxuduğu zaman fəhlə qan-tər içində işləməyə məcburdur. Axşamlar xəvaslar “gözəl” damalar ilə qol-qola keçirib, bağlarda, parklarda, bulvarlarda və meydançalarda gəzən halda yazıq fəhlələr on iki saət işlədikdən sonra bilkülliyyə gücündən düşüb, bulana-bulana evinə sürünüb uşaqların çıqvıxı arasında kıhnə döşənəcək üstündə ağır yuxu vurmağa məcburdur. Səhər tezdən isə durub yenə işə tələsməlidir. Bəs yazıq havaxt dincələcək ki, bekar vaxtını bir az da qiraət etməyə sərf etsin.

Əbamə, cəmaətə azad vaxt verilər isə o da öz məişətini yaxşılaşdırıb, öz arasından ədiblər çıxarmağa müstəid olar. Bu yol ilə öz ədəbiyyatını təzyin edib, tərəqiyyata nail edər, onun da ədəbiyyatı olub, mənafeini bildirən kitabçalar, qəzetlər, jurnallar zühur edər.

Səkkiz saət iş gününün cəmaətin səhhətinə də böyük bir mədfəti vəsiləşmək*[30] üçün istiyoruz. Biləxirə cəmaətin əxlaqını təhzib etmək (paklatmaq) üçün 8 saət iş günü tələb edilir.

Insanın azad vaxtı olur isə, ibareyi-digərlə, insan hürr olur isə, əxlaqi yaxşı olur, vaxtsız, əsir olur isə bədəxlaq olur.

Insanın zadlığı da onun öz ixtiyarında olmağından naşıdır. Qədim əyyamda insanların yaxşılarından hesab olunanları özlərini dağların mağarasına çəkib hər bir şeydən tərki-əlaqə edib, ancaq özlərinə məşğul oluyorlardı.

Biz isə böylə təcridin, cəmaətdən ayrılmanın tərəfdarı deyiliz və xatirəmizdə də bir böylə arzu yoxdur. Biz ancaq cümə günlərindən başqa da hər gündə bir neçə saət özümüzə məşğul olmağı arzu ediyoruz ki, onunla ğxlaqımızı düzəldək, paklaşdıraq. Və bu qəsdimizin icrası üçün 8 saət iş gününü tələb ediyoruz.

Səkkiz saət iş gününün cəmaətin səhətinə də böyük bir mədxəliyyəti vardır. Əbdik dövrünü mədəniyyət uçurub, köhnə əbdliyi yeni kirayə olunmuş qullarla əvəz elədi, bu qulluq bir cəhətə qabaqkı əbdlikdən də bədtər oldu. əbd tamam-kamal ağasına məxsus halda, ağa onun səhhətinə qiymət qoyurdu. Çünki əbd heyvan misalı ağanın malı idi. Öküzün, atın və qeyri-heyvanların qayğısına qalınan kimi əbdin də fikrini düşünürdü. Amma fabrikaçı-zavodçu isə hərgiz öz fəhləsinin səhhətini gözləmiyor və gözləməyə də bir əsası yoxdur. Çünki bu gün bir fəhlə işlər, yorular, bir dəxi işə yaramaz isə, qeyrisini kirayə edər. Aləmdə fəhlə azmıdır?! O qədər iş axtaranlar, çörəyə möhtac olanlar var ki, həddi-hesabı yoxdur...

Bəs betəhqiq*[31] fabrikaçı cəmaətin səhhəti-bədəniyyəsinə hərgiz vəq və əhəmiyyət vermiyor. Lakin müttəhid bir dövlət cəmaətin səhhəti-bədəniyyəsinə böyük əhəmiyyət veriyor. Zira ki, cəmaətin külli fərdinin səhhəti və səlamətliyi onun mənfəətidir. Amma hər bir fərdin mərəzi onun zərəridir. Bəzi vaxt müsri*[32] azara giriftar olan bir nəfərdən cəmaətin çox hissəsi zərərdidə oluyor.

(mabədi var)

M.Ə.R-zadə
“İrşad”, №№ 95. 97. 103. 122. 133;
21 və 24 aprel; 3 və 25 may; 7 iyun 1906

*[1] müqərrər – qərara alınma

*[2] asari-səniyyə - məlumat

*[3] tərhü-siyaq - gediş

*[4] şare – qanun və nizam qoyan

*[5] mayəhtac – gərəkli şeylər

*[6] röhban - rahib

*[7] müxtəre – ixtira edən

*[8] ma-tərəkəni – qoyub getdiklərini

*[9] ələ salmaq – burada ələ gətirmək mənasındadır

*[10] rüb-milyon – milyonun dörddə biri

*[11] Qeyd: Bu məqalədən ötrü rus dilində yazılmış risalədən bir çox məlumat alınmışdır. R-zadə.

*[12] səb – çətin

*[13] bala – uca, yüksək

*[14] ədu – düşmən

*[15] iştibah – səhv

*[16] tizkar – yada salma

*[17] məən – bərabər

*[18] istitaət – bacarıq, iqtidar

*[19] sərih - açıq

*[20] mövzun – ritmli, ahəngli

*[21] təb – qızdırma, isitmə

*[22] xəffaş - yarasa

*[23]  nəzdik bin – yaxını görənlər

*[24] mühlik – həlak edən

*[25] əkl – yemək

*[26] əbd – bəndə, qul

*[27] müərrix - tarixçi

*[28] övraq – tamamilə sökülüb dağılmış, korlanmış

*[29] lihaza – buna görə

*[30] vəsiləşmək – genişlənmək

*[31] betəhqiq – həqiqətdə

*[32] müsri - yoluxucu