Məqalələr

YOL TƏƏSSÜRATI

(xüsusi müxabirimizdən)

URMİYƏ

Urmiyə dəryasının Urmi tərəfi Gülməxanə kəndi – Urminin hal və övzaindən bir nümunə!..

Burası kiçik bir kənddir. Nə mollası var, nə kəndxudası. Hər bir cəhətdən qonçudakı böyük kəndə tabedir.

Müşti-nümuneyi-xərvari*[1] qəbilindən olaraq Gülməxanədən aldığımız zövqü, orada gördüyümüz hüsnü-qəbulu, mehmannavazlığı, əhalinin sadədil, safdərun*[2] olması ilə bərabər; bir dərəcəyədək arif olduğunu görüncə, insanın ürəyi şad oluyor. Bu mütəşəkklikdə nə qədər dilgüşa, ruhpərvər isə xərvar məsabəsində*[3] olan Urmi daha zövqəfsa olacağından insanın ürəyi haman o tərəfə pərvaz ediyor. Dəryanın o tərəfində, dəryanın üzündə İmamqulu Mirzənin paraxod adı verdiyi qan çanağında insan nə qədər əzilib, ürəyi nə qədər qısılırsa da, Gülməxanədə bir gecə qalmaq hamısını yaddan çıxarır.

Kokanda məktəb var idi, yəni bir molla var idi ki, uşaqlara dərs deyirdi. Amma mizbanımız oğlanların oxutmamış və oxutmuyordu. Işə göndərir idi. Gülməxanədə molla yoxsa da qonaqçımız Muradın 3 oğlanlarının 3-ü də əhlisavaddırlar. “Gülüstan”, Hafizdən şeirlər oxuyub, risalədən oxumuşlar.

Bunlar şəhərdə molla yanında oxumuşlar.

Gülməxanədə görərək gəldiyimiz bu qədər qaramlıq səhifələr arasında bir saf rəngli güldür. Bura insanın ürəyini açıyor, güldürür. Adının Gülməxanə olduğu nahaq deyilmiş!..

Gün çıxmış, Gülməxanəni işıqlandırmış, cavan yolçum Rəmz bizi tələsdirirlər, “istiyə düşərsiniz” – deyirlər.

Havada gecənin sərinliyindən bir əsər var ikən getməyimizi məsləhət görüyorlar. Bizim halımıza qaldıqlarında öz mənfəətlərini gözləmələrin də safdərunanə olaraq gizlətmiyorlar. Onlar çalışırlar ki, tezliklə qayıtsınlar, gəmi adam gətirmiş olur isə kirayə aparsınlar. Yola çıxırıq. Bütün külfət bizi yola salıyor. Hərəsi bir dil ilə nəvaziş ediyor. Ev kişisi Murad təvəqqe edir ki, qayıdanbaş dəxi onlara qonaq olaq. Vədə veririk, vidalaşırıq. Kəndi çıxdıqca haman “yaxşı yol” – deyə bizi ötürürlər, hörmət ediyorlar. Kəndi çıxırıq, təpeyi aşırıq, artıq dərya görünmüyor. ətraf bütün bağdır. Göyərir. Yolçularımız bizi təfrih üçün xahişimizi əmələ gətirmək üzrə milli mahnılar oxyuurlar. Bu mahnılarda nə qədər sadəlik, nə qədər hissiyati-təbii vardır. Mahnılardan birisini kəndçinin hal-hazıra nisbətən tutduğu nöqteyi-nəzəri saf dərunanəsini mütərcəm olduğu cəhətdən şayani-qeyd olduğundan burada zikr ediyoruz.

Mahnı cavan bir kəndli dilindən öz sevgilisinə xitabən deyilir:

Abı, yaşılı geyinər,
Zəbuni*[4] yerdən sürünər.
Yel vurar məmən görünər,
Yandım yanasan, ay qız!
Xırda qalasan, ay qız!
Apararlar xan yanına
Məni danasan, ay qız!
Qənd olasan, şəkər olasan
Cibə dolasan, ay qız!
Xırda qalasan, ay qız!
Apararlar əncümənə
Məni danasan ay qız!

İştə avamcasına deyilən bu şeirlərdəki, mütəəssir sözlər kəndistan həyatına bir şölə salıyor da, onu bütün həqayiqi ilə aşikar ediyor.

Oğlan bir qızı sevir, onu alıb qaçıyor, çünki qızın ürəkdən istədiyinə baxmayaraq, ata-anası özlərinə məxsus mülahizələrinə görə vermək istəmiyorlar.

Xan yanına aparıb, onu qandırmaq istiyorlar.

Inqilab başlıyor, xanlıq işinə gediyor, əncümən qurulur, amma eşq-məhəbbət işi haman köhnəliyində qalır. Bu dəfə də qızı sevgilisini danmaq üçün əncümənə aparıyorlar.

Sadə aşiqin ürəyini dağlayıb sünuhati-şairanəsini*[5] oyadırlar. Fövqdə ki, mahnıları oxutdururlar. Öylə ki, onun bu dərdi, o, ağlayıb-oxşaması milli oluyor.

Yolçular ağzına düşüyor da, dağlara səs salıyor, bağları ağladıyor, müsafirləri düşündürüyor.

Yolçularımız çox mehribandırlar, öz bildiklərini zühura verməkdə bir zərrə də müzaiqə etmiyorlar, oxuyurlar.

Lakin avamcasına mənalı olan mahnıları eşitdirən, bu sadə olan millət, verdikləri zövq əvəzində mükafat alaraq qeyri yerlərdə olduğu kimi cib deyil, haman könülə baxıyorlar.

Təvəqqe ediyorlar ki, mən də oxuyum. Bunlar israr ediyorlar, “sizin yerin oxumağını eşitmək istərik. Müzaiqə buyurmayınız, - deyirlər.böylə bir sadədil rəfiqlərin ürəklərini sındırmaq şiymeyi*[6]-insaf deyil. Oxumaq bilməsəm də haman yolçularımızın xatirini sındırmamaq üzrə “Leyli Məcnun”un “söylə bir görək, ey ərəb”indən istifadə ediyoram.

Yolçularımızın şadlığı, razılığı həddindən artıqdır. Yolun əyriliyini yolçularımızın düzlüyü yaddan çıxarır. Gediyoruz. Özümüzü bu anda məsud biliriz. Yolçularımız yoldan kənar olan hündür bir təpəni nişan veriyorlar.

- Bax, bu şiş dağıgörüyorsunuzmu, buradan bizim başımıza nə bəlalar yağıyor idi. Kürdlər gəlib burada səngər ediyor, gecələr tökülüb, bu ara kəndləri bütün çaparlar idi. Haman bu yolun lap burasında bizim kəndimizdən bir nəfərini öldürmüşdülər. Fəqir məzlumun birisi idi. Yazıq!..

Bəs kürdlərdən sizi mühafizə edən yoxdurmu?

- Ey, harada qaldı!.. Bizim işimiz bir allaha qalıb, onun da səbrinə qurban olum!..

Doğrudan da bu biçarə kəndçiləri əqvami-vəhşiyyədən olan dağ kürdlərinin taıanından kimsə saxlamamışdır. Xüsusən bu axır ki, məşrutə sənələrində. Bir vaxt məhəlliirticayunlar məşrutəni nəzərdən saldırmaq üzrə yollayıb, bir vaxtda Sultan Həmid idarəsi sərhəd məsələsini həll etmək üzrə kürdləri İran sərhəddinə qısqırdıb ki, oradakı kəndlər osmanlı himayətinə və dəxalətinə gəlməyə məcbur olsunlar. Məşrutəçilər də daima bunlar ilə müdafiədə bulunduqlarından, fürsət olduqca əllərinə düşəni qarət etməyə bunları icbar etmişlərdir.

Böylə bir dolama-dolaşıq siyasətdən istifadə edib, öz qulduqluğuna meydanı açılmış görən vəhşi dağ əhalisi kürdlər, bu iki, üç ilin ərzində olmazın qarətlər etmişlərdir. Böylə bir ziyadə təsir görən kəndistan əhalisi isə, məşrutənin şuluqdan ibarət olduğuna inandırılmışlardır.

Bizim sadədil, safdərun gülməxanəçilərimiz dəxi bu təsirdən qurtarmamışlar.

- Əgər sizin bu gözəl və hasildar yerlərinizdə qaidə olaydı, qanun olaydı; bu yerlərin sahibi olaydı, yəni qoyaydılar ki, məşrutə düzələydi, o vaxt siz nə qədər məsud olur, nə qədər xoşbəxt keçiniyordunuz, bilirmisiniz?..
- Ah, məşrutə də bir çey deyildir, şuluqluqdur. Əgər şuluqluq olmasaydı, əlbəttə məşrutə yaxşıdır, amma qoymuyorlar.

Əvət məşrutə yaxşıdır, amma qoymuyorlar!..

Bu sözlərdə, sadədilanə rədd edilən bu sözlərdə nə qədər həqiqət, nə qədər məna var!..

- Kimdir qoymayan?
- Allah bilir!..

İştə İran məşrutəçilərinə lazım idi və lazımdır ki, kəndçilərin, əhalinin mübaliğısiz və təşviqsiz almış olduqları bu dərəcədə məlumatlarını artırsınlar.

Öylə etsinlər ki, yazıq kəndçi – “məşrutəni kim qoymuyor?” – sualının cavabını allahın öhdəsinə atmayıb da özü bilsin.

Böylə olur isə, o vaxt kəsbi-hürriyyət bugünkü bir hali-fəlakətə düşməz və əcnəbi qoşunları dəxi məmləkət daxilində şeypur çalıb, nəğmə oxuyub nümayiş etməz və məmləkətin istiqlali təhlükəyə düşməz idi.

Ey dad adamsızlıq…

Gediyoruq, gün var, fəgət biz görmüyoruq, yolumuzun bu yan, o yanında baş qalxızmış olan zümrüd olan zümrüd rəngli ağaclar asimanə çəkilmiş kölgə salmış, bir hümməti-laqeydanə ilə ətrafına əhəmiyyət verməyib, etilapərəstanə*[7] bir  hal ilə həmişə yuxarı çəkilməkdə olan qovaqlar sərbaz səfləri kimi düzülmüşlər də təravətli yapraqların simin*[8] şüaları ilə günəşin oxlarını rədd ediyorlar, yolu sərin saxlıyorlar, gözəl bir xiyabandır gediyoruz. Təbiətdən həzləniriz. Ağacların xışıltısı, onları tərənnümə gətirib təravət verən kötüklərində axan suyun şaqqıltısı, yolçularımızın zümzüməsi yoldan kənar eşidilməkdə olan cüllütlərin mahnıları tam bir musiqi dəstgahıdır!...

İştə bu xiyaban Urmiyə gediyor...

Bir az sonra şəhərə daxil olacaq!..

Yolda rast gələn ğulamlar, şəhərin övzaindən xəbər veriyorlar.

Müxtəlif libaslı adamlar rast gəliyor da Urminin beynəlmiləl bir şəhər olduğuna dəlalət ediyor.

Böyük çalmalı, gen şalvarı, ənni qurşaqlı kürd gəliyor. Belindəki xəncərini rahlıyor. Gözlərindəki iti baxışı ilə bir çox mənalar ifdə etdirir.

Xəyal edirsən ki, böylə diyor:

- Ax, nolaydı, xəlvətdə əlimə düşəydin!...

Bir dəstə ərəb dilinə bənzər bir ləhcə ilə danışan müxtəlif qiyafəli insanlar keçiyor. Bunlar yolun hər tərəfinə baxıyor, yolçunun hamısına diqqət ediyorlar. Bunlar qiyafeyi-milliyyələrini itirmiş olan yasorlardır. Bunlardan kimisi iranlı qiyafəsində olub keçə papaqlı, kimisi Avropa libasında olub həsir şlyapalı, kimisi Qafqaz paltarı geyib baş furaşkalı, kimisi kerd libasında qırmızı fəslidir.

Odur İran ermənisi gəliyor. Erməniliyinə işarə olaraq belində bir qayışı vardır. Yoldaşı zərdüşti paltar yəhudi ilə türkcə söhbət ediyor.

Müxtəlif millətlərin arasında bir-birini qanmaq və qandırmaq üzrə ümumi olalar türk dili işlənir. Türk dili burada beynəlmiləl bir dildir.

Onu hər kəs biliyor. Erməni, kürd, rus, fransız, ingilis, fars, aysor, alman hamısı türkcə danışır.

Bu qədər müxtəlifül-cins bir heyətin hamısı ilə danışa bilirəm. Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss ediyoram.

Bizi saxlıyorlar. Rus soldatlarının gəlməsini eşidiblərmiş, xəbər alırlar. Deyirik ki, sabah gələcək.

Aysorilərin sifətlərində bir bəşaşət görünüyor. Anlaşılır ki, bu vürud çoxdan gözlənir. O saət dönüb yanında başdan-başa ağ geymiş olan qarısına öz dili ilə bəyani-hal ediyor, o da sevinir.

Soldat gələcək, xristianlıq güclənəcək, kürdlər daha qarət edə bilməyəcəklərmiş!..

Haman mənzərə, haman təravət, haman ahəng, haman xiyabandır gediyoruz. Təbiətin hüsn və qüdrətin hiss ediyor, yaratdığı müxtəlif əlvan məxluqatı görüyor, hifz ediriz!..

Nagah bir ətri-giyah və sabzanə öyrənmiş olan qonşumuza tənəffür ediyor, böylə bir gözəl və müəttər olan ərsəgahi-təbiətdən xilafi-məmul olaraq nifrətli və çirkin bir qoxu qalxıyor.

Bu dəbbağxanə qoxusudur...

Şəhər darvazasının qabağından axan suyun üstündə kölgəli söyüdün dibində qolları və baldırı çırmanmış dəbbağ başını aşağı salıb, aşılanmış gamış dərisini təmizliyor. Dəridən qalxan üfünət, suyu, havanı pisliyor da, dəbbağcının təçkil elədiyi heyət bütün o mənzəreyi-şairənəni korluyor.

Atları qamçılayır, burnumuzu tutub cəldlik ilə ötürük, şəhərə daxil oluruq.

Urmiyə 15 iyun
M.Əmin
“Tərəqqi”, № 144, 30 iyun 1909

*[1] müşti-nümuneyi-xərvari – xərvardan bir ovuc nümunə

*[2] safdərun – safürəkli

*[3] məsabəsində - misalında

*[4] zəbun – burada: paltar

*[5] sünuhati-şairanəsinə - şairanə xəyallar

*[6] şiymə - təbiət, xasiyyət

*[7] etila – yüksəliş

*[8] simin - gümüşü