Məqalələr

İRAN MƏKTUBLARI

(müxabiri-məxsusimizdən)

TƏBRİZDƏN

Səttarxan, Bağırxan və yoldaşları hənuz osmanlı bəstindədirlər. Böylə görünür ki, İran məsələsi tamamilə həll olunmayana kimi bəstdəkilər çıxmayacaqlarmış.

Tehranın mühasirə içində olduğuna dair burada xəbərlər buraxılmışdır. Öylə danışırlar ki, guya Qəzvin orduyi-millisi Tehran hasarlarının dibindədirdə Səmsamüssəltənəni gözlüyorlar ki, axırıncı hücumlarını etsinlər.

Təbriz və Tehran yolunda şuluqluq varmış. Şahsevənlər yoldan keçən karvana əziyyət edirmişlər – deyə şayələr buraxılmış, Miyanə yolunda heç bir faytonçu Tehrana getmək istəmiyor.

Ərdəbildə əhval məğşuşdur. Şahsevənlər Məhəmmədqulu Alarının sərkərdəliyi ilə Rəşidülmülkü əhatə edib tutmuş, həbsə almışlar. Hal-hazırda isə güya Məhəmmədqulu özü Ərdəbildə hökümət etməkdədir.

Burada bir intibahnamə paylayıb Səttarxan, Bağırxan və qeyri mücahidlər barəsində bəzi ittihamat nəşr etmiş və əleyhlərində şiddətli bir lisan ilə ittihamatda bulunmuşlar. Buradakı ərbabi-maarıfın əksərən əqidələri bunadır ki, bu intibahnamə rus konsulxanasının təhriki ilə nəşr olunmuşdur.

Tazə təşkil olunmaqda olan nəşri-maarif cəmiyyətinə əzalar yazılmaqdadır. Yaxın bir vaxtda cəmiyyəti-məzkurənin rəsmi-iftitahi olub, idarəsi və qeyri heyətləri təşkil olunacaqdır.

Rusiya qoşunu arasında naxoşluq düşüb, yatalaq mərəzi sirayətini artırır. 20 gündən bəri 6 nəfər soldat və bir kazak ölmüşdür. Görünür ki, Təbrizin havası soldatlar ilə saziş etmiyor. Azarlıyan soldatlar ümdə Polşa tərəfindən alınanlardır.

İki gün iləri buradan Urmiyə gedən Kamilbəy haman Urmi şahbəndərliyinə təyin olunaraq getmişdir ki, məşhur Petros əfəndinin əzlinaməsini dəxi özü ilə bərabər aparmışlar. Burası çoxdan lazım idi.

Layiq deyil ki, o kimi hiylə satan şarlatanlar osmanlı nümayəndəsi olsunlar da yeni türk diplomatoyasının abrusunu aparsınlar.

Böylə bir təbdil bir az daha əvvəl vaqe olsaydı iyunun 13-də olan o müsif vəqəə daha düşməz idi zənn edəriz.

Osmanlı bəş şahbəndəri cənab Məhəmməd Əlibəy əfəndi şəhər kənarında olan Lalə yaylağına köçmüş, bəstnişinlər isə konsulxanada olan böhtanlardandır.

Urmi rus konsulu Təbriz general-konsulluğuna yazdıqları ərzi-hallarında israrən istəyir ki, Xoy və Səlmas yolunu açmaq və bu cəhətdən rus malüt-ticarəsinə toxunan zərərlərə bir xatimə çəkmək üçün oraya kilitli bir qoşun göndərilsin.

Hazırda göndərilmiş olan 40 nəfər soldat isə konsulxananı mühafizə etməyə ancaq kafidir.

Teleqrafı sazlamaq, yolları açmaq isə bunların qillətindən*[1] naşi mümkün deyildir.

Xorasan iğtişaşı burada bir çox həyəcana bais olmuşdur.

Rus konsulxanası bu xüsusda heç bir cavab vermiyib dedi ki, üç gün iləri rəsmi surətdə teleqraf çəkib cavab istəmişiksə də, bir xəbər yoxdur.

Hərgah Gilan və İsfahan inqilabçıları tizdəstlik*[2] edib, yaxın günlərdə bir şey edə biləcək olurlarsa, işi iləridən apara biləcəklər, yoxsa İran adəti olan ağır tərpənmək bu dəfə də vaqe olarsa, şahı, taxtını və tacını təmin etmiş, dövlətini mühafizət edəcəklərdir.

Qaracadağlı məşhur Təbriz cəlladı Rəhim xanı Əhərdə olduğu halda, şahsevənlər mühasirəyə almışlardır.

19 iyun
M.Əmin
“Tərəqqi”, № 143, 29 iyun 1909

*[1] qillət - azlıq

*[2] tizdəstlik – cəldlik