Məqalələr

İRAN MƏKTUBLARI

(müxabiri-məxsusimizdən)

OSMANLI-İRAN HADISƏSI

Urmiyədən

Bu gün xüsusi bir iş üçün Osmanlı şahbəndərxanəsinə gediyorum.

Küçələr haman adi surətində; xariqüladə heç bir şey yox. Urmiyənin həmişəki, qaidəsi üzrə küçələr xəlvət, cümə olduğundan bazar-dükan bağlı, söyüdlərin dibində xırda uşaqlar çimir.

Gediyoram. Şahbəndərxanə qapısında duran əsgərlər:

- İcazə yoxdur – deyə məni saxlıyorlar. Təvəqqe ediyoram ki, şahbəndərə desinlər ki, flankəs gəlmiş, görüşmək istəyir.

İzn alınır.

Içəri gediyoram. Şahbəndərxanənin dəftərxanası ağzına kimi dolmuş onbaşılar, amirlər – hamısı müsəlləhdirlər durmuşlar. Halət başqadır.

- Nə varmış görəsən?

Mənə yer göstəriyorlar. Otururam. Şahbəndər cənablarının qiyəfəsi bambaşqa. Fəs əvəzinə ingilis kepkəsi, ayağına səfər şalvarı geymiş. Beşaçılan vintovkası da qabağında durmuşdur.

Telefon ilə danışır. Görünür ki, rus konsulxanası ilə söhbət ediyor. Telefon müsahibəsindən anlaşılır ki, şahbəndər cənablarının şəhər valisi ilə bir məsələsi vardır.

Nə varmış, bu nə halətdir? – deyə soruyoram. Şahbəndər Petros əfəndi məni hali ediyor. Deyir ki, bizim osmanlı təbəəsi və şahbəndxanə qulluqçularından bir nəfərin əlindən hökümətə şikayət etmişlər. Vali alıb onu həbs etmiş. Bir nəfər başqa qulamımızı göndərmişəm ki, onu həbsdən alsın, nə təqsiri varsa, biz özümüz edək. Qulamı söyüb qovmuşlar. Mən qulama inanmayıb telefon ilə validən bəyani-hal etdim. Cavab verdilər ki, doğrudur, qovmuşuq. Bunu mütaaqib yerdə baxdım ki, şahbəndərxanə ətrafında fədailər səngər tutmuşlar. Mən də qorxdum. Zira Dilmaqan vəqəəsi bizə dərs olmuşdur. 7 nəfər əsgərimizin qanı hənuz qurumamışlar. Odur ki, biz də qarovulda durmuşuq. Məqami-müdafiədə bizə baxınız nə haldıyam – deyə:

- Çuxasını atır da bütün patron içində olduğunu nişan verir.

Şəhər kənarındakı əsgərləri dəxi dəvət etmişəm. İndi gələcəklər. Valiyə bir saət dəxi vaxt verdim. Bir saətə kimi məhbusu buraxmazsa, güc ilə alacağam.

Bu vaxt vali yanında məhbusu almaq üçün getmiş olan 2 qulamlar qayıdırlar.

Petros əfəndi kəmali-hiddətlə bunlara hayqırır da, çığırırı ki, bəs hanı məhbuslar. Bunlar söz demək istəyirdilər, şahbəndər isə qulaq asmaq istəməyib, birininin boynuna bir sillə, digərinin arxasına bir təpik salıb, bu saət gediniz də iki nəfər də özünüzlə əsgər alınız, vali qapısında durunuz da, bir saətə kimi gözləyiniz.

Bunlar çıxıyorlar. Həyətdə durub, pəncərədən deyirlər ki axır bizə deyirsiniz ki, qayıdınız, necə gedək ki, valinin dövrəsinə səf çəkib durmuş mühafizlər kimsəni buraxmırlar.

- Aha..., öylə!  deyə şahbəndər daha da kəcxulq oluyor. Qulam daxil olub da şəhər kənarındakı əsgərlərin gəldiklərini xəbər veriyor. Yüzbaşı gəlir, şahbəndər ilə görüşür, çıxıb komandaya məşğul oluyor.
- Mən əhvali belə görüyor, söhbətdən heyrətim artıyor. əcəba şahbəndər cənabları niyə gərək belə bir hiddətə gəlsin?..

Öz fikrimi bəyan ediyoram ki, Osmanlı dövlətinə yaramaz ki, bugünkü gündə iranlılarla qövqa açsın. Bu bir ləhzə indiki, politikaya diqqət verməlidir. Işin sülh ilə qurtarmasına çalışmasını şahbəndər cənablarından xahiş ediyoram.

Tövsiyəmdən dolayı bəyani-təşəkkür ediyor.

Vidalaşıb çıxıram. Damlarda bütün əsgərlərdir. Səngər başlamışlar. Bir dəstə əsgər dəxi küçə uzunu nərəyə isə gediyor. Məsələni ətraflıca tədqiq etmək üçün buradan çıxıb, birbaşa fədaibaşı Məşədi Bağırın yanına gediyoram. Nə fədai hərəkəti, nə də səngərlər görünüyor. Bir xətasız denilən nəzmiyyə idarəsinə daxil oluram. Baxıram ki, Məşədi Bağır kəmali-sakitlik ilə öz nəzmiyyələri ilə oturub bozbaşın yeyir, elə bil ki, bu mərəkədən heç xəbəri belə yoxdur.

Məni görçək, təklif edir ki, süfrəyə əyləşim. Bəyani-imtinan edərək imtina ediyoram. Israr ediyor, həmsüfrəlik ediyoram. əhvalatı xəbər alıyoram, bəyan ediyorlar ki, həbs olunan əvvəli nə osmanlı təbəəsidir, nə də şahbəndər qulluqçusu. Bir neçə vaxt bundan irəli osmanlılara qulluq etmişdir. Səngər bağlamaq flan xəbərləri dəxi tamilə*[1] yalandır. Söhbət ediyoruq. Məşədi Bağır həm validən, həm şahbəndərdən şikayət ediyor. Hər ikisinin də üsulluzluq etdiyini zəmm ediyor*[2].

Şəhərdə olan nəzmiyyə vəzifəsini dolandıran fədailər birər gəlib, Məşədi Bağırın ki, sərnəzmiyyə rolunu ifa ediyor, ərz ediyorlar ki, osmanlı əsgərləri dərvazələri tutmuşlar. Burada dəxi sülhən məsələləri həll etməyi tövsiyyə edib çıxıram.

Indi haman ultimatumdan tamam 4 saətdir keçir. Hənuz bir şuluqluq yoxdur. Məlum oluyor ki, məhbusu buraxmışlar, qailə*[3]rəf olmuş.

Iştə qanlı bir nəticə çıxaracaq olan vəqə bu surətdə həll olundu. Bu iştə rus konsulu xeyli vəsadət etmişdir. Osmanlılar ilə iranlılar arasında olan gərginlikdən bu vəqə bir nümunədir. Neçə vaxt iləri Dilmaqanda düşən vəqəeyi-mösifəni*[4] yazmışdıq!..

Fəqət böylə bir hal osmanlılara yaraşar, onların mənafeyinə təvafüq edərmi?ə

Milçəkdən fil qayırmaq dərəcəsində təmkinizlik edən Petros əfəndi kimi nümayəndələr öz vəz və hallarını anlamayaraq, rəqibin fitnələrinə alət olmalarına mənafeyi-osmaniyyəni himayə etdikləri halda, onu ayaq altına alıb tapdalayırlar və qoşunsuz, hökümətsiz İrandan bir səatlik ultimatumla bir məhbus buraxdırmasını anlamıyor və daha doğrusu anlamaq istəmiyorlar ki, böylə bir şiddətli rəftar ilə elə hər bir şeydən artıq gərək olan “cəlbi-məhəbbət”*[5] məsələsi real oluyorda rəqiblərin istədikləri “təfriqə” məsələsi cayigir oluyor.

Assuriləri katolikliyə döndərmək yolunda misyonerlik aləmində xidmət etmiş və bu xidməti üzrə Rim papasından medal almış bir adama siyasi bir nümayəndəlik verilərsə, böylə oluyor Qaş qayırdığı yerdə göz çıxarıyor.

Osmanlı  yeni türk xaricə vəzarətinə lazımdır ki, burasına diqqət yetirib də Əbdülhəmid əsrindən qalan tətimmələri xarici politikasından dəxi təmizləsin və diplomatiya məmurlarına bunu andırsın ki, İran müvəqqəti valiləri təhti nüfuza düşərlərsə də osmanlı mənafeyini müharibə edən məmurini-siyasiyyət böylə bir səpki-müttəhimlik yaraşmaz!..

Bu sətirləri qurtarırdım ki, qulağıma tüfəng atışmalarının sədası gəldi.

Təhqiq etdim, xəbər aldım. Məlum oldu ki, dağlı assurinin həbsdən xilas olmasında kəsb qələbə etmiş olan Petros əfəndinin hirsi yatmamış haman “yağı” iranlılara zərbi-dəstəni bit-tamam göstərib, osmanlı heysiyyətini qalxızmaq üzrə çoxdan bəri bəhsli*[6] olub qalan məscid məsələsini tazələmişdir.

Məscid məsələsi

Bura sünnülər məhəlləsində köhnə bir məscid vardır ki, sünnülərin əlindədir. Bu məscidə yaxın bir mollanın evi var. Əz qərari-məlum bu ev məscidin ləhəqatından*[7] olub, bir zaman hümayun bu mollaya satılmış imiş ki, bədə mollanın özü burada olmadığı bir vaxt haman məbləğ məzkurun oğluna verilib, ev yenə də geri alınmışdır. Molla isə səfərdən qayıdıb öz evinə malik olmuş və mollalığına salıb məscid mütəvəllilərinin etirazına baxmamışdır.

Şahbəndər cənabları isə bu davanı Səidülməmalik    vaxtında belə edib o vaxt mövcud olan bələdiyyədən bir heyət gedərək, təyini-məsafə edib, məsələni məscidə tərəf kəsmişdir. Fəqət iş icra olunmuyub qalmışdır.

Indi isə başına vaxt qəhət olmuş olan şübhəli şahbəndər bir qövğadan qurtaracağın haman bir məscid məsələsini qalxızmış və əsgərləri ilə gedib, mollanı vadar etmişdir ki, bilatəxir evi təxliyə etsin. Etdirmiş və beydaq da vurmuşdur.

Böylə bir hərəkətdən həyəcana gəlmiş olan molla bir dadi-fəryad ilə vali yanına getmiş, fədailər dəxi bundan xəbər tutaraq, nümayəndə mütəəssir olmuş. Muftinlər*[8] isə işə düşmüş, gülləbazlıq başlanmışdır. Osmanlı təbəəsindən bir-iki nəfərini öldürüb və yaralamışlar.

Şahbəndər isə bütün-bütünə qorxmuş, əhli-əyalını mənsub olduğu Amerika misyonerxanasına göndərmiş və özü isə axşam qaranlığı düşdükdə rus konsulundan telefon ilə istəmişdir ki, valiyə desin ki, İran qarovulçularından kimsə bayıra çıxmasın.

Bu gecə səhərə kimi şəhərin müxtəlif yerlərində atışma səsidir gəliyordu. Halət həyəcanlıdır. Hər kəsdən xəbər alarsan nədir?

- Osmanlı ilə əncümən dava ediyor – diyorlar. – Osmanlı ilə əncümən dava ediyor!..

İştə osmanlı diplomatlarının yaratdıqları tədbirli diplomatiya politikası!

Böylə şiddətli tədbir və yersiz tərsliklərlə əcəba Petros əfəndinin istədiyi nədir?

Urmiyənin rus qoşunları ilə dolması və osmanlılara qarşı böyük bir nifrəti-ümumi qazanılmasımı?

Nəzərimizcə böylə bir arzu Petros əfəndiyə lazımsa da osmanlıların hökümətinə bilmərrə lazım deyildir.

Fəqət bundan bir şey anlaşılır və hasil oluyor ki, Petrosun şahbəndərliyi şübhəlidir – deyiriz. Zira, bura məhafili-rəsmiyyəsi onu şahbəndər taniçıyor. Fəqət qabaqda olduğu kimi bir tacirbaşını tanıyorlar. O, özü isə şahbəndərliyini rus konsulxanasında yazdığı kağızlardan cızıyorsa da, böylə bir mühüm məsələdə qoşunkeşlik edib, hətta Təbriz və Tehran ilə müxabirə etmiyor.

İndi bu saət osmanlı şahbəndərxanasından gəliyoram. Rus konsulu iki nəfər kazak ilə, osmanlı şahbəndəri 30 nəfər əsgər ilə şahbəndərxanadan çıxıb, vəsatətə gəlmiş olan Nəzmüssəltənə Əmirtumanın evinə gedirlər ki, vali də oraya gəlib iğtişaşa intəha qoyulacaq.

Bir əsgəri daha bu gün sübh qıçından yaralamışlar. Konsullar şahbəndərxanadan bir-iki küçə ayrılmağın qonşu damlarda səngər bağlamış olan fədailər əsgərlərə atəş açırlar. əsgərlərin atəşkəs borusu isə eşidilir. Damlardakı səngərlərdə gizlənmiş olan fədailəri görmək mümkün deyil ki, güllə atmaq fayda versin.

Hələ də ara-sıra güllə atılmaqdadır.

Buradakı rus konsulu cənab Miller neçə vaxtdır ki, ərzi-hal yazmaqdan, teleqraf verməkdən yorulmuşdur ki, burada qüvvətli bir hökümət lazımdır.

Rusiya mənafei bilmərrə zaye oldu-getdi. Qoşun göndərməlidir. Heç kəs qulaq asmıyordu.

Nəhayət, 40 soldat almağa müvəffəq odu. Onda da bu 40 soldat ilə layihələrində olan işləri icra edə bilmiyor. Yollar haman əvvəlki surətdə bağlı qalmış, teleqraf işləmiyor. Bir çox siyasi fikr icra olunmamış qalıyor.

Iştə  bu vəqəə ən açıq həqiqətlərdən biridir ki, rus konsulunun sidqinə şahid olsun, məqsudinə çatsın.

Böylə bir əhəmiyyəti haiz olan məktub bu gün xüsusi bir çapar ilə kəmali-sürət ilə olaraq Təbrizə göndərildi.

Urmiyədən teleqraf etmək mümkün olmadığından, bu xəbəri teleqrafa müxabirə edə bilmədim.

Petros əfəndinin politikası barəsində müfəssəl gələn dəfədə.

İndi isə posta vaxtı keçiyor. Artıq təfsil vermək mümkün deyildir.

Urmiyə 14 iyun
M.Əmin

Çörəkçilər ilə qəssablardan başqa bütün dükan-bazar bağlıdır. əhval müşkilləşiyor.

“Tərəqqi”, № 142, 28 iyun 1909

*[1] tamilə - tamam

*[2] zəmm etmək – gileylənmək, danlamaq

*[3] qailə - hadisə

*[4] mösif – təəssüf doğuran

*[5] cəlbi-məhəbbət – məhəbbət qazanmaq

*[6] bəhsli – mübahisəli

*[7] ləhəqat – burada: mülklər

*[8] muftin – fitnəkar