Məqalələr

YOL TƏƏSSÜRATI

URMİYƏDƏN

Darvazadan daxil oluruq. Müxtəlif qiyafəli bir küçədir, gediyoruq. İran məşhurlarının əksinə olaraq, bura evlərinin küçəyə pəncərələri vardır.

Küçədə gəzinərək qiyafəsi qırmızı, qırmızı fəslərin çoxluğu soruşmamış haman burasının xristiyan məhəlləsi olduğunu bildirir. Qırmızı fəslilər bura xristiyanları assurilərdir.

Bunların özlərinə məxsusi bir qiyafeyi-milliləri yoxsa da fəs sevirlər. Demək olur ki, assurilərin çoxu fəs qoyar.

Misyonerlərin açdıqları bura məktəblərinin bütün şagirdləri haman qırmızı osmanlı fəsi geyirlər.

Daha təəssüflü olan rus misyonerxanasının şagirdləri və müəllimləri dəxi fəspuşdurlar. Küçənin bu tərəf, o tərəfi bütün xristiyan evləri və xristiyan dükanlarıdır.

Burada hər cür sənət və peşə tapılar. Dərzi, başmaqçı, əkkas*[1], həkim, xırdafüruş, əttar, baqqal, hər qism ticarət müəssisəsi mövcuddur. Dükanların qapısının bir çoxunda lıvhələr asılmışdır. Lövhələr assuri və müsəlmanca yazılmışdır.

Bəzi ləvazimat almaq üzrə xırdavat dükanına daxil oluruq. Dükançı təbrizli bir türkdür. Haman uzun paltar, molla qiyafəsi, arıq röyət, rəngli saqqal tacirlərdəndir. Bir çox vaxt Qafqazda olmuş, ticarət etmişdir...

Dükanına düzdüyü mətaların əksəri rus malıdır.

Osmanlı pulu ilə alınan Avstriya malı isə hesaba alınmayacaq bir dərəcədədir. İynə-sapından tutmuş, köynək və düyməsinə kimi rus malıdır...

Bir-iki lazım olan şeylərin qiymətini soruruq, amma qiymətin bahalığından təəccüb etmirik. Çünki artıq İran dadi-sitədinə*[2] alışmışıq. Onlar birə üç qiymət dedikdə utanmazlarsa, bizdə üçə bir qiymət verdikdə qısılmıyoruq. Amma bir şeyə dilgirik ki, belə bir cüzi müamilə üstündə külli vaxtımızı hədər edəcəyik. Zatən İranda vaxtın qədri yoxdur. Vaxt burada qəpiyə alınmaz, hər şeydən ucuz olub, qədr və əhəmiyyəti bilinməyən haman vaxtdır.

Avropa iranşünaslarından biri ilə etdiyimiz müsahibədə məzkur dedi ki, İranda cüzi bir iş azı 3 ay, tezi 2 həftə, təcili isə 3 gün – bir həftə çəkər, tələsmək bilməzlər.

Şəhərə tazə gəldiyimizi hər şeydən maraqlandığımızı görən küçənin işsiz dolaşan müxtəlif olan əhalisi iştə dükanın qapısını almışdır. Bunlar ilə danışırıq qırmızı fəsli cavan bir assuri təqdim olunur. Rusca danışır, sınıq-salxaq bir ləhcə və şiyvə ilə səhv və amma sözləri bir-birinə qoşuyur da bəhs ediyor.

Bu adam rus misyonerxanası cünbündə olan məktəbdə rus dili müəllimidir. Bizi rusiyalı olduğumuz üçün özünə doğma hesab ediyor.

Iştə cavan bir kürd qiyafəsi bir qədər təməddünləşmiş diqqətimi cəlb ediyor.

Buna yan alıb tanış oluram, müsahibə ediyoruq. Bu osmanlı təbəəsi imiş, əhvalından xəbər alıyoram.

Sultan Həmidi qalxızdılar, indi daha bir az tutmaq, kəsmək və şüluqluq daha vardır.

Deyirlər ki, gələcəkdə əlbir olacaqlar – deyə türk ləhcəsi ilə cavab veriyordu.

Fəqət indi bir az şüluqluq olarsa, bu gərək insanı ümidsiz etməsin.

Zira köhnə bir evi söküb, tazə imarət yapdıqda, tozolmasın, topraq olmasın – deyə arzu etmək mümkün deyil.

Iştə Sultan Həmid idarəsi kimi bir köhnə istibdad qalxızılır, əvəzinə yeni türk üsulu kimi bir qanun qonulur. Təbii ki, şuluqsuzcasına böylə bir dəyişik ola bilməz.

Müsahibim fikrim ilə tamam-tamam razıdır. Vətəni olan osmanlının istiqbalına xeyli güvənir. Haman o istiqbal sayəsində milləti olan kürdlərin mütəməddiyanə məişət edəcəklərinə dəxi ümidlər bəsliyor.

əsl bazara tərəf gediyoruz.

Bura küçələri Təbriz kimi tamam bir boz divarlardan ibarət deyil. Bir çox küçələrdə şaqqıltı ilə axan nəhrin kənarlarında bitən göy ağaclarla müzəyyəndir.

Bazara çatıyoruz.

Tərəddüdlü, qalmaqallı, həyatlı bir caddə, haman Təbriz kimi, üstü örtülü kərpic tağlar – İranın bütün bazarları böylədir. Hətta xırda kənd bazarları dəxi ələf qurusu və çür-çöp ilə olsa da bazarları örtürlər. Əvvəli darvazadan giririk. Yeyinti satılan bazardır. Qatar ilə baqqal dükanı, əttar dükanı və qəssablardır. Satıcılar bütün müsəlmanlardır. Səsdən qulaq tutulur. Hərə bir dil ilə öz mətaını tərif ediyor.

Malını tərif, müştərini cəlb etmək kimi sədalar arasında yol ötənlər biri-birinə zarafat etmək kimi səslər dəxi musiqi düzəldib, bazar nəğməsinə təkmil veriyor.

Bütün bazarı gəzirik. Hər şeyə baxıb, hər kəsə diqqət yetiririk, hər kəs də bizə baxıb diqqət yetirir, başqalarının bir o qədər məzhəri-diqqətləri olmazdıq, əklər qiyafəsini təəssüratımda təriflərini etdiyim İran sailləri bizi diqqətsiz buraxaydılar.

Günah edib bazar başında bir qran pul paylamışıq. Indi bir 10 nəfər gəl-gör üryan, çirkin və cındırpuş uşaqlar dalımızca düşüb sayə*[3] kimi dolanır, hərə bir lisani-müəssir ilə ləliyor. Həvəsimizi bütün pərt ediyorlar. Artıq heç bir şey öyrənə bilmirik. Inanız, heç şey də görmüyoruq. Hər kəsə rücu edib, xahiş edirik ki, bizi bunların əlindən xilas etsin, kimsə bacarmıyor. Pul ver ötürmək isə tədbirlərin ən pisidir. Zira o vaxt dəstə daha da böyüyəcək.

Bir tövr ilə dilənçilərin çəngindən qurtarıb, bazardan rədd oluruq.

M.Əmin
“Tərəqqi”, № 140, 25 iyun 1909

*[1] əkkas - fotoqraf

*[2] dadi-sitəd - alver

*[3] sayə - kölgə