Məqalələr

YOL TƏƏSSÜRATI

URMİYƏDƏN

YOL TƏƏSSÜRATI

(keçən nömrədən mabədi)

Gündən iki saət qalıyor. Urmiyəyə getmək üzrə at tutub, yola düşmüşük. Gəmi barəsindən bir az aralı otuz-qırx evdən ibarət Gülməxana kəndi görünür. Yolçularımız dəxi bu kəndlidirlər.

Bunlar təklif ediyorlar ki, bu gecə Gülməxanada qalaq da, sabah sübhdən yola düşək.

Biz kənddə qalmağın nə olduğunu bir dəfə gördüyümüzdən artıq israr edirik ki, birbaşa şəhərə gedək.

Bunlar gecə ilə şəhərə girmək müşkül olduğu, yollarda su batdaqlarını keçmək çətin olduğunu bildirib, öz mehmannavazlıqlarını tərif ediyorlar.

- Gedək bu gecə kənddə qalaq. Çay qoyduraq sizin üçün, sonra bax bu başlarda gəzin, yaxşı yumşaq döşək altınızda, yastıq dalınızda özünüz üçün keyf edin. Biz də əziyyət çəkməyək, siz də rahət olun – deyə cavab verirlər.

Yolçularımız bizi ürüyüb oxşayırlar ki, birbaşa Urmiyə getməyib, bu gecəni burda qalaq!..

Yolçularımızın ilticalarını*[1] eşidib, razı olduq. Gecə qalmaq üzrə kəndə çatıb, şeylərimizi düşürürük.

Hər tərəfdən bizi qoruyurlar. Mehmannavazlıq mafövqi-mütəsəvvir*[2] olunmalıdır. Arvad, kişi hər bir dil ilə nəvaziş ediyorlar.

 O saət tut dərib gətirib, qonaq edirlər. Ev sahibəsi ahıl bir arvaddır. Gecə nə yemək istədiyimizi soruşur. Toyuq və kəklikləri olduğunu bildirir. Toyuq şorbası və kəklik kababı istəyirik. Çox xoşnud oluyor.

Dəryanın bu tərəfi başqa bir aləm. buradakı kəndçilərin istiqanlılıqlarını görüncə, insan heç inanmaz ki, burası Azərbaycan olsun. Kokand ilə Gülməxanın zəmin ilə asiman təfavütü vardır.

Bu əziz mizbanlar nə qədər sevimli adamlar, nə dərəcə sadəlövh adamlar, bilmiyorlar ki, qonaqları ilə nə tövr dolansınlar ki, onların rizayi-xatirləri əldə olunsun.

Az qalır ki, pərvanə olsunlar da adamın başına dolansınlar.

Axşam çağıdır. Palaz salınıb. Kənd həyətində oyurub, samovar məclisini hazır etmişik.

Bir həlqə arvad-kişi oturmuşuq. Bütün qonşular da buradadır.

Əvvəlinci dəfədir ki, İranda kişi məclisində arvadların da hazır olduqlarını görüyoruz, xoşlayırız. Biri-birlərimizin adını öyrəniriz. Mənim qiyafəmə görə adımın Məhəmməd Əmin olduğuna təəccüb ediyorlar. Təəccüblərini isbat üçün onları şübhədən çıxarıram. Müsəlman olduğumu bildirirəm. bunlar inanmaq istəmiyorlar. Həmd surəsini oxuyunca bunların şadlığı birə-on daha artır. Gedib bir kitab gətirirlər. Məni imtahan etmək üçün verirlər ki, oxuyum. Farsca yazılmış möcüzatnamədir. Oxuyuram. Şadlanırlar. Biri-birlərinə gözəlcəsinə möcüzat kitabını oxuya bildiyimi xəbər verirlər.

Bizi Urmiyəyə aparan cavan yolçularımız dəxi bisavad deyillər. “Gülüstan”dan, Hafizdən beyt oxyuurlar. Hələ “be xale hinduyəş bəxşəm se mən qəndo do xormara”*[3] lətifəsini də bilirlər. Mənimlə beytləşirlər. Mən təəccüb ediyoram. Heç xəyal etməz idim ki, İran kəndlərində belə sevimli, mərifətli kəndçilər olsun.

Ailənin başı Murad çalsaqqalı, mehriban gözləri ilə ğıllı bir mərd olduğunu bildiriyor. Bunun 3 oğlu var, üçünü də oxutdurmuş. Urmiyədə molla yanında oxumuşlar. Bunlar ilə bir az da ümumi məsələlərdən söhbət ediyoruz. Bu kənd şahzadə İmamqulu Mirzənindir. Şahzadədir, şah tərəfdarıdır. Bir o qədər tövcü və vergi ağırlığı çəkməyən və bu cəhətdən şahzadəni sevməkdə olan gülməxanlılar da şah tərəfdarlarıdırlar.

Kürdlərdən şikayət ediyorlar. Keçən il gəlib kəndi yenə basıb, 900 dəvələrini və qoyunlarını aparmışlar. Sonra rus konsulu vasitəsi ilə 600-nü qaytarıb, 300-nü özlərinə mal etmişlər.

Bunlara osmanlıya dəxalət vermək dəfələrlə təklif olunmuşsa da qulaq asmamışlar. Məclisimizdə bir nəfər cavan adam var ki, Rusiyada olmuş, Həştərxanda kitabçı dükanında qulluq etmiş, tək-tük rus sözləri bilir. Yoldaşlarım ilə qırtıllaşıyor.Gülməxanadan Rusiyaya getmiş bu adam təkdir. Kəndin hamısı bir tövr dolanacaq sahibidir. Aralarında acları yoxdur. İldə 50 manat şahzadəyə, 100 manat da qonşu kənddəki mollaya verirlər. Bütün ildə verdikləri vergiləri iştə bu təxminən, hər evin ildə 4-5 manat qədəri bedehi vardır.

Bunların dolandığı qoyun saxlamaq, yer əkməklədir. Hər evin bir atı və bir cüt öküzü vardır.

Çay və söhbət məclisi qurtarır. Süfrə çəkilir də şorba aralığa gəliyor. Saqqızını ağzından salmayan ev sahibəsi hazırladığı pişmələri süfrəyə gətirdikdə pişəzvəxt üzrün istəyir ki, bəlkə ərbablara xoş gəlmədi. Lakin əbəs yerə üzr istəyir. Zira şorbadan o dərəcə razı qaldıq ki, öz razılığımızı dəfəat ilə bəyan etmək lazım gəldi.

Filhəqiqət belə şorbanı ən əla mehmanxanalarda tapmaq müşküldür.

Nə müəttər, nə təmiz xörək, üstündən kəklik kababı ki, zaiqəni*[4] dəxi tamam gözəl ediyordu...

Xörək yeyərkən mizbanlarımız fərti-məhəbbətlərində arvadlı-kişili dövrəmizi almışlar, təklif edirik yemirlər.

Ancaq tamaşa ediyor, bizim iştəhamıza seviniyorlar.

Nə saf dərun*[5] məxluq. Tamamisi bir uşaq məhəbbəti ilə məşhun*[6], nə sadə bir təbiət!..

Xörəkdən sonra rəftarında xeyli cəld tərpənişli olan ev anası yerimizi salıyor.

Handa yaxşı yorğan-döşəyi varsa, bizdən əsirgəmiyor. Yunsuz olan mitil yorğan-döşəyi döşəyir də, üzr istəyir ki, kürdlərin qorxusundan yorğan-döşəyin üzlərini çıxartmışdır.

Çünki zalım kürdlər qarətə gələndə yastıqların, döşəklərin, yorğanların üzlərini də ğırıb aparırlar. Biçarə arvad!..

M.Əmin
“Tərəqqi”, № 139, 24 iyun 1909

*[1] iltica – iltimas, xahiş

*[2] mafövqi-mütəsəvvir – təsəvvür xaricində

*[3] onun hindli (qara) xalına üç batman qənd, iki xurma bağışlaram.

*[4] zaiqə - beş duyğudan biri olan dadbilmə

*[5] dərun – ürək, qəlb

*[6] məşhun – dolu, yüklü