Məqalələr

YOL TƏƏSSÜRATI

(keçən nömrədən mabədi)

Əvvəlinci düşərgəyə çatdıq. Burada az istirahət etməli idik. Atlar açılacaq, yeyənəcən, biz də çayxana dibində düşüb, bir az istirahət edəcəyik.

Bura Səmədxanın olduğu yerlərdir. Bu kəndlər hamısı onun tərəfdarlarıdırlar. Zatən Səmədxanın ordusunun düşərgəsi olan Sərdərud haman buradır.

Bura kəndçilərinin hissiyyatı, haman rus qaragüruhçu mujiklərinin hissiyyatı ilə tam birdir.

Bunlar məşrutəçini görmək istəməzlər. Məşrutəçilər talançılar imiş, qarət edənlərmiş, istərlərmiş ki, özləri ağa olsunlar, padşahın üzünə ağ olurlarmış.

Ağac kölgəsində oturub, kürəklərini divara sürtən bu cəmiyyətdən birisi təsadüfən ayaq dırnağını tutuyor idi. Birdən başını qalxızıb: “bax... məşrutə əlimə düşsün, başını qoyun kimi kəsərəm” – deyə axmaqanə gülümsəndi.

Mən məşrutənin qarətgirlik, oğurluq deyil, nədən ibarət olduğunu bunlara qandırmaq fikrinə düşdüm. Fəqət əbəs. Bunları qandırmaq müşküldür. Zira, kəndçiləri qandırmaq üzrə İran inqilabında bir hərəkət, bir əsas yoxdur. Kəndistan cəmaəti istər məşrutəçisi, istər istibdadçısı haçısı bir kor alətdirlər. Bunlarda rəy yoxdur. Bunlardan zatən rəy gözləmək dəxi olmaz. Məgər inqilaba alışan sinif isə xas millətdir ki, bir rəyi-müəyyən üzrə mübarizə edən fəqət bunlardır. Əvam cəmaət isə bunun, yainki başqasının ardınca sürünür.

Hərgah bu kəndçilərə qabaqca bildirə idilər ki, məşrutə onları ərbabın tədiyyatından xilas edib, qanun onları mühafizə edəcəkdir. Artıq hər keyfi istəyən onları öldürmək, döymək deyil, hətta söyməyə belə qoymacaqdır, onda müsəlləmdir*[1] ki, bunlar bu dərəcə də bitərəf qalmazdılar.

Iran kəndçisi o qədər döyülmüş, o qədər əzilmiş, o qədər sürülmüşdür ki, ətrafında baş verən hər qism qanunsuzluqlara təbii bir nəzərlə baxıb, həmişə də öylə təsəvvür ediyor ki, günah məzlumdadır.

“Öldürəndə heç günah olmaz” – zərbül-məsəlini mən Bakıda eşitmişdim. Burada dəxi eynilə gördüm.

Durduğumuz çayxanadan bir az aralı yol içində düşüb zarıyan bir qoca kişini qoyub ötmüşdük, bunu Səmədxanın atlıları döymüş idi. Biçarə o qədər əzilmiş idi ki, durub bir-iki qədəm o tərəfə gedib, ağac kölgəsində qalmağa halı yox idi. Bizim təlaşımızı görüb, yaxın gələn başqa bir iranlı kəndçisindən isə bizim israrımıza baxmayaraq, bu biçarəyə yaxın gəlmək belə istəmiyordu, qorxurdu.

Biz zavallı o qocanın halını bəlalı bu kəndçilərə nəql edərək, xəyal etdik ki, gərək bu adamlar da onun kimi hər dəfə döyülməyə razı olduqlarına müntəzir olalar. Lakin nə qədər təəccüb. Bunlara heç təsir etmədi.

- Yəqin günahı çox imiş. Bəs niyə bizi döymürlər?!. – deyə soyuq bir cavab verdilər.

Məzlumiyyəti bu dərəcə səfalətli gördüyümdə hiddətləndim. İnsan bu dərəcə bir cəhl və qəflətə uyduğunu bütün-bütünə insanlıqdan xaric olub, hissiyyati-heyvaniyyətdən belə məhrum qaldığını görüncə, artıq səbr və taqətim qalmadı. Bir lisani-hiddətlə bu zalım məzlumlara dedim ki:

- Eyb deyilmi ki, yalan diyorsunuz, qoy sizin aranızdan bir nəfər çıxsın da barmağını yumub desin ki, onu nahaq yerə azı bir 3 dəfə döyməmiş olsunlar?!.

Bu suala qarşı hamısı böyük xəcalət almış kimi görülüb, öz-özlərinə utandılar. Biri-birlərinə baxıb fikirləşdilər, kimsə cürət etmədi ki, yalan desin. Görünüyordu ki, o məzlum qocanın barəsində rəva gördükləri böhtandan naşi utanırdılar.

Nəhayət, aralarından bir-ikisi baş qaldırıb dedilər ki, oğlan, ərbab doğru deyir.

Bu təsiri, bu zaman o xəcaləti rəf etmək üzrə aralığa fəramuşluq vermək üçün orada hazır olan dankçi*[2] aləti-kəsbi-rüzisini alıb, ləhvinə*[3] başladı. Bütün təəssüratda getdi. Bizdə qoşub yola düşdük.

Axşama bir 3 saat qalmışdı ki, Kokand deyilən kəndə yetişdik. Azərbaycan kəndləri çox da kasıb kəndlər deyil.

Təbiət buralarda o qdər səxavətlidir ki, ərabın-tamahını sakit ediyordu. Kəndçiyə də bir şey baqi qalır.

Bu tərəf kəndləri Culfa, Təbriz yolunda olduğu kimi talana getməmişlərdir. Zira bu yerlərə vəhşi Rəhim xanın atlıları gəlməmişdir. Bunlarda dövr edən Hacı Səmədxan imiş.

Hacı Səmədxan isə irticayundan olsa da Rəhim xan kimi əhdişikən və namussuz deyilmiş ki, burasını məşrutəçilər dəxi təsdiq ediyorlar. İştə bu cəhətdən Kokanda bir dirilik tapmaq mümkündür.

Kokand kənd deyil, qəsəbçədir. Təbiətcə ən dövlətli bir qəsəbçədir. Burada kilidli xuşkəbar ağacları var. Buradakı qoz ağaclarını bu vaxta kimi heç bir kənddə görməmişdik. Badam, kağızı badam, püstə, alça, qeysi, fındıq, qoz və bu kimi şeylər bütün Təbriz əhalisinin – Azərbaycanın verdiyi məhsulatdır.

Kokanda bu qədər hamısı bolluqdur. Kəndçilərlə ən yaxından tanış olub, onların məişətinə ən yaxın bir vasitələr ilə bələdiyyət yetirdiyimiz əvvəlinci dəfə burada oldu.

Qırmızısaqqal bir kişinin evində gecələməli olduq. Qoca xeyli vüqarlıdır, səngindir. Bütün azərbaycanlılarda müşahidə olunan bir tərzdə soyuqdur. Qabaqca bir ev göstərib, bəyənmədiyimizi hiss etdikdə, başqasını göstərdi. Xoşumuza gəldi. əyləşdik. Yuyunduq. Təmizləndik. Rahət olduq.

Kəndin övzainə bələd olmaq üzrə, bir qədər müsahibətdə bulunduq. Kəndimə əbelələ gəldiki bu kənddə çox gavlar (öküzlər) olduğu üçün arabayada gafqanlığı – (öküz arabası) denilir.

Əhalisi bağbançılıq ilə, rəncbərlik və maldarlıq ilə dolanır. Zatən Azərbaycan kəndlərinin çoxysy demək olar ki, əksəri haman bu sayaq ilədir. Hər yerdə balaca bir qəsəbçə dəxi vardır. ətrafı isə bağdır. Bütün xuşgəbar ağacıdır. Azərbaycanda çox dəmyə yerlər vardır ki, bir az müddət ilə onları bütün sulayıb hamısını bağıstan etmək olar.

Fəqət bu yerləri bir bağıstan etmək üçün gözəl bir idarə lazımdır ki, bu gözəl məmləkət fəlakətlərə uğrayıb, izmehlalə düçar olmasın, məmləkət sahibi adını daşıyanlar öz nəfsi-şəxsilərini nəzərdə tutaraq məmləkətin məzarıstan olmasını bağıstana dönməsinə tərcih verirlər. Lakin burasını düşünmüyorlar ki, məmləkət onların keyflərinə rəğmən bağıstan olar. Amma o vaxt onlar qəbristan qarovulçuluğuna yaramazlar.

Iran kəndlərində məktəb axtarmaq və bu barədə sual vermək insanın ittilaatsızlığına*[4] dəlildir. Amma bizim rüfəqamızdan yoldaşımın hərəmi nisadən və bir dərəcə İranın vəzinə nabələd olduğundan naşi suallarında artıq dərəcə bir azadlıq ediyor. Və bu cəhətdən bir çox cüziyyatda bələd oluyoruz.

Kaşıf*[5] əmələ gəldi ki, burada Nuh əyyamından qalma qədim bir məktəb var. Bəzi uşaqlara Quran öyrədən bir molla var. Bir neçə uşaq dəxi yanında təlim alıyor. Təlim nə təlim! Zatən bu təlimxanalardan mən Bakıda görmüşdüm. Fəqət çoxdan idi təəssüratım fəramuş olmuş, yadımdan çıxmaq üzrə idi! Təbrizdə isə bu təəssüratı təzələdim. Qareinə o təəssüratı təkrar etmək becə əbəsdir. Zira kimdir bu məktəb deyilən bu fəlakıt evini görməmiş olsun. Ancaq bu məktəblərə tamaşa etdikdə məşhur mücahid Panovun İran xüsusunda yazdığı risaləsinin haman İran məktəblərinə dair yeri yadıma düşdü.

Mücahidi müşar ileyh məktəb qapısında durub, yarım saat tamamında təkmil etdiyi hissiyyati-dilxəraşini*[6] zikr etdikdən sonra, xəyali olaraq burada məhv olmaqda olan məsumları Avropa uşaqları ilə qiyas və öz-özünə sual veriyor ki, bu məsumların günahı nədir?

Cavabında isə zikr ediyor ki, bunların İranda anadan olmalarından başqa bir günahları yoxdur.

Əvət iranlılıq böyük bir günahdır ki, onun cəzası fəlakət, səfalət və əsarətdir...

İştə iranlılıq məzlumluq qədər bir günah?..

Bu kənd əhalisinin çoxunun əzünəməxsus yeri var. Əgər, biçər, hasilini götürər.

Adətən Azərbaycanda torpaq məsələsi haman iki qismdir.

Bəzi kəndlər var ki, yerləri əhali arasında təqsim olunub. Hər kəs öz tarlalarını göyərdib biçər. Və bir çox xalisə və ərbab kəndləri var ki, onlar da müəyyən bir şərtlə işləyib, əkib-biçdikdən sonra bir hissə aparar, maliyyati-divan isə yer sahibindən alınar. Zatın bütün İranda bir qism üsul olsun, yoxdur.

Torpaq məsələsi də dəxi yoxdur.

Məmləkət təmam bir dərəbəylik dövrü keçirdiyindən hər yerin özünə məxsus qaydası və qanunu kimi bir adəti vardır.

Qanunu vardır demiyoram.

Zira İran bu vaxta kimi qanun görməmişdir.

Bir çox təzyiqat və təcavüzata məzhər olan bir qanuni-əsası varsa da, füruati-qanun hənuz vücudpəzir belə olmamışdır ki, bu olmayınca, təbii ki, qanuni-əsası bir faidə verəməz.

Bu qanunsuzluq sayəsində kəndçilərin başına olmazın bəlalar açılır.

Iran kəndlisini indiki dərəbəylik bəlasından qurtarmaq üçün əvvəlinci çarə mülkədarın əlindən yerini almaq deyil, hökümət etmək ixtiyarını almaqdır.

Ərbabın yerinə toxunmaq olmaz. Zira, bu məsələni həll etmək üçün zəmin hələ hazır deyildir. Xüsusiyyəti təqdis*[7] edənlər məşrutiyyət pişrovlarıdır. Amma hökmdarlığı mülkədarlıqdan ayırmağa isə kimsə tapılmaz ki, şəri bir məhzur*[8] göstərsin.

Mülkədar ağadan hakimlik ixtiyarı alınıb, haman mülkədar öz rəiyyəti kimi başqa bir hakimin əvamirinə müdavatca məhkum olduğu o surətdə kəndçi bir çox özü var, adı yox nahəqq vergilərdən xilas olar. Artıq ərbabın təşəxxüsfüruşluğuna qurban olunaraq, nəhaqq yerə döyülməz, həbsə salınmaz, cərimə salınmaz, cərimə olunmaz. ərbab ilə müqərrər olan hissəsini verməkdən başqa bir əlaqeyi-hüquqisi olmaz. Iştə kəndçilərin hüquqi bir idarədən gözlədikləri əvvəlinci iqdam budur.

İştə Kokand kəndi nə tövr düşübsə ki, ərbablıq çox azdır. O cəhətdən dəxi bir dərəcə rahət olduğundan fəlakətli deyildir. Bir dərəcə sərvəti var. Məsələn, bizim mizbanımız*[9] bir o qədər dövlətli kəndçilərdən olmadığı halda, evinin – həyətinin vəzi güzəranı bəd deyildi. Hətta yoldaşım “Russkoye slovo” müxbiri təəccüb edib, deyirdilər ki, rus mujiklərinə nisbətən İran kəndçiləri varlıdırlar.

Mizbanımızın “ərbab-ərbab” – deyə bir ehtiyat ilə başlanan səsi yuxarı pərdəyə qalxdıqda, oyandıq. Səhər açılmış, gün çıxmış idi. Amma yuxudan doymamışdıq. Zira mizbanımız təbiətində olan soyuqluğuna görə mərhəmətsiz olaraq yatacaq vermədiyindən, səfəri bir hal ilə quru xalça üstündə yatmağa məcbur olduğumuzdan rahat yata bilməyib, daima kəndistana məxsus həşərat ilə mübarizə etməyə məhkum edən mübarizə intidadından*[10] yorulub, səhərə yaxın xəstə olub yuxuya qalmış idik ki, ondan da bidar olunduq. Samovar hazır idi. Çay içdik. Hesabımızı etdik. Iki tümən hüsabımız oldu. Gözəl bir Avropa mehmanxanasının qiyməti. Hesablaşdıq və vidalaşdıq. Fayton da qoşulmuşdu. Yola düşdük.

Ikinci mənzilimiz Urmiyə dəryasının kənarıdır.

Urmiyə
M.Əmin
“Tərəqqi”, № 137, 22 iyun 1909

*[1] müsəlləm - doğru

*[2] dankçi – təbilçi

*[3] ləhv - əyləncə

*[4] ittilaatsızlıq – məlumatsızlıq

*[5] kaşif – kəşf edilmiş, bilinmiş

*[6] dilxəraş – ürəkparçalayan

*[7] təqdis – müqəddəs saymaq

*[8] məhzur - qadağan

*[9] mizban – ev sahibi

*[10] intidad – burada şiddət