Məqalələr

İRAN MƏKTUBLARI

(Keçən nəmrədən mabədi)

Doğrusu, osmanlı dövri-sabiqənin bir nümzyəndəsi olan Petros əfəndi indiki yeni türk idarəsinə yaraşar nümayəndə olmağa bir o qədər d layiq deyildir. Məzkur Türkiyə nümayəndəsi olduğu halda türkcə bilmiyor. Katib vasitəsi ilə iş görüyor. Zatən bu adamın bir neçe vaxt iləriyə kimi naib şahbəndərinin rəsmiyyəti dəxi yox imiş. Bu əhvali tək baç şahbəndərliyi, Dilman şahbəndəri Sami bəy ilə olub, Urmiyə nümayəndəsi Petros əfəndi isə naibi-şahbəndər hesab olunurlar.

Bu gün Təbrizdən göndərilən 40 nəfər rus soldatı bir nəfər zabitlə bərabər şəhərə varid oldular. Bu soldatları necə gündür əhali gözləməkdədir. Fəqət Urmiyə dəryasında olan adı paroxod olub, özü bir qan çanağı olan gəminin bərəkətindən haman beş saatlıq yolu üç gündür ki, gəlib çıxa bilmir və rus koloniyasını müntəzir qoyur idi. Bu intizar o dərəcə uzandı ki, hələ şəhərdə soldatların qərq olmaları barəsində xəbər buraxdılar. Soldatlar konsulxanədə durmaq üçün gəlmişlərdir. Güman edilir ki, bu 40 nəfəri mütəaqib yenə də soldat gəlsin.

Petros əfəndinin izharına göre osmanlılar 50 nəfər soldatdan artıq rus qoşunu gəlməsinə mane olacaqlarmış.

Rus soldatlarının gəlməsi bura rus əhalisinə və rus misyonerxanası bərəkətilə pravoslavlıq qəbul etmiş assurilərə artıq dərəcə bir hüsni-təsir bəxş etmişdir. “Çoxdan lazım” idi mənasını hər bir rus və pravoslavnının simasında oxumaq müşkül deyildir. Zatən İran təbəəsi olan pravoslavni assurilər bu hissiyyatlarını tərgiz gizlətmiyorlar.

Soldatlar ilə bərabər Təbrizə kömək istəmək üzrə gedən Orlov cənabları dəxi qayıdıyorlar.

Orlov Urmiyə əyanından Saların əmlakını və kəndlərini icra edən bir nəfər rusdur ki, onun kəndçiləri olan osmanlıya dəxalət verdiklərindən artıq məzkur Orlova bedeh vermiyib, vergilərini guya türklərə veriyorlarmış.

Orlov cənabları Təbrizdə konsuldan himayət istəmişsə də cavab olunub, konsulxananın bir şey edə bilməyəcəyi izhar bulunmuşdur.

Urmiyə bazarındakı fabrika mətalarının çoxu rus malıdır. Qənd, çay, arşın malı, neft, xırdavat şeyləri hamısı Rusiyadan gəliyor.

Bu axırlarda rus malı bazardan qurtarmağa başlayıb, daha dalısı gəlmiyor. Səbəb yolların bağlı olmasıdır.

Səlmas, Xoy yolu bu axırki günlərə kimi qovğaya aludə olduğundan, bu yollar ilə heç bir şey aparmaq mümkün olmuyormuş. Rusiya mətai isə əksərən bu yol ilə gəliyor. Teleqraf müxabirəsi isə ta indiyə kimi yoxdur.

Bura rus konsulu belə öz müxabirati-rəsmisini göndərməkdə müəttəldir.

Urmiyyənin vəzi yol və müxabirat heysiyyətindən o dərəcə müşkül imiş ki, buraya düşən tamami-aləmdən qəti-əlaqə etmiş oluyormuş. Böylə ki, rus qoşunlarının Təbrizə gəldiyini bura konsulu iki həftədən sənra xəbər almışdır.

Konsul cənabları bu cəhəti yolsuzluqdan ziyadə üsulsuzluqdan hesab ediyor, diyordu ki:

- Bir mənim vəzimə baxın. Rus qoşunları özgə bir məmələkətə daxil oluyor, amma rus konsulu onların ha vaxt və nədən ötrü gəlməkliklərini bilmiyoram. Yaxşı ki, Urmiyə əhalisi fəqir və dincdirlər və yaxşı ki, inqilabçılar xoşluqla rusları qəbul etmişlərdir. Əgər böylə olmasaydı, oi halda burada bizim əleyhimizə baş verə biləcək üsyana hansı qüvvəmizlə müqabilə edə bilərdik?!

Burada əncümən hala mövcuddur. Hər gün iclas ediyor. Amma bu iclasların da fəaliyyətdə bulunmadığı aşkardır. Hər kəsdən - əncümən vardır? – Xəbər alsanız “həm var, həm yoxdur” – deyər. Doğrudan da həm var, həm yoxdur.

Həm var, zira, inqilab vaxtında inqilabşılar təyin edən əncümən var, hər gün yığışıb iclas da ediyor.

Həm yoxdur. Zira, əncümənin özünün etirafına görə qanun üzrə əhali tərəfindən seçilmiş əncümən yoxdur, hal-hazırda özünü müvəqqəti hesab edən əncümən-məhəlli, əncümən intixabatına hazırlanmaqdadır.

Indiki əncümənin sədri Urmiyədə məşhur müctəhid Ağa Şeyx Məsiha ağadırlar. Müxbiriniz ağanın ziyarətinə nail olduqda haman əncümənin halından xəbər aldım. Dedilər ki, hal-hazırda əncümən səy ediyor ki, tazədən darüşşurayi-millinin məhəlli əncümənlər barəsində qərar verdiyi qəvaninə müvafiq əncüməni tazədən seçsin.

Neçə vaxtdır kürdlər artıq qarətlərindən əl götürüb sakitdirlər. Kürdlərin bu sakitlikləri haman kəndlərin Osmanlı dəxalətinə keçdiklərindən bəri baş verdiyindən, kürd hərəkəti bəzi mülahizələrə səbəb oluyor.

Bir paraları bu fikirdədilər ki, kürdləri təhrik edən haman Osmanlı hökümətidir ki, onların qorxusundan kəndləri öz dəxalətinə alıyor ki, sonra asayiş veriyor.

Digərlərinin fikri budur ki, osmanlıların öylə bir təhrikləri yox. Amma dəxalət olandan sonra beydaqları himayəsinə gələn əhalini mühafizə etməyə mədyun olduqlarından artyıq burasını hiss edən kürdlər təcavüzlərindən sərifdirlər*[1]. Zira, iləricə qüvvəsiz, köməksiz hesab etdikləri kəndlərin arxasında osmanlı əsgəri durduğunu gördükcə cürət etmiyorlar. Necə ki, daşnaksakan firqəsi tərəfindən təşkil olunmuş müdafieyi-milliləri olan erməni kəndləri dəxi kürd təcavüzatından mühafizə olunub, toxunmamış qalıyor.

Bura assurilərinin katolik qismi, o katolik misyonerxanası – hamısı türkpərəstdirlər. Bunun illəti haman Petrosun katolik olduğudur.

Buradakı fədailərin cümləsi müsəlmanlar imiş. Aralarında cüzi ermənilər varmışda, assurilərdən heç kimsə yox imiş. Hal-hazırda fədailər silahlarını yığıb zəxirəyə qoymuşlar. Mücahid başçılarından Urmiyədə Məşədi Bağır cənablarının şöhrətləri vardır. Fədailər ona və onun yoldaşı Məşədi İsmailə tabedirlər. Məşədi Bağır cənablarının səlimünnəfs*[2] bir mücahid olduğu barəsində şəhərin fikri müxtəlif deyildir. Hər kəs bu adamın doğru bir mücahid olduğunu tərif edir.

Məşədi Bağır cənabları Qafqazda olub, bir çox zaman Bakıda dolanmış və fikri-hürriyyəti dəxi orada kəsb etmişdir.

Asari-mədəniyyət olaraq burada fədailər tərəfindən hazırlanmış bir məktəbi-milli varmış.

Bu məktəbdən başqa bir çox misyoner məktəbləri vardır ki, bunların barəsində şəhərin ümumi haləti təsvir edəcəyimizdə misyonerxanalar barəsində yazacağımız fəsildə təfsilat verəcəyik.

Şəhərin indiki əhvali-səyasisi iştə müxtəsərən yuxarıdakı vəch ilə dii ki, bəyan etdik.

Başqa əhvalına məxsus bir felyeton dərc edəcəyiz.

Urmiyə
M.Əmin
“Tərəqqi”, № 131, 15 iyun 1909

*[1] sərif – burada: əl çəkmiş

*[2] səlimünnəfs – nəfsi pak