Məqalələr

İRAN MƏKTUBLARI

Urmiyə

Urmiyə inqilab vaxtında əncümən qurub beydəqi-hürriyyət ucaltmış İran şəhərlərindən biridir.

Bura əhalisi inqilabın o müdhiş fəlakətlərindən bir o qədər əziyyət görməmişlər. Bunlar nə biri-birləri ilə, nə də hökümət qoşunu ilə bir o qədər müdafiə və mücahidədə bulunmamışlar.

Bunların bir çox müdafiə və mücahidləri vəhşi kürd əqvamının talanına, qarətinə qarşı olmuşdur ki, bu qarətgərlərin müdafiələrinin birində öldürülmüş bir erməni fədaisinin təntənəli dəfni hənuz əhalinin xatirindən çıxmamışdır.

Şəhərin daxilində müxtəsər bir şuluq olmuş, inqilabiyyun tərəfindən təyin edilmiş Səidülməmalikin əleyhinə cəmaət tərəfindən bir qiyam olmuş ki, o qiyam və nümayiş məzkuri şəhərdən çıxmağa məcbur etmişdir. Səidülməmalik xanlardan pul alıyormuş. Bir iki seyyidi döydürmüş və üçüncüsünü hətta öldürülmüş, alış-verişçilərdən tövcü almağa başlamış imiş. Bu zatın məqasidi səqim*[1] olmuyub, müstəqim olsa da, tərzi-hərəkəti xeyli nabəca*[2] və dürüşt*[3] olduğundan və nəhayət, şəhəri qoyub getməyə məcbur olmuşdur.

Məlum olduğu üzrə Səidülməmalikin getməsinə nail olan cəmaət ümidsizliyində osmanlı şahbəndərliyinin köməyinə təvəssül özlərinin mühafizəsini istəmişlər.

Urmiyədə osmanlı şahbəndəri hesab olunan Petros əfəndinin köməyi və məscidlərdə elədikləri nümayişləri ilə onu – Səidi o yerə yetirmişlər ki, məzkur gecə ikən şəhərdən çıxıb getmişdir.

Petros əfəndinin iqrarına görə əgər Səidülməmalik şəhərdən çıxmayacaq olurmuşsa, böyük bir fitnə südur edib onu öldürəcəkmişlər.

Səidülməmaliki bu surətlə şəhərdən çıxardarlar, müvəqqəti hakimlik mənsəbinə vali Müntəzəmüddövlə çıxar. Bu adam Urmiyə şəhərində daimi bir naibül-hökümədir. Hansı bir hakim çıxarılar, yainki, gedərsə, bu adam tazə bir hakim gələnə kimi hökümət yerini dolandırarmış. Bu dəfə dəxi haman vəzifəsini icra ilə “təxti niyabətə culus” etmişlərdir.

Fəqət özünün təbiddə*[4] Osmanlı əlinin mühüm bir rol oynadığını görən Səidülməmalik o osmanlı düşməni kəsilir. Buradan gedib Dilmaqanda*[5] dayanar. Orada bir nəfər osmanlını casus deyə tutdurar.

Osmanlı şahbəndərinin israrına baxmayaraq, tutduğu adamı buraxmaz. O xaxt Xoy hakimi olan Heydərxan cənablarını dəxi osmanlı şahbəndəri Samibəyi həbs edər. Məzkur: “mən şəhər hakimiyəm, sənin ixtiyarın yoxdur ki, məni həbs edəsən”, - deyirsə də şahbəndər: “sən hakim deyil, yabani bir quldursan”, - deyə qulaq asmaz. Nəhayət, Səidülməmalik casus deyə tutduğu türkü şahbəndərdə Heydərxanı mübadilə olaraq azad edirlər.

Bir həftə bundan iləri Səidülməmalik bir iş daha törətmiş oluyor. Xətti-hərəkətində müvazinə gözləməyən bu adamın adamları şəhər kənarındakı bir kəndə getmiş olan osmanlı şahbəndəri və atlılarını axşam olduğundan şəhərə buraxmaq istəməzlər. Şahbəndər adamları ilə fədailər arasında söyüş başlanar. Bədə söyüş atışmaya müncər olub, yeddi nəfər osmanlı əsgəri tələf oluyor. Biləxərə şahbəndər şəhərə daxil oluyor. Səidülməmalikin böylə bir hərəkətindən həyəcana gələn əhali isə şuriş ediyor. Səidülməmalik öz adamlarını götürüb şəhərdən qaçıyor. İndi garda olduğu, nə yerdə gəzdiyi məlum deyil.

Şəhərin höküməti isə müvəqqətən şahbəndər əlində olub, Səidülməmalikin adamlarını axtarmaqdadırlar.

Şəhərə gəlincə, osmanlı əsgərinin keçdiyi və bu tərəflərin osmanlı əlinə düşdüyü barəsində dağıdılan xəbərlər mübaliğəlidir.

Urmiyə və ətrafında üz yüzdən artıq osmanlı qoşunu yoxdur. Şəhərin öz içində isə 40 nəfərdən ziyadə əsgər olduğu yalandır. Osmanlıların buralara gəlməsi haman rusların Təbrizə gəlmələri qəbilindədir.

Burada şəhər əhalisi və bir çox ətrafdakı sünni kəndləri və surilər bir qədər də şiə kəndləri kürdlərin talanı qorxusundan osmanlı təhti-əmanətsinə qalmış və bura istilahınca “dəxalət” verilmişdir. Bu “dəxalət” sözü yerli əhalicə bütün-bütünə osmanlı təbəəsi olmaq mənasına anlaşılırsa da böylə deyildir. Bu “dəxalət” haman məmləkətdə asayiş bərdəvam oluncaya qədər təhti-əmanda qalmaqdan başqa bir şey deyildir.

Zatən osmanlı nümayəndəsi Petros əfəndi dəxi burasını, müxbiriniz ilə elədiyi müshibəsində bəyan etdi.

Osmanlı qoşunu, İran höküməti rəsmən asayiş bərdəvam oldu, daha əmniyyət hasil oldu – deyincəyə qədər İran toprağında qalacaqmış. İşğal etmək, zəbt etmək fikr və xəbərləri isə büsbütün qayırmadır.

Osmanlı nümayəndəsi ilə rus konsulu arasında bir gərginlik müşahidə olunmaqdadır. Bu gərginliyə səbəb iki dövlətin rəqəbətindən artıq nümayəndələrin öz şəxsi əlaqələri səbəb oluyor.

M.Əmin
“Tərəqqi”, № 130, 14 iyun 1909

*[1] səqim – xəstə, saxta

*[2] nabəca - yersiz

*[3] dürüşt – sərt

*[4] təbid - uzaqlaşdırılma

*[5] Dilmaqan – Səlmas mahalının mərkəzidir