Məqalələr

XÜSUSİ TELEQRAFLAR

Təbrizə qəzetimiz tərəfindən göndərilən xüsusi müxbir idarəmizə böylə bir teleqraf göndərmiş:

Təbriz. Səttərxanla mülaqat

Bütün İrani-təmin yolunda tamam dünyaca şöhrət qazanmış olan, bu qəhrəmani-millinin ziyarətinə nail oldum. Fəqət böylə bir qəhrəman mal və canını təmin üçün bəstidə bulunurdu.

Mülaqatımız Opsmanlı konsulxanasında vaqe oldu. Bağırxan ilə Səttarxan bir odada olduqları halda Sərdari-milli bizi qəbul etdi.

Sərdarın zəhirini tərif etmək məncə əbəsdir. Zira bu surəti-benami tanımayan bir nəfər tapılmaz. Fotoqraf o əksi-millini eynilə bütün aləmə nəşr etmiş və hər bir kəsə tanıtdırmışdır.

Sərdar qayətdə sadə və safdil bir adam olub, öz qüvveyi-bazusinə kəmali-əmniyyətlə inan bir adam olduğu hər bir hərəkat və kövtari ilə aşkar ediyor.

Nə üçün konsulxanada bəstə girdiklərini xəbər aldıqda böyük bir ürək ağrısı, və ciddi bir tövr ilə:

- Mən vətənimin istiqlali yolunda bir il tamam çalışdım. Ölüm içində dirildim. Barıt tüstüsü udaraq, işi bu yerə çıxartdım. İndi əziz vətəndə bir işıq ucu göründüyü kimi, o doğma anam başqa bir həlakətə uğrayır. Asayiş hazırlamaq və rahətlik bərdavam etmək üzrə gəlmiş olan ruslar, hala bir hərəkəti-istilacuyanəyə başlamışlar ki, artıq vətənimizin istiqlalından qəti-ümid edir. Elan olunan əvfif-ümumiyyə inana bilmiyoruz. Zira xaricilər hər kəsi istərlərsə, tutarlar, hər nə istərlərsə, edərlər. Məmləkətin hakimləri vəzifə almaq istiyorlar. İştə böylə bir haldə biz nə qayıra bilərik? Artıq canbazlıq meydanında atılıb, müqatilə başlamaq işə keçməz. Çünki burası vətəni daha tez əldən verməyə səbəb ola bilər. Odur ki, biz də burada mütəhəssin olub, sülhə protestimizi bütün dövlətlərə bildirib, xaricilərin tezliklə vilayətimizdən çıxmalarını istəyirik.

“Mən artıq istərdim ki, bizim millət osmanlı ilə yaxınlaşsın. İndi bu haldan bir dərəcə mütəşəkkirəm ki, bizi birləşdiriyor. Təmin almaq və bəstə girmək üçün doğrusu burasını müvafiq gördük. Zira, İslam məmləkəti və ümdəsi məşrutəli bir məmləkətin nümayəndəsidir.

- Bu dəfəki, elani-məşrutiyyətə inanıyormusunuz?
- Məşrutə verilmişdir. Amma rusların bu hərəkəti bir çox şübhə və gümanlara yol açıyor.
- Rusiya qəzetələrində şahın Sizi Tehrana dəvəti xüsusunda yazılan xəbərlərin əsli varmıdır?
- Bəli, elə ki, məşrutə elan olundu, şəhər şadimanlıq etdi, mən də götürüb şaha bir teleqraf çəkdim. Məzmunu belə ki: bu vaxtadək qılınc çəkib, güllə atıb, var qüvvətlə çalışdım, məqsud ələ gəldi. Hala əgər izni-şahanə sadir olursa, bəndələri məşrutiyyətimizin səlamətinə əmin olaraq gedimdə, yenə öz rənc-bərliyimə məşğul olum.

Bunun cavabında isə şah yazdı ki, sənin rəşadətlərin bütün düvəli-müəzzəmə arasında isbat olunub, nam və şöhrətin zihəqq olaraq bütün afaqı basmışdır. Heç rəva deyil sən indi gedib rəncbərlik edəsən. Lazımdır ki, burada millətə və dövlətə xidmət etmək üzrə olub, bizim dəvətimizi qəbul edəsən.

- Sizin evinizi partlatmaq barəsində buraxılan xəbərlərin əsli varmıdır?
- Mənim evimi heç kəs partlatmadı. Bu haman sursat qulluqçusu əlindən bir süstlük nəticəsi olaraq, od almış barıtın odlanmasından başqa bir şey deyildir.

Bu xüsusda mənim imzam ilə “Russkoye slovo” qəzetəsində bir məktub çap olunmuşdur.

Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xeyli cəlddir, danışığı çox ciddidir. Məşrutəpərəstliyi din dərəcəsində qəvidir. Bu adam məşrutə tərəfdarı olmaqla fanatizm ediyor. Bütün hərəkətini, vücudunu, zori-bazusunu millətə sərf etmiş olan bu adam özünün təkrarən bəyan etdiklərinə görə Nəcəf üləması hökmi-müqəddəslərinə tabe olub, onlar nə əmr edirsə, bir an təxir etməsizin icrayə hazırdır.

- Rus və ingilis konsulları yanıma gəldiklərində: məşrutə sənin əlindədir – dedilər. Mən isə cavab verdim ki, siz böyük bir səhv edirsiniz, mən məşrutənin iti bir pasibaniyəm. Sahibləri isə Nəcəf üləmayi-əlamıdır. Onlar nə əmr edirlərsə, mən o saatdaca icraya hazıram.

M.Əmin
“Tərəqqi”, № 116, 28 may 1909