Məqalələr

İRAN MƏKTUBLARI

(Xüsusi müxbirimizdən)

TƏBRİZDƏN

Zavallı Təbriz. Bəlalı mücahid nə qədər korluqlar görmüş, nə qism mühacimatə*[1] düçar olmuş.

Bir il tamam üzərinə yağmaqda olan güllələrə müqabilə edib durmuş olan Təbriz bir o dərəcə vətən yolunda fəda olmağa hazır imiş ki, rus qoşunlarının gəlməsindən iləri öylə bir halda ki, hər bir azuqə şəhərdən qurtarıb, xalq acından tökülüb küçələrdə qalırlarmış, mücahidin yonca yeyib dava ediyorlar və müxalifini şəhərə qoymuyorlarmış.

Burada davada olmamış adam çox az tapılır. Qocasından tutmuş uşaqlarına kimi tüfəng alıb müdafiəyə çıxmışlar. Az adam tapılır ki, güllə yeməmiş olsun.

Nəql ediyorlar ki, əhali öylə hazır imiş ta axırki damla qanlarına kimi müdafiə eysinlər, belə ki, yonca yeyib canbazlıq etdikləri vəqt kimsənin xatirindən təslim olmaq fikri keçmiyormuş.

Lakin bir çox məşhur təbrizlilər ilə elədiyim söhbətdən məlum oldu ki, hərgah azuqə yolları açılmayıb, rus qoşunu daxil olmasaymış millət təslimə məcbur imiş.

Yox, əgər ələ azuqə keçəndən sonra hökümət qoşunu getməyib, dava uzansaydı, belə bir müddəti-mütəmadi daha zədixurd etməkdən savayı qəti bir nəticəsi ola bilməz imiş.

İş böylə bir həsrətli halda olduğu bir zaman ingilis və rus müqaviləsi tamam oluyor.

İran barəsində ittixaz etdikləri politikanı icraya başlayırlar.

Ruslar daxil olurlar və daxil olmaları ilə bərabər elan və bəyan ediyorlar ki, onların gəldiyi başqa bir xəyali-istila və işğal olmuyub, ancaq əhalini vəhşi Rəhim xan atlılarının təcavüzündən qurtarmaqdır. Və Culfa-Təbriz yolunu açıb şəhərə azuqə yetirmək və sakitlik bərpa edib, əgər hökümət qoşunu şəhərə hücum edərsə, müdafiə etmək olacaqdır ki, bu xidmətin əvəzində rus hökümətinin növpəqəstlikdən başqa bir mülahizəsi olmuyub, bu xüsusda eylədiyi iqdamatın xərcini də istəməyəcəkdir. Bu bəyannamənin eyni əncüməndə saxlanır.

Nəhayət dərəcə bir üsrətə giriftar olub, yonca yeməklə istibdad fövclərini vəhşiyanə hücumlarına qatlaşmağa məcbur olub, axır nəfəsdə olan cəmaət təbiidir ki, böylə iqdamə, böylə bir məhəbbət ibrazinə etiraz etməyib, ədavətsizliklə qonaqları qəbul etmiş və əncüməni-əyaləti dəxi onlardan pəziralıq etmişdir.

Bədə, aclara çörək gətirmək və yolları saxlamaq ünvanı ilə gələn qonaqlar məmləkətin ümuri-daxiləsinə əl atmağa başlayıb. Bir soldatın yaralanması səbəbi ilə tələb edirlər ki, mücahidlər təxliyə-silah etsinlər.

Bir soldat yaralanar. əvəzində 10 min tümən pul alınar. Səngərləri dağıdarlar. Yollarda qarovullar qoyub, gələn-gedən müsafirləri axtararlar.

Nəhayət, mücahidlərə əl atıb həbsə başlarlar. Qafqaz mücahidi adı ilə gələnləri “rəiyyətimdir” – deyə tutmağa başlayıb bir neçələrini həbs edirlər, o cümlədən Mirzə Əliəkbər Məhəmmədquluzadə və əncüməni-əyaləti üzvü Şeyx Əli Əsgərdir. Bu həbslər əhaliyə artıq dərəcədə sui təsir edər. Əncüməni əyaləti əzasının həbsinə etiraz edərlər.

Məlum olar ki, Şeyx həzrətləri özləri bilmiyorlarsa da, rus təbəəsi imişlər.

İşi bu surətdə görən gürcülər, ermənilər şəhəri tərk edib, Səlmas və Xoy tərəfinə qaçarlar. Və başqa rus təbəəsi olan müsəlman mücahidləri dəxi şəhərdən çıxarlar ki, rus əlinə düşməsinlər.

Bununla da kifayət edilməz, həbslərin dairəsi böyüyür. Mücahidlər arasında olan rus təbəələri deyil başqa dövlətlərin təbəələrini dəxi tutarlar. İran Culfasında tutulan iki nəfər osmanlı təbəəsinin tutulduqlarını qabaqkı yazımızda xəbər vermişdik.

Bu əndazə bir müdaxilələrdən savayı başqa hərəkətlərə də başlarlar.

Salari-milli Bağırxanın səngərlərini dinamit ilə partlatdıqdan sonra Sərdari-Milli Səttərxan ilə onları qaçaq saldırmaq politikasını işlədirlər ki, bu xüsusi çoxlarından eşidib və Səttarxan həzrətlərinin özlərinin özləri ilə elədiyim mülaqatda sözlər arasında sızmaq oluyor idi.

Nəhayət, əhalinin get-gedə sui-gümanları artır ki, bu günlər haman bu cəhət şiddətli tərəqqi ediyor.

O axırda Naib Hüseyn ilə Husif nam iki nəfərin arasında bir münaqişə baş verir. Naib Yusif Naib Hüseynə bir dəstə ilə evlərinə hücum edərək, güllə atmış olur. Hökümət bunları ehzar edib, aralarında sülh verir. Birinə məzəmmət, digərinə təsliyyət verib, hər ikisindən iltizam alar ki, bir daha ədavətlərini tərk etsinlər də, hər ikisi millət nəfaratından olduqları üçün məhəbbət ilə yaşasınlar.

Bunlar da iltizamnamə yazıb, imzalar edər və söz verib, barışıb işlərinə gedərlər ki, bu iltizamnamə höküməti-məhəlliyyə idarəsində hənuz saxlanmaqdadır.

Sonradan məlum olur ki, burada bir intriqa çövrülmüş. Naib Hüseyn gedər öz məzlumiyyətini izhar ilə rus konsulxanəsinə şikayət edər. Və təhqiq olur. Onlar iadeyi-asayiş üçün gəldiklərindən naib Yusifin evindən guya əhalidən qarət elədiyi malları yiyələrinə verib, evində dinamit qoyub partladar və özünü aparıb orduda məhbus surətilə saxlarlar ki, indiyə kimi orada qalmaqdadır.

Şəhər hakimi İclalülmülkün bəyanına görə konsulxanəyə verilən rəsmi istihazə konsul cavab belə verməmişdir. Hakimin ifadəsinə görə ruslar məhəlli idarə və hökümətdən bilmərrə iğmaz etməkdə olub hərəkatlarında bir cünbişi-istilacuyanə görünür. Bir nəfər soldatın yaralanması fəqərəsində ruslar 24 saətin içində 10 min tümən əvəz və canın verilməsini israrən tələb etdikləri və hər dəfə bir ricuları olursa, 4 saət sonra məmur göndərib cavab istəmələri məlum olduğu bir halda, bütün şəhər əhlinə məlum olan qoca kişini kazak basıb öldürdü. Və əncümənin bu xüsusda olunan tələbinə bircə qiymət verilməyib, hala əgər dəftərlərimizi açıb baxacaq olursanız, yüzə yaxın neveştələr*[2] tapacaqsınız ki, onların heç birinə indiyə kimi cavab verilməmişdir.

Naib Yusifi tutmaqla bərabər onun 17 nəfər yoldaşlarını da tutub, orduya aparmışlar ki, onlardan bir qədərini buraxıb, qalanları hala orduda tovqifdədirlər.

Iştə bu işləri görən Sərdar və Bağırxanlar seziyorlar ki, fikirləri başqadır.

Bunlar məmləkətə asayişi iadə etmək qəsdilə gəlib, hala istilacuyanə bəzi hərəkətlərə düşmüşlər ki, bu nöqteyi-nəzərdən fikirlərincə müzirr hesab olunan ənasirdən özlərini müdafiə etmək fikrinə düşüb, bu adamları təmini-asayişə xələl vuran qələmə verərək, birər-birər dənləməyə başlamışlar ki, bu nöqteyi-nəzərdən bir gün sonra Səttar və Bağırxanların dəxi bir bəhanə ilə tutulacaqları güman edildikdən müşar ileyhlər Osmanlı şahbəndərində mütəhəssin olub, dövləti-aliyənin himayəsini istəmişlər və rusların hərəkatlarına protest etmişlərdir.

Məlumdur ki, adları bütün zəmində bir təmcidi-fövqəladə ilə yad olunan bu adamlar Təbrizdə tərəfdarsız olmazlar. Odur ki, bunlarla bərabər dörd yüz nəfərdən ziyadə əhali dəxi şahbəndərxanəyə savarıb bəstə əyləşir və bəstə gələnlərin sayı gün-gündən artmaqdadır.

Şahbəndərxanə tərəfindən bəstnişinlərə birər biletlər verilmişdir ki, o biletlər onları Osmanlı baydağı altına aman gətirmiş olduqlarına bir əlamət olub, rusların təzyiqinə qarşı təminamədir.

Osmanlı şahbəndəri tərəfindən Tehranda Osmanlı səfarəti və babi-alidə xariciyyə vüzarətinə bu xüsusda ibqalat verilib, cavab alınmışdır ki, baydaği-osmaniyyə təhətinə sığınanlar lazımınca himayə olunmalıdır.

Ən əvvəlcə soldatlar ordudan kənara çıxmamaq şərti ilə Acı*[3] şəhər kənarındakı çadırlarından bayıra çıxmıyorlarmış. Bədən şəhərə davil olub, təxliyeyi-silaha və təxribi-istehkamata məşğul olmuşlar.

Lakin bain həmə özlərini ədəblə aparmağa xeyli güc ediyormuşlar. Lakin bu axır günlərə dəstirazlıq edirlər. Kiminin qabağına qıç qoymaq, kiminin rübəndini götürüb baxmaq və qeyri bu kimi işlər büruz ediyor ki, bu cəhət əhalini nəhayət dərəcədə nifrətləndirir. Hərgah bir qədər daha bu qayda və bu əxlaq ilə rəftar olunarsa, vəxim nəticələr gözlənilməlidir ki, bu da asayiş məramından xeyli uzaqdır.

“Tərəqqi”, № 116, 28 may 1909

*[1] mühacim – hücum edən

*[2] neveştə - yazı

*[3] Acı – Təbrizin içindən keçən çay adıdır