Məqalələr

İRAN MƏKTUBLARI

RƏŞT

Cəşni eydiyyə

Rəbiələvvəlin qürrəsində*[1] Novruz eydi münasibəti ilə darül-hökümət salonunda rəsmi-səlam məclisi təşkil olundu. Əvvəlcə məktəb uşaqları dəstə ilə gəlib Sipəhdarın hüzurunda layihələr oxudular. Sipəhdari-əzəm cənabları da bunları təcdid edərək, bir nitq söyləyib zimnində buyurublar ki, vətənin istiqbalı onlara bağlı və millətin ümidləri onlardan asılıdır. Nəticədə isə uşaqlara Sipəhdar eydiyyə olaraq hədiyeyi-nəqdi buyurdular. İstiqbali-millətə əlhəqq böyük ümidlər verən bu mücahid balalar iltifati-Sipəhdarını qəbul etdikdən sonra bir surəti-qeyrətgüstaranə ibraz edərək, onlara verilən vicuhatın vəchiianeyi-milli xəzinəsinə verilməsini xahiş və bəyan etdilər.

Əvət, bu qism ibrazi-qeyrət edən balaları millətə xidmət etmək üçün inşaallah millət dəxi təhsili-müvəffəqiyyəi tamə etdikdən sonra layiqincə tərbiyə etmək üzrə onların bu gün bir haləti-səfalət üzrə tərtibsiz, qaidəsiz Nuh əyyamından qalma məktəblərini (əgər məktəb demək olursa) islah edər və onlar doğrudan da millət balaları olmağa müvəffəq olar və bu surətlə öz istiqbalını dəxi təmin etmiş olar.

Bu nöbavəgani-vətəndən sonra mücahidini rahi-hürriyyət fədaiyani-məzlumini-millət həzəratı dəstə-dəstə fövc-fövc olaraq müsiqi tərənnümü ilə təmamən məclisi-rəsmi-səlamda hazır oldular.

Hüzzar tərəfindən bilvükalə təhniyyət və təbrik nitqləri irad edildi. Nitqlər qayətdə səmimi, atəşin və mütəəssir idi. Hər bir natiqin nitqi hazıranın alqışları ilə qurtarır. Cümlə mücahidin tərəfindən təqdir edilirdi.

Bu xitab və bu təhniyyət və təbriklərin məzhəri olan Sipəhdar cənabları eşitdiyi nitqlərdən, qəbul etdiyi təhniyət və təbriklərdən qayətdə mütəəssir olduqları bir halda ğərra*[2] bir nitqi-cəvabi irad buyurdular.

Müşar ileyh cənabları rəşid bir sərbaz və cəngi olduqları kimi hərraf bir natiq olduqlarını dəxi bu nitqləri ilə aşkar buyurdular. Bu nitqi-ğərralərində Sipəhdar həzrətləri ittihad, ittifaq, üxüvvət və müsavat xüsusunda danışıb, ancaq bu sürətlə iş iləri aparmaq ola biləcəyini isbat ediyor və həzrati-mücahidini təmkini-qanuniyyətə və müraati*[3]-nəzmiyyəyə dəvət edərək, şəhərin, əhalinin nəzm və nizaminin bərqərar edilməsini əmniyyət və asayişin mütləqən gözlənilməsini bilisrar tövsiyə ediyordu.

Məzkur nitqinin zimnində elan etdi ki, şəxsən özləri dəxi bu günlərdə səngərə gedəcək ki, orada qardaşları məsabəsində*[4] olan mücahidin ilə dəstbə-dəst olub onlar ilə bərabər madəri-mehribani-ümumiləri olan vətən yolunda canfəşanlıq etsinlər.

Artıq bir diqqət və ləzzətlə dinləməkdə olan bu nitq mücahidlər və qeyri hazır olanların asimanfərsa*[5] olan “zindəbad-Sipəhdar” sədaları ilə alqışlar və gürultular arasında xatiməpəzir oldu. Nitqindən sonra Sipəhdar həzrətləri bütün mücahidlər ilə fərdən görüşüb öpüşdülər və böyük bir məsərrət və nəvaziş ilə vidalaşdılar. Bu sürətlə məclisi-səlam böyük bir təmtəraq və cəlal ilə qurtardı.

Bir gün cəşndən*[6] iləri və bu gecə şəhərdə teatro zalında konsert müsamirəsi dəxi təşkil verilmişdi ki, burada nəcəmati-milliyyə sürud*[7] edilir, bir fütuhati-milliyyə nafei-şadmani olunurdu. Teatro zalı müstəmiin ilə məmlüv idi. Buradan gələn varidat vücuhati-ianeyi-milli sandığına varid oluyor.

Rus kazakları

Iləridən xəbərini verdiyimiz rus kazakları indi Rəştdədirlər. Bunlar dəstə ilə şəhərin küçələrində gəzib dolanmaqda və nümayişkaranə hərəkətləri ilə əhalini mütəvəhhiş etməkdədirlər.

Kazakların Ənzəliyə çıxmaqları xəbəri çatdıqda, məclisi-əyaləti və Sipəhdar tərəfindən bütün düvəli-xaricə konsullarına rəsmi kağız yazılıb, onlardan cavab istənilmişdir. Aya məşrutəçilər tərəfindən bu vaxta kimi təbəeyi—xariciyyə bir şey, cüzi bir zərər və kəmehtiramlıq olubmudur?

Bu suali-rəsmiyə hamı konsulxanalar cavabi-qəti olaraq bəyan vermişlər ki, heç kəs inciməmişdir. Rus konsulu dəxi bu tövr bir cavab verib, lakin axırında bir müxtəsər imah əlavə etmişdir ki, bu da poçtun zəbt olunmasından ibarətdir.

Halbuki, zəbt olunan bu sənədə, ruslara məxsus neveştəcat və bağlılara bilmərrə təərrüz edilməmişdir.

Rus konsulundan kazakların nədən ötrü varid edilmələri sorulduqda, cavab vermiş: onlar fərmani-hümayuni-imperatori mövcibincə gəlmişdilər.

Bu kazakların bir çoxu türkcə və rusca laqqırtı ediyorlar. Bundan görünür ki, bunlar məxsusən İrana göndərilmək və bir qəsdi-müəyyənə xidmət etmək üzrə göndərilmişlər.

Kazakların vürudu ümumən şəhər içində bir tövr qeyri-məmul surətdə gəzmələri isə xüsusən əhalinin məvcibi-təşviş və iztirabi oluyor və bu cəhətdən naşi məşrutəxahların etirazi-ümumisini, həyəcan meyllərini gözləmək müşkül deyil.

Ərdəbildən xəbər

Astaradan buraya bateleqraf xəbər verirlər ki, Ərdəbilin ərkani-istibdadi mütəzəlzil*[8] olmuşdur. Nəticə bu yaxında inşallah hazır olacaqdır. Şahsevən və Meşkin elləri Rəhim xanın Qaracadağda olan əlaqəcatını çapıb talan etməyə məşğuldurlar.

Rəsulzadə
“Tərəqqi”, № 57, 18 yanvar 1909

*[1] qürrə - ayın birinci günü

*[2] ğərra – parlaq, işıqlı

*[3] müraat – riayət etmə

*[4] məsabə - oxşar, bənzər

*[5] asimanfərsa – göyə ucalan

*[6] cəşn – bayram şadlığı

*[7] sürud – mahnı, səs, avaz

*[8] mütəzəlzil - sarsıdılan