Məqalələr

QAFQAZ BARƏSİNDƏ

Sağların hazırladıqları müftinanə suallarına canışın həzrətlərinin nümayəndəsi Noldenin verdiyi izahatın ixtisarını yazmışdıq. Bu dəfə Duma iclası haman izahatın müzakirəsini etdiyi zaman Purişkeviç və qeyri Duma vəkilləri tərəfindən deyilən mülahizat və iradatdan müxtəsər məlumat verərək Baron ilə Purişkeviç arasında oan bir münaqişədən bəhs edəcəyiz.

Necə ki, gözləmək olardı Baron Noldenin nitqinə cavab vermək üzrə sağların tərəfindən Purişkeviç çıxmışdır. Purişkeviç nə qədər məzhək və kloun olsa da yenə də sağların arasında ondan savadlı, ondan natiqəpərdaz bir başqası yoxdur. Odur ki, hər bir məsələdə sağların tərçüman-hali həmişə bu hoqqabaz oluyor.

Purişkeviçin fikrincə bütün Qafqaz millətləri hamısı Rusiyadan ayrılmaq üzrə olub özlərinə xüsusi idarələr hazırlamaq fikrindədirlərmiş. Ermənilərin mədəni ittifaqları, daşnaksutyun firqələrin hamısı bu fikir ilə işliyorlar. Və gürcülər də bu qəsddə olduqlarını ikrahrəsan öldürməkləri və qeyri inqilabcuyanə hərəkətləri ilə isbat etmişdirlərmiş. Qafqaz millətlərindən hökümətə və Rusiyaya sadiq, doğru qalan ancaq bir müsəlman milləti imiş ki, bunlar da qafqaz höküməti tərəfindən daima təqib olunmaqda imişlər. Böylə bir politikada da təqsir canişin həzrətlərinin üzərində deyil, zira o qədər qocalmış və işdən düşmüşdür ki, ağzında konfet olduğu halda iş üstündə yatırmış, bu işlərin müqəssirləri onu əhatə etmiş olan ermənipərəst rüşvətxor amirlər imiş. Ermənilərin və gürcülərin ayrılmaq fikirləri əgər dərəceyi-şədidə də zahir olmayıb gizlində qalarsa onda səbəbi jandarma idarəsinin canişindən ayrı olmasındadır. Əgər jandarmaların ixtiyarı da canişində olsaydı, o halda  ayrılmaq məsələsi bütün-bütünə aşkar olardı. Bütün Qafqaz höküməti-aliyəsində olan məmurlar isə kimisi səhlənkarlıq mərəzinə mübtəla olub, kimisi də özləri bir inqilab üzviyyətinə mənsubdurlarmış. Bütün ləyaqətli rus kişiləri Qafqazdan qovulub onların yerinə öylə adamlar qalırlar ki, onların yeri bir başqa yerdə imiş. Rus mənafeinin ziddi olan vücudlar Qafqaza düşürlərmiş. Çunkovski, rotmister Davidov və qeyri çanişinə yaxın olan məmurlar kadet firqəsinə mənsub imişlər.

Purişkeviçin bu tənqiqat və böhtanlarından, yalan və iftiralarından həyəcana gəlib şiddətlənmiş və hiddətlənmiş olan Baron Nolde tazədən mövqe izahata gəlib canişin həzrətlərini və Qafqaz idarəsini mühafizə etdiyində qraf Voronsov-Daşkovun əziz və möhtərəm bir vücud olduğunu qeyd edərək diyor ki, canişinin şəxsiyyətinə toxunub onu tənqid edən natiq canişinin çəkməsinin bağını açmağa belə layiq deyildir. (Burada soldan alqış sağdan qalmaqal qalxır. Purişkeviç yerindən çığırır. Sədr zəng çalır. Təvəqqe ediyor ki, qalmaqal olunmasın. Səslər eşidilir ki, “tənəffüz elan edilsin”. Sədr diyor ki, “tənəffüzü mən özüm gərək elan edəm” mərkəzdən və soldan alqışlar. Sədr diyor ki, “əziz olub qalmaqal etməyiniz”).

Sosial-demokrat vəkili Çxeidze Purişkeviçin Qafqazı tanımadığını bəyan edib diyor ki, Qafqaz idarəsi bir o dərəcədə fəna deyildir ki, bunu canişinin nümayəndəsi bəyan etdi. Sağların verdikləri zapros özünün hər bir kəlmə və mətləbi ilə qraf Voronsov-Daşkovun şəxsiyyətini ləkədar edib, onu müttəhim etmək istiyor. Halon ki, hərəkəti-hürriyyətpərvanənin Qafqazda inqilab surəti kəsb etdiyi qrafın təyinindən daha iləridi. Qafqazda sağların anladıqları, daha doğrusu anlamağa sərfələri olduğu ayrılmaq fikri bu məna ilə elə ki, Rusiya millət və dövlətindən ayrılıb xüsusi idarə təşkil etsinlər, yoxdur. Köhnə qaidə və nizamlardan ayrılıb Rusiya milləti ilə bir yerdə ittihad edib hərəkəti-hürriyyətpərvəranə ilə meydana qoyulan tələbləri saxlamaq və onları almaq mənasına olan “ayrılıq” isə Qafqazda mövcuddur. Və bu ittihad və ittifaq fikri nəzərimizcə qafqazlılar ilə rus milləti arasında heç bir vaxt pozulmayıbdır. Biz özümüzü bir təkcə gürcü füqərayi-kasibəsinin məzhəri-hissi-təvəccöhi deyil, rus füqərayi-kasibəsinin dəxi etimadgahi hesab ediyoruz”. Bədə natiq Qafqazın qeyri adi məişətini iqrar edib onun islahını da iqtisadi hüquq və siyasi islahatda görüyor. (Tənəffüs elan edilir).

Tənəffüsdən sonra Baron Nolde mövqeyi-xitabəyə gəlib etizar*[1] istiyor və diyor ki, hiddətlənmiş bir surətdə dediyi nalayiq sözlər Dumaya deyil, Purişkeviçə məxsus idi. Dumanı isə möhtərəm tutub onun hüzurunda bəyanat verməyi özünə fəxr hesab ediyor. (Sağ tərəfdən qışqırırlar ki, “bu da təhqirdir”). Sonra Çxeidze nitqini xitamə verərək Baron Noldenin nitqinin surətini nəql ilə zirdəki*[2] ünvan ilə Dumanın etirazını bəyan ediyor: Əvvəla Baron Nolde fəvqəlzikr sözlərində Dumanın təhqir olunduğunu və saniyən böylə bir təhqirin Duma sədrinin rəyasətinə nisbətən xüsusi bir əlaqədə qoyulan hökümət nümayəndəsindən nəşət etdiyini nəzərə alıb Duma öz üzvlərindən birisini hökümət nümayəndəsi tərəfindən təhqir olunması aleyhinə protest izhar edib, Duma sədrindən xahiş ediyor ki, bu günkü iclası bağlasın (alqış).

Duma sədri böyük bir izhari-təəssüf edərək iniqadı*[3] başlıyor.

Əvət Baron Noldenin öylə bir surətdə şiddətli olması, Duma üzvlərindən Purişkeviçi də olsa təhqir etməsi parlament üsulu ilə məqbul deyildir. Çxeidzenin bu xüsusda “Purişkeviçi mühafizə eləməsi” iştə bu nöqteyi-nəzərdən anlaşılır.

Indi gələk Purişkeviçin Qafqaz müsəlmanları barəsində söylədiklərinə: müsəlmanların “qayğısına qalmaqda” Purişkeviçin muftinanə bir mülahizəsi vardır. Bu mülahizə də müsəlmanlar ilə qeyri Qafqaz vətəndaşlarını bir-birinə zidd və düşmən surətində göstərib şanişin həzrətlərinin də tərəfdar bir hakim olduğunu isbat etməyə çalışmaqdır. Guya canışın müsəlmanları hökümətə sadiq olduqları üçün təqib ediyormuş. Onlar (yəni müsəlmanlar) Rusiyadan ayrılmaq istəmədikləri və hürriyyətpərəst və ziddi-hökümət olmadıqları üçün qrafın nəzərlndən düşüb onlara diqqət verilmiyormuş.

Bunların bütün-bütünə bir iğfal və fitnədən, axmaqcasına bir fitnədən ibarət olduğuna nəzərimizcə Purişkeviçin dilindən deyildiyi özü böyük bir dəlildir.

Qafqaz canişini qraf Voronsov-Daşkov bizim nəzərimizcə bütün Qafqaz millətlərinin hamısına bir gözlə baxıb, hamısını bir dərəcədə tutuyor. Hərgah qrafın təsəvvürati-xeyirxahanəsindən qeyri millətlər artıq nəf aparıb müsəlmanlar geridə qalırlarsa, bunda dəxi müqəssir canişin həzrətləri deyil, bəlkə Purişkeviçlərin təqdir elədikləri bir üsuldur ki, onun bərəkətindən müsəlmanlar böylə bir dərəcəyə gəlmişlər. Ələ düşmüş fürsətdən də istifadə edə bilmiyorlar. Böylə bir müftinanə hərəkətləri ilə sağlar heç vaxt eyləyə bilməzlər ki, ittihadi-ittifaq və birlik ilə ümum tələblərə nail olub rəfi-ehtiyaca mail olan Qafqaz millətlərini biri-birlərindən ayırmaqla öz şeytanətkaranə fikirlərini icra eləsinlər.

M.Ə.
“Tərəqqi”, № 126, 14 dekabr 1908

*[1] etizar – üzr istəmək

*[2] zirdəki - açılış

*[3] iniqad - açılış