Məqalələr

İRAN İŞLƏRİNƏ DAİR

TƏBRİZ, 5 dekabr – Cülfadan əncümənə vasil olan xəbərlərə görə oradakı rus təbəələri Dövlət dumasına müraciət edib konsulun heç bir müavinətdə bulunmadığından dolayı haman məhv olacaq dərəcədə mütəzərrir*[1] olduqğarından şikayət etmişlərdir.

Bu münasibətlə bu gün əncüməndə müzakirata cərəyan etməkdədir. Müzakiratda qafqaziyalılar dəxi iştirak edirlər.

Təbriz – 5 dekabr – Dünən bütün gün Rəhimxanın Təbriz yaxınındakı Basməncəiyə gəldiyi söylənməkdə idi. Dəmavənd alayının Eynüddövlə ordugahına gəldiyi və bu günlərdə ikinci Qəzvin alayının dəxi gələcəyi xəbəri şaye olduğundan əhali xof və dəhşət içindədir.

Axırıncı qətər ilə Culfaya bir çox erməni, gürcü və sair inqilabçılar gəlmişlərdir. Bunların cümləsi Təbrizə gedirlər.

ÜRƏK DAĞLANIR

Qarşımda bir məktub və üç konvert duruyor. İranca yazılmış bu məktub və konvertlər məni dərin düşüncələrə salıyorlar, huşa gediyoram, İran nəzərimdə təcəssüm ediyor.

Burada insanlar tələf oluyorlar, uşaqlar mələyirlər, qanlar axır, zülm və istibdad əlindən asimanlara çıxmaqda olan nalələr ürək parçalıyor...

Kağızı oxuyuram, yazıyoram.

“Azərbaycanın soyuq qışı gəldiyindən füqəra və züəfai*[2]-əhali küllən əldən gediyorlar. Hücəci-islamın fitvaları olduğu bir halda təsəvvür edə bilmiyoruz ki, aləmi-islam necə bu əhvalatı eşidiyor da, sakit və rahat əyləşib əhli-əyalı ilə ləzzətlə tənavül*[3] etməkdə və rüzigar keçirməkdədirlər.

Bir cəm fəqir və biçarələr qarlar arasında ac və çıplaq qalıb, çıplaq cücə kimi əsməkdədirlər, qut-layəmut*[4] yoxlarıdır. Söz iranlı və qeyri olmaqda deyil, hər bir insan olan kimsəyə, hər bir müsəlman olan şəxsə lazım və vacibdir ki, həqqi-məşrutələrini almaq yolunda böylə bir səfalətə giriftar olanlara dəsti-ianətini uzadıb onlara yardım etsin. Hərgah bu biçarələrin əhvali-pərişanələrini təsvir edəcək olursam heç kəsdə taqi-taqət qalmaz!...

Ey müsəlman qardaşlar, təcil ediniz! Böylə bir həmm və ğəməngiz olan məktubun qiraətindən sonra konvertləri alıb açıyoram. Üstlərində yazılan əlamətlərdən anlıyoram ki, surətən tanımadığım, təsəvvür belə edəmədiyim, nə olduğunu bir çox fikr və təəmmüldən sonra belə anlaya bilmədiyim kəsək və qara palçıq malasının qurusu, demə Təbriz bazarında müxtəlif vaxtlarda əhaliyə satılmaqda olan çörək imiş...

Hərgah konvertlərin üstlərinə yazılan bu məlumat olmasaydı mən bu daş talaşalar, inan kəsək parşalarının, mala sınıqlarının hərgiz çörək olub, yeyinti şeyi olduqlarına inanmazdım. İnanmazdım, çınki bir hissəsi arpa qılı, bir hissəsi duz, çox hissəsi isə torpaq olan bu “çörak”ləri mən əvvəlinci dəfə görüb və heç xəyalıma belə gətirməzdim ki, əsri-haliyəmizdə insanların yeyəcəyi şey torpaq ola bilsin.

Bu konvertlərin ikisi cofində*[5] olan “çörək”lərin ki, rəngləri saman ilə yoğrulmuş olan şirə palçığa oxşuyur, biri 1322-ci sənəyə, digəri də 1326-cı sənə cəmadilaxirinin bazarına mənsubdur ki, bu vaxt Təbriz düşməni – din və ədayi-islam tərəfindən əhatə olunub heç yandan şəhərə azuqə buraxılmıyordu. Üçüncü konvertdə olan çörək Təbrizin fəthindən sonra şəvval ayında bazarda satqıda olan “çörəyi” müayinə ediyor. Bu dəxi çörək yeməyə adətkardə olanları heyrətə salacaq dərəcədə isə də qabaqkılara nisbətən bir dərəcə yaxşıdır. Yəni, şirə palşığa deyil, əhəng malasına oxşuyor...

Indi bir ləhzə diqqət edilirsə biçarə iranlıların nələr çəkdiklərini anlamaq çətin deyildir!..

Bu “çörək”dən İran məişətinin başqa cəhətlərinə pay aparmaq dəxi müşkül deyildir...

Bu “çörəklərə” baxdıqca insanı təfəkkür, təəmmüq düşüncələr alıyor. Bu düşüncələrlə aludə olduğun bir halda və görürsən ki, həyati-İraniyyə bütün həqayiqi ilə nəzərində mücəssəm oldu. Görürsən ki, bir tərəfdə yetim qalmış xırda balalar, “nənə mənə çörək” – deyə soyuqdan göyərmiş dodaqlarını ahəstə tərpədərək, gözlərindən qan-yaş axıdaraq cındıra geyinib, soyuqdan, aclıqdan, çılpaqlıqdan başını itirmiş biçarə bir dul övrətin ətəyindən yapışıb zar-zar ağlayırlar. Acdırlar, çörək istiyorlar. Mənim daş parçası, kəsək xırdası təsəvvür etdiyim “çörəyi” biçarə övrət axtarır, ancaq o da əlinə düşmiyor...

Görürsən digər tərəfdən səf çəkib özünü fədayi-hürriyyət edən vətən igidləri azimi-cihaddırlar. Fəqət onlar mühitləri olan fəlakət və səfalətdən, nə aclıq və çılpaqlıqdan utanırlar. Fəqət ürəklərində yanmaqda olan o atəşi-ələvi-məcaz onları yoldan saxlamıyor. Əzmi-rahi-cihad oluyor da, daimi olan fəlakət mühitlərinə ancaq eləyəcəkləri bu əzm və sabat  ilə bir nəhayə qoya biləcəklərinə inanırlar. İnanırlar da bu xüsusda səfalətdən tənglik dərəcəsinə gələnlərə bir təsəliyyəti-qəhrəmananə və mərdanə olaraq “həmişə zillətdə qalmaqdansa, birdəfəlik ölmək yaxşıdır” tərazini təkid ediyorlar!...

Iran zülmi, istibdadi, aclığı və qəhətliyi ilə mübarizədə olan qəhrəmanların rəfi-fəlakət etmək üçün bundan artıq çarələri ola bilməz. Iştə bu çarə də nəhayətdə təbii və haqlıdır!...

Ancaq burada dəvət ediləcək, köməyə çağrılacaq haman yuxarıda nəql etdiyimiz məktubda göstərildiyi kimi bütün islam həmiyyətməndanı, bütün aləmi-bəşəriyyət, bütün mühibbani-məşrutətdir.

Əvət, kömək lazımdır. İanət gərəkdir, islamiyyət naminə kömək, bəşəriyyət xatirəsinə ianət, hücəci-islam fitvaları üzərinə yardım etmək gərəkdir.

Məlum olduğu üzrə Bakıda bu qəsd ilə bir vaxt komitə təşkil olunub İran xəsarətzədələri üçün ianələr yığılırdı. O komitəçilərə gərəkdir ki, öz elədiyi işləri və göstərdikləri himmətləri barəsində əhaliyə məlumat verib, onları yığılan pulların yerinə gedib çatmasına mütməin etməklə iləridə dəxi hümmət və qeyrətlərindən geri qalmayıb daima işdə olsunlar!...

İslamiyyət, bəşəriyyət, məşrutiyyət və müzəffəriyyət naminə işdə olsunlar!...

Fətəbiru, ya ulu-l-əbsari!*[6]

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 124, 11 dekabr 1908

*[1] mütəzərrir – zərər çəkən

*[2] züəfa – zəiflər

*[3] tənavül – yemək və içmə

*[4] qut-layəmut – ölməmək üçün ruziləri

*[5] cofində - içərisində

*[6] fətəbiru, ya ulu-l-əbsari – ibrət götürün ey görənlər