Məqalələr

İRANDA HÜRRİYYƏT

Hürriyyət, azadlıq və sərbəstliyin nə əndazədə ziqiymət olmağına hər bir yerdə dəlil, bürhan*[1] istəsələr də rusiyalı bir nəfərin cümlə Rusiyanı tutan iğtişaş və ixtilali və bu yolda tökülən qanları, dağılan xanimanları görüb də istəməsi əqildən kənar, fəhmdən xaric bir şey olduğunu hər kəs uca bir səslə şəhadət verib, böylə bir şəxsdən nifrət edəcəkdir. Böylə bir bahalı, qiymətli, iranlıların mıvhumi kimyaları dərəcəsində qiymətdar olan hürriyyət, bir elə hürriyyət ki, onu ələ gətirmək üçün Avropa dövlətlərinin hamısında zəhmətlər çəkib, qanlar töküb, xanimanlar dağıdıb, yüz illərcə, min illərcə səy və küşişdən sonra hasil etdikləri hürriyyəti İran milləti bir cüzi təşəbbüs ilə almağa müvəffəq oldu.

Həmin tarixlərin səhifələrinin öz istedad və mədəniyyəti ilə tənvir edən İran; nifaq və şiqaqpərəstlər, müftəxor və müstəbidlər, alimnüma cahillər ucundan bir dərəcəyə çatmışdı ki, bu günlərdə qəlbimizdə bir ümid işığı peyda edən İran hüriyyətinə dair teleqraf xəbərlərinə heç kəs inanmaq istəmiyordu. Çoxları, bu millət öldü dəxi dirilməz – deyib duruyordu. Amma bir az fikir edilirsə iranlıların qabiliyyət və istedadi-fitriyyələrinə bir nəzər edilərsə, tarixi-mədəniyyətlərinə imani-nəzər olunursa srağa günkü farsi vərəqəmizdə mündərici-dəsti xətti-hümayunun*[2] surəti hər bir bədbin şəxsi şəkk və şübhədən ari etsin gərək. Farsi vərəqədə dərc olunmuş dəsti xətti-hümayuni isə farsi bilməyən oxucularımızdan ötrü tərcümə edib sonra məqaləmizi qurtaracağız.

“ƏDALƏTXANƏ” MƏCLİSİNİN TƏRTİBİ XÜSUSUNDA SADİR OLAN DƏSTİ-XƏTTİ HÜMAYUNUN SURƏTİ

Cənab Əşrəfi Atabəyi Əzəm! Necə ki, neçə dəfə özümüzün ədalətxanə məclisinin tərtib və təsisi barəsindəki rəiyyətin rifa və səsdətlə yaşaması və münəvvər olan şəriətin qavanin və ehkamını rəvaci xüsusunda hər bir mühüm məqsudlardan vacibraqdır. Və budur ki, bissərahə müqərrər buyururuq ki, müqəddəs qanuni-ədaləti-islamiyyənin ki, pak olan şəriətin ehkam və hüdudlarından ibarətdir, tezlik ilə rəiyyətin heç bir təbəqəsinin arasında fərq olmayaraq ədl və siyasəti ki, nizamnamədə işarə edəcəgiz cari olsun. Gərəkdir şəxsiyyət və tərəfdarlıqlar cidayi-məmnu olsun.

Əlbəttə, bu tərtib ilə şəriət qanunlarına mütabiq bir layihə yazıb ərz edək ki, tamam vilayətlərə dair olsun. Və onun məclislərinin tərtibi vəchi səhih ilə olmalıdır. Əlbəttə, üləmayi-əlamın bu növ müstədəyatı ki, bizim ömrümüzün duagüluğuna baisdir, həmişə məqbul olacaqdır. Və bizim bu dəst-xəttimizi ümum vilayətlərə həmitilla veriniz.

Şəhri-zilqədə 1323

Görünür ki, Asiya özünün köhnə aləminin yada salıb təzədən həyata, mədəniyyətə, tərəqqi və rövnəqə üz döndərmişdir. Yaponiyanın dünənki haləti, İranın bugünkü təşəbbüsü, Çin, Əfqan və Hindistan məmalikinin tərəqqiyə olan meyli cümlə məmaliklə müşahidə olunan tərəqqi, hürriyyət və səadətcuyanə olan hissiyyati-amiyə, təşəbbüsati-aliyə iddiamıza şahid deyil də nədir?!

İndi İranda verilən zikr etdiyimiz hürriyyət nişanəsi və ittihad, ittifaq səmərəsi olan “Ədalətxanə”yə bir nəzər edib buna dair fikrimizi izah edəlim:

İranda verilən “Məclisi-məbusan” (əgər demək olar isə) Rusiyanın hürriyyəti, sərbəst və azadəliyi kimi olacaqmı? Bu sual verilirsə qətiyyən deyə biləriz ki, xeyr! Bundan əsaslı, sədaqətli olmasına artıq güman gediyor, zira İran dövləti öz halının davamına qabil olmayan bir surətdə qaldığını etiraf edərək hürriyyət əsası üzrə təkrar təəssüs və təşəkkül etməsini vacib bilirdi. Və ancaq cəmaət tərəfindən cüzi bir cünbüşə hazır idi ki, özün düzəltməklə belə cəmaətin də arzu və tələblərini kəmali-xoşnudi ilə pişvaz etsin.

Asiyanın bu cünbuşini ümumən və iranlıların bu hərəkətini xüsusən görüb də, ictimaiyyatın bu yovuqda Asiya torpağında bir müvəffəqiyyət kəsb etməsindən əmin olub qəlbimdə bir hissi-şadyani olaraq ürəyimin ən dərin güşəsindən iranlı qardaşlarımızı bu müvəffəqiyyəti-üzma və eydi-kübra münasibətilə təbrik edib diyoram:

- Ey qəflət yuxusu ilə məşhur olan qardaşlar, axır ki, ayıldınız! Sübhləriniz xeyir olsun!

Lakin bu cünbuş, bu hərəkət ki, ona iqdam etmisiniz bəs deyil, dəxi ayaqlanıb yeriməyə başlayın! Cümlə karvanlar sərmənzili-məqsudə yavuqlaşıbdırlar. Amma siz indi yerinizdən hərəkət etməyə başladığınızda bir qədəm yerinə kik qədəm, bəlkə də on qədəm vurmalısınız ki, qabaq gedənlərə çatıb millət və dövləti məzəmmət və zəlalətdən qurtarıb mənzili-məqsudə çatasınız!

Ey iranlı qardaşlarımız!.. sizin məqsudə yetmənizdə hər kəs şəkk edirsə, etsin. Mən özlüyümdə şəkk etmirəm: Sizin əslafınızın tarixi bunu göstərib əlaniyyə diyor ki, zöhkarlar zülmünə düçar olduqda gavələr, əfqanlar talanına giriftar olanda nadirlər olduğu kimi, bu dəfə dəxi istibdad bəlasına aludə varsınızsa da ittihadi-milliyyə, məhsusati-amiyyə sağ olsun!

Yaşasın İranda hürriyyət!
Yaşasın İranda qanuni-əsası!

M.Ə.R-zadə
“İrşad”, № 51, 20 fevral 1906

*[1] bürhan – dəlil, sübut

*[2] dəsti-xətti-hümayun – mübarək əlin dəsti-xətti