Məqalələr

EHTİYAC NƏYƏDİR?

Həyat hər bir ehtiyacı təyin ediyor: məşəqqəti-həyat isə bu təyinatı iti bir surətə qoyub hər an, hər dəqiqə, hər saniyə də özünü bilditdirmək, hiss etdirtmək dərəcəsinə vardırıyor...

Cəmaətimiz, xüsusilə avam dediyimiz fəhlə və işçi əhalimizin nə dərəcə böyük bir fanatik olub bilümum tazə elmlərə, xüsusən rus dili təliminə düşmən olduğu, rus dərsinə gedən və rusca oxuyanları tən*[1] və lən*[2] daşı ilə daş-qalaq etdiyi hamımıza məlumdur!...

Madam ki, cəmaətimiz, əsil həyat və diriliyin, insanca ruzigar və məişət keçirtməyin nədən ibarət olduğunu bilmiyor, nə də ki, dövrəsini almış olan elm-mədəniyyət və mafihasından xəbərsiz idi, bu təəssüb, bu cəhlində qaim durub həmişə “küfr-süvar”*[3] idi.

Indi isə övzayi-aləm dəyişib, müsəlman aləminin “təkfir”*[4] – dövrünün izmehlali*[5] yaxşılaşıb, o təəssübü*[6]-cahilanə, o kor-koranə təqlid günləri meydandan çəkilib, güşeyi-nisyanə atılmağa başlamışdır.

Hər bir ehsasi-qələbəiyyə, əqliyyə və ruhiyyəsi yatmış, korlaşmış olan cəsədi-islam dövrümüzün qulaq yırtan, ürək qalxızan, gözlər açan təbəddülati-siyasiyyə və ictimaiyyəsinin gürultu, partıltısı təhtində olaraq hərəkətə gəliyor.

Əsəri-həyat göstəriyor ki, bu aləmlə təəyyüş*[7] eləsin, ayıq olsun, yuxusundan ayılsın.

Bu vaxtadək dünyanı, öz-özünə və dünyaya müxtəs*[8] və məxsus hər bir şeyi fani – deyə gəlmişdir. Bu vaxtadək burani fani hesab etmişdir. Adətən yuxulu olduğundan bütün ömrünü təvəhhumat içində keçirmişdir. İndi isə ayılmış bir təbliği-məchulə təsiri altında fəna və bir puç hesab etdiyi şeyin bir bəqayi*[9]-cavidaniyə çatmaq üçün fənapəzir deyil, təkamül-məzhər olan bir meydan olduğuna inanmışdır. Baxmış ki, bu meydan bu vaxtadək qulağına vurulduğu fəna meydanı olduğu kimi bəqa meydanıdır da ki, nədən isə orasını bu vaxtadək ondan gizləmişlər. Görmüş ki, burası bir meydani-mübarizədir ki, hər kəs yatıb qalarsa fani, hər kəs oyanıb cəhd və səy edərsə baqi*[10] olacaqdır.

Bu həqiqəti görər-görməz, keçmişdə onu iğfal*[11] edənlərə lənətxan olduğu bir hal ilə meydana atılır və bu meydanda mübarizə etməyə əvvəlinci dərəcə lazım olan elm əsləhəsinə dara olmaq istəyir. Məktəblər, mədrəsələr açmaqla öz övladını təəyyüş və həyati-meydanda baqi olanlardan etmək üzrə silahlandırmağa başlayır. Fqəət bununla da kifayət etmiyor, çünki, o vaxtadək keçirdiyi kimi artıq bir daha ömür eləməyin mümkün olmadığını bilən şəxsə artıq köhnə qayda üzrə qalmaq çətindir. Böylə bir hiss ilə əhalimiz, əvavımız keçindiyi halda onun hər bir qədəmdə silahsız olduğu gözünün qabağında duracaq və özünü bu ehtiyacdan qurtarmağa çalışacaqdır.

Iştə bu çalışqanlıq, bu həvəs isə özünü göstəriyor. Sovet syezdin açmış olduğu gecə dərslərinə gələnlərin çoxusu müsəlman fəhlələridir. Hələ bunların hüsabının keçən ilə nisbətən qeyri millətlərə nisbət ilə artması bir daha məsələni aşkar qılıyor. Bunların gecə dərslərinə gəlməkləri rusca öyrənib və hesabdan bir qədər məlumat almaq üçündür.

Əvət, nə qədər ki, bunlar bir vadiyi-qeyri-zi-zər*[12] misalında olan sənət və ticarət mərkəzlərindən uzaq yerlərdə idilər, onlara rus dili və hesab gərək deyil idi. Və bu gərəksizlikdən naşı da cəhalət tərəfdarlarının təkfirləri meydangir və nəticəpəzir idi. İndiki, Bakı mədənləri kimi bir meydani-həyata düşmüş, həyati icbari olaraq onu buraya atmışdır, odur ki, bu meydanın sıxıntısı ilə səadətinin nərədə olduğunu və buna çatmaq üçün nəyə möhtac olduğunu anlamışdır ki, gecə dərslərinə üz qoymuşdur!...

Böylə dirilik etmək olmaz!... Bu qanılmış. Indi ehtiyac nəyədir?.. İştə müsəlman avamını təəmmülə*[13] salan məsələ.

Indi böyük ehtiyac, uğaqlıqda təlim vaxtı ötüb müxtəlif cəhətlərlə “əsləhəsiz” qalmış olanları elmi əvvəliyyə və ibtidaiyyə ilə müsəlləh etməyədir.

Burasını nəzərə alaraq “Nicat” maarif cəmiyyəti hüququnu və nə edəcəyini qanmış olan əvam cəmaətimizə bir mənəvi kömək olmaq üzrə ona ricu edib istimdad çağıran mübarizəni-həyatın dəvətlərinə ləbbeyk deyib şəhərimizdə bir gecə dərsləri açmağa qərar vermişdir. Gecə dərsləri Şamaxı yolunda, Konka dayanandakı şəhər məktəbinin məkanında bu günlərin içində olaraq açılacaqdır.

Bu dərslərin üsuli-qəbul və şəraiti barəsində sonra.

Gecə dərsinə getmək istəyənlər indidən özlərini “Nicat”da yazdıra bilərlər.

M.Əmin
“Tərəqqi”, № 119, 5 dekabr 1908

*[1] tən – söymə, vurma

*[2] lən – qarğış, lənətləmə

*[3] küfr-süvar – kafirlikdə qalma

*[4] təkfir – kafirlikdə təqsirləndir

*[5] izmehlal – puç olma, məhv olma

*[6] təəssüb - fanatizm

*[7] təəyyüş – yaşama, məişət

*[8] müxtəs – məxsus

*[9] bəqa – varlıq, dəyişməzlik, davam etmə

*[10] baqi - əbədi, daimi

*[11] iğfal – aldatma, qəflətə salma

*[12] vadiyi-qeyri-zi-zər - əkinsiz vadi

*[13] təəmmül – dərin düşüncə