Məqalələr

MİLLİYYƏT VƏ ƏYALƏT MƏSƏLƏSİ

Milliyyət və ya əyalət məsələsi; iştə Rusiya həyatının, həyati-siyasiyyəsinin ən azarlı, ən ağrılı yeri!..

Rusiyanın hər bir əyaləti, Rusiyada sakin olan hər bir millət, hökümət başında olan heyətə və ya Dumada olan əksəriyyətə öz əlaqə və münasibətini bu məsələnin surəti-həllinə nisbətlə müəyyən edir...

Hərgah bir heyəti-idarə və yaxud Duma firqələrindən birisi təklif elədiyi bir layihə və əsas ittixaz etdiyi bir məsələ əyaləti-məmləkətin və müxtəlif millətlərin təzyiq olunmağa adətkərdə olan hüquq və ixtiyarlarının mühafizəsinə durarsa, onlardan bir hüsnü-təvəccöh görməyə ümid elər.

Rusiyanın indiki övzai bir vəziyyətlə binalaşmışdır ki, nə bir heyəti-hakimiyə, nə də Duma əksəriyyətinə malik olan oktyabristlərə, bunların heç birinə zikr etdiyimiz miləl və əyalət tərəfindən bir hüsnü-təvəccöh yeri yoxdur.

Lakin bununla belə oktyabrist firqəsinin başçısı Quçkov bar-bar bağırır, məclislərdə, yığıncaqlarda öz firqələrinin böyüməsindən danışanda ümdə nəzərə aldığı həmin bu hüsnü təvəccöh məsələsidir. “Bizim taktikamızın səlahiyyətini görən müsəlmanlar da bizlə həmsəda oluyorlar” – deyə Quçkov Moskva iclasında ələnən*[1] elan ediyor...

Bu elan ilə bərabər Quçkovun bu siyasət ticarətinə məşğul olduğu ilə bahəm bir də bu firqənin digər nümayəndəsi Fon-Anrepə baxınız.

Maarif komisyonunda yerli dillər barəsində olan müzakirə xüsusunda qəzetəmizdə xəbər vermişdik.

Oktyabrist olan Fon-Anrep bu məsələ barəsində doklad etdikdə diyor ki, “əhalisinin çox hissəsi yerli əhalidən ibarət olan əyalətlərdə eləmək olar ki, tədris milli ana dilində olsun”. Komissiya sol tərəfini eləmək olar ki, sözünün lazımdır ki, sözünə təbdil olunmasını israr etdikdə Fon Anrep bilirmisiniz nə bəyanat veriyor? O diyor ki, “bu məsələni şərtsiz qoymaq olmaz, zira öylə əyalətlər var ki, oralarda bəzi əhvali-xüsusi və mülahizati-dövləti və siyasidən naşi ana dilini tətbiq etmək olmaz!...”.

İştə bu xüsusi mülahizat və siyasiyyati nəzərə alıb da Fon-Anreplə bərabər hər bir komissiyada əksəriyyət təşkil edən oktyabristlər burada da öz çoxluqlarından sui-istifadə edib həqq və insafyanə irad edilən bir təshihi əsas və binasız olaraq bir mülahizəyə qurban edib Fon-Anrenin təklifini bilatəshih qəbul etdilər.

Bu layihənin eləmək olar sözünün baqi qalmasının nəyə lazım olduğu əvvəl nəzərdə aşkar oluyor. Bu ifadə gələcəkdə ediləcək bir çox təcavüzətə əsas olacaqdır. Bir əyaləti götürüb orada təlim barəsində bəhs açıldıqda yuxarıda işarə etdiyimiz məzhəri-hüsnü-təvəccöh olmayan heyəti-hakimələr və idareyi-zabitələr isbat edəcəklər ki, burada ana dilini tətbiq etmək olmaz, zira bir çox xüsusi mülahizat və siyasət nöqteyi-nəzərindən buna mümaniət görünür. Onda qoy təcavüzə uğramış o əyalət, o millət Dumaya şikayət etsin, rəfi-iştibahda bulsun, hər nə bilirsə eyləsin. Məsələ komisyona gələndə isə məlumdur ki, “ağa durub, ağacan da durmuşdur”.

Oktyabrist firqəsinin invest*[2] məsələsində daima dad-fəryad etdiyi bu idi ki, “məktəb gərək hər bir siyasətdən ayrılıb xalis bir darülelm olsun”. Əcəba bu xalisiyyət əyalət məktəblərinə şamil deyilmi?..

Əvət, niyyəti xalis olmayıb bütün məqsədi əğrazi-növiyyə və politikanlıqla müləvvəs*[3] olan bir firqənin bu tövr fikri-tənaquzi*[4] düşdüyü təbii olduğundan buna artıq təəccüb ediləməz!...

Ancaq təəccüb ediləcək orasıdır ki, böylə kəc niyyətliklə oktyabristlər o qədər bir cürətə malik oluyorlar ki, çıxıb qəhr-kərdələri olan millətlərdən hüsnü-təvəccöh və müvafiqət*[5] məchər olduqlarını ələnən elan etməkdən utanmiyorlar.

Qəzetəmizdə müsəlman fraksiyasının naminə olaraq məbus Təvəkkülov cənablarının bu xüsusda “Novoye vremya” qəzetəsində Quşkova yazdığı rəddiyyəni oxuyanlara bu cürətin nədən ibarət olduğu məlumdur.

Öylə bir əyalətlərdən və təlimi-ibtidaisi ana dilində “ola bilənlərdən” biri də məlum olduğu üzrə Qafqazdır. Əcəba Qafqazda mümkün olacaqmı ki, tədrisi-ibtidai ana dilində olsun? Əcəba Fon-Anreplərin xüsusi mülahizat və siyasiyyatı bu zavallı əyalətə aid olmayacaqmı?...

İştə burasını təmin edən bir şey yoxdur. Biləks hələ indidən nümayişdə olan hərəkat onu göstəriyor ki, gələcəkdə Qafqaz haman “xüsusi mülahizatdan” qurtara bilməyəcəkdir.

Qafqaza, qafqazlılara, Qafqaz idarəsinə, Qafqaz canişininə bu vaxtadək edilən ittihamat, sui-təvəhhümat, təcəvüzat və latailat*[6] kimin zərərində deyil?!...

Hələ tazəlikcə Qafqaz başına yenə də dolablar qurulur. Fon-Anreplər mülahizəsində olan “Qolos pravdı” qəzetəsində general Batyanov təklif ediyor ki, Qafqaz məsələsi həlli barəsində müzakirə etmək üçün “dövlət kişilərindən” bir komissiya təşkil olunub Qafqaz canişinliyinin islahı və yaxud bilmərrə götürülməsi, Qafqazın general qubernatorluqlara təqsimi, vəzifeyi-əskəri və Qafqaz “əyalət şurası” təşkili barəsində müzakirə olunub bir layihə hazırlansın. Cənab general burasını da yadından çıxartmayıb əlavə ediyor ki, “əyalət şurası” əvəzində Qafqaz Dövlət duması vəkillərinin qədəri gərək son dərəcəyə kimi azaldılsın.

On milyon əhalisi olan bütün qafqazdan Pimoşkini çıxdıqdan sonra cəmi 7 nəfər olan vəkili bir qismini də hənuz mahiyyəti məchul olan bir “şuraya” qurban etmək, əcəba haman Fon-Anreplərin “mülahizə”lərindən nəşət etmiyormu?...

Dövlət dumasının bir qərara gələ bilməsini yəqin duymuş ki, maarif vüzərati Qafqaz yerli məktəblərinə bilimtiyaz verilmiş proqrama özünün bu axırda göndərdiyi məşhur fehrist*[7]-naməsilə əvvəlinci zərbeyi-mühlikəni*[8] vurmuşdur!...

Əvət, oktyabr fərmanı surəti-təsviyə almaqda və oktyabristlər vətəni “islah” edib, “izmihlaldan” qurtarmaqdadırlar!...

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 113, 27 noyabr 1908

*[1] ələnən – açıq, aşkar

*[2] invest (investiya) – kapital (maya) qoyuluşu

*[3] müləvvəs - bulaşmış

*[4] tənaquz – bir-birinə zidd olan

*[5] müvafiqət - razılıq

*[6] latailat – boş, faydasızlıq

*[7] fehrist – müqəddimə, siyahi, cədvəl

*[8] mühlik - öldürücü