Məqalələr

FİTNƏ VƏ PROVAKASİYA

“Nicat” maarif cəmiyyətinin drama heyəti tərəfindən üzümüzə gələn cümə gücəsi məşhur artist Ərəblinskinin şərəfinə “benefisə” olaraq “Qəzavat” dramasının oyanılması elan olundu.

“Qəzavat” bir nəfər tərəqqipərvər rus aktyoru tərəfindən yazılıb məşhur dramaturq Əbdülrəhimbəy Haqverdiyev tərəfindən türkcəyə tərcümə edilmişdir.

Bu əsər Dağıstanın öz istiqlal və hürriyyəti uğrunda etdiyi mücahidatı, Şeyx Şamil əfəndi həzrətlərinin zamani-fədakarasını təsvir ediyor!... Bu pyesə dağıstanlıların şücaət və fədakarlıqlarını meydani-ənzarə*[1] qoyur...

Burasını da deməliyiz ki, bu əsərdə Şeyx Şamil həzrətlərinin özü səhnəyə qonulmuyor. Ancaq o zati-ali miqdarın bir tərzi ədibanə ilə adı çəkilməyə bəslik olunur.

Böylə bir dramanı məlum işdir ki, müsəlman səhnəsi dörd gözlə gözlər və dörd əli ilə qucaqlar. Bu tövr gözəl bir əsəri mən etdirmək*[2] üçün heç bir müsəlmanın qiyam edəcəyinə, ələlxüsus ləzgi qardaşların etirazını kimsə güman etməz, biləks bunun ləzgilər tərəfindən artıq bir hüsnü-nəvəccöh və qəbulə məzhər*[3] olacağına ümid edilir idi!...

Lakin görünür ki, müftinlər böylə təsəvvür etmiyorlarmış, görünür ki, onlar fürsət axtarırmışlar ki, ləzgi qardaşlar ilə Bakı cəmaəti arasına bir iğtişaş salsınlar. Onlar istəyirlərmiş ki, şəxsi qərəzləri üçün “Nicat” adı ilə sui istifadə də bulunsunlar!...

Iki gün irəli “Nicat”da həmin bu dramanın hazırlığı gedirkən bir dəstə ləzgilər “Nicat”a gəlirlər. Bunlar ilə bərabər ləzgi qardaşların hörmətli və sahib-nüfuz şəxsləri də olurlar. Ləzgi mollası əfəndi həzrətləri dəxi hazırda oluyorlar...

- Eşitdik ki, “Nicat” Şeyx Şamil həzrətlərinin oyununu çıxardır, onu teatroya qoyur!... Belə şey qardaşlıqda yaxşı deyil” – deyirlər.
- Əfəndilər, görünür ki, siz müştəbeh olmuşsunuz!... Şeyx şamil həzrətləri sizə nə dərəcədə yaxınsa, bizə də o dərəcə yaxındır. Şeyx Şamil əfəndinin fədakarlığı sizdən ötrü nə əndazədə əziz və girami*[4] isə, bizdən ötrü də o dərəcədə əziz və giramidir!...

Nəuzu-billah*[5], Şeyx həzrətlərinin təkdir*[6] edəcək şeyi gərək siz özünüz xəyalınıza belə gətirməyəydiniz ki, - “Nicat” teatraya qoysun!... Madam ki, böylə xəbər buraxmışlar, yaxşı olub ki, özünüz gəlmisiniz, buyrunuz, drama hazırlanır, qulaq asınız onda bilərsiniz ki, sizi iğfal*[7] etmişlər!...

Ləzgi qardaşların nümayəndələri “repetisiya” otağına daxil olub, oyuna axırına kimi tamaşa etdilər və mütəəssir yerlərində ağlayıb, böyük bir razılıq ibraz etdilər.

Bir nəfər ləzgi nümayəndəsi ləzgi əfəndisi cənablarından üç dəfə təkrar ilə xəbər aldığı: “burada Şeyx Şamil həzrətlərinə toxunan bir şey yoxdurmu??...” – sualına hər dəfə qəti və bilatərəddüd – “yoxdur, yoxdur!” – cavabını aldıqda, bir haləti-məsruranə elə yerindən durub “Nicat”çılara xitabən:

- Qardaşlar, indi ki, siz bizim şücaətimizi, fədakarlığımızı mühəssənati*[8]-milliyəmizi üzə çıxarıb, aləmə göstərməklə bizə xidmət ediyorsunuz, var olunuz qardaşlar!... İndi deyiniz biz sizə nə bağışlayaq!!...

Məzkurun böylə sadə, sadiqanə, samimanə söylədiyi sözləri insanda artıq bir hissi-bəradəri oyadır. Artıq məhəbbət artırdığı kimi, bu qism sadədilləri, saf ürəıkləri öz şəxsi mənfəətlərindən ötrü əl dəyməmiş bir zəmin hesab edən iğvakarlara*[9], müftinlərə insanın qeyzi, acığı tutub nifrətini artırır idi ki, bu bivicdanlar necə qıyırlar ki, böylə bir səmimiyyət və sadəliyə məzhər olan ürəyi öz şəxsi mənfəətlərinə yetişmək üçün ləkələyib, iştibaha*[10] salıyorlar!...

Xülasə qara qüvvələrin pərvərdə etdikləri fitnə keçmədi!.. Ləzgi qardaşlar artıq dərəcədə razı qalıb getdilər. Vədə verdilər ki, bütün ləzgilərə xəbər edəcəklər ki, cümə günü “Qəzavat”ın tamaşasına gəlsinlər!

Ümid ediyoruz ki, cümə günü ləzgi qardaşlar Tağıyev teatrosuna gəlib oradan artıq razı olarlar.

Böylə bir provakasiyanın hardan gəldiyi “Nicat” cəmiyyətini qara-qara fikirlər və sui-zənnlərə*[11] salıyor idi. Kim böylə şeyə müstəiddir? Kimdir ki, bu tövr dolablar quruyor? – fikri “Nicat”ın bütün üzvlərini alarkən, cəmiyyət  adına cənab Mustafabəy Əlibəyov tərəfindən bir kağız gəldi ki, bu kağız işin mahiyyətinə bir dərəcəyədək işpq salıyor və işi açmaq üçün səri kələfi göstəriyor.

Görünür ki, müvəffəqiyyətsizliklə qurtaran bu fitnənin hazırlandığından xəbərdar imiş ki, cənab Əlibəyov haman təsvir etdiyimiz əhvalat günü bu ixtarnaməsini*[12] yollamışdır. Rusca yazılmış olan bu kağızın eynilə tərcüməsi iştə bu:

“Maarif cəmiyyəti “Nicata”

Mühüm bir səbəb və başqa bir çox illətlərə*[13] görə sizə məsləhət görüyoram ki, “Şamil” oyununu təxir edəsiniz. Naxoş olduğumdan mən özüm gələ bilmədim.

Mustafabəy Əlibəyov”.

Biz cənab Əlibəyovdan xahiş və tələb ediyoruz ki, işarə etdiyi “mühüm bir səbəb və başqa bir çox illətlər” barəsində lazimeyi-bəyanat və izahatı bilatəxir versin ki, fitnənin hardan gəldiyini bilək, yoxsa məcbur oluyoruz ki, Əlibəyov cənablarının özlərini dəxi bu qaranlıq işdə şərik olduğunu güman edək!

“Nicat” sədri M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 112, 26 noyabr 1908

*[1] ənzar – nəzərlər, baxışlar

*[2] mən etdirmək – qadağan etdirmək

*[3] məzhər – nail olma

*[4] girami – hörmətli

*[5] nəuzu-billah – üzdən iraq

*[6] təkdir – pisləmə

*[7] iğfal - aldatma

*[8] mühəssənat – gözəl xasiyyətlər

*[9] iğvakarlar – yoldan, başdan çıxaranlar

*[10] iştibah – şübhə

*[11] sui-zənn – pis xəyal

*[12] ixtarnamə - xəbərdarlıq məktubu

*[13] illət – səbəb, məqsəd