Məqalələr

İCMALİ-SİYASİ

İRAN

İrandan hökümət qərardadlarına dair biri-birinə nəqz və fəsx edərək həm gülməli və həm ağlamalı xəbərlər gəlməkdədir.

Bunlara gülməli diyoruz, çünki öylə dirayətsizlik*[1] və istiqamətsizlik*[2], cübn*[3] və süstlük, bunların hamısından bədtəri cəhl səfr ilə böyük bir cəmaətə, bütün bir plkəyə hakim olmaq iddiasında olanların halı gülməlidir. Ağlamalı diyoruz, çünki, böyük bir millətin, bütün bir ölkənin böylə bir bikifayətlər*[4] əlində qalıb illər müddətincə giriftar və əsir düşüb, indi də onların cəngəllərindən qurtarmaq istədiklərində böyük girdablara, qanlı faciələrə düşüb izmihlala yaxın olduqları – ağlamalıdır.

İştə bu gülünc və ağlar xəbərlərin axırıncısı teleqrafın axırıncı xəbəri olan “Dövlət şurası” xəbəri idi.

Guya “Dövlət şurası” ondan ötrü düzəlirmiş ki, yığılacaq məclisin üsuli-intixabını hazırlasın. Öylə üsul ki, onun vasitəsilə yığılacaq məclis keçənki kimi olmayıb ölkənin üqəlaları və üləmalarına məzhər olsun.

Biz bu barədə öz fikrimizi deyib, bu xüsusda naümidliyimizi bildirmişdik. Və bunun da tazə bir şəbədəbazlıqdan ibarət olduğuna işarə etmişdik. Zatən şah özü dəxi “Röyter” müxbiri ilə elədiyi söhbətində bu şəbədəbazlığını bir daha isbat etmiş və demiş ki, güya o (şah) əsasən fikri-məşrutiyyəti təqdir ediyor və cəmaətin tərəqqisini onda görüyor. Lakin bu qədər var ki, İran üçün bu hənuz tezdir, cəmaət ona hazırlaşmamışdır.

Iş böylə olduqda görünür ki, “Dövlət şurası” dəxi göz örtmək üçün düvəli-müəzzəmə qabağında bir surət göstərmək nə qədər səbükfəhmanə*[5] olsa da Rusiya və ingilis dövlətlərini allatmaq qəsdi ilə qurulmuşdur.

Bu çuranın sədrinin Monte-Karloya getdiyi xəbəri bunu daha müəyyən qılıyor. Məclis paydar etmək üçün şura bina olunur. Lakin bu şuranın sədri məşhur qumarbazların klubu hökmündə olan “Monte-Karlo”ya səyahətə gediyor!..

İran ərbabi-hökümətindən bu təəccübmidir?...

Onlar qumar ilə idareyi-məmləkətin bir o qədər də fərqində deyildirlər! Onlar öz cəhalətləri, nəxvətləri*[6] saiqəsilə böylə bir mütəzadd və münafiyi*[7]-qaidə işləri fərq etməzlərsə də əbləhanə aldatmaq istədikləri Avropa diplomatları onu təşxis edirlər.

Onlar eyləyə bilərlər ki, doğru söz ilə iğfal*[8] və yalanın həqiqətnəvazlıq ilə şəbədəbazlığın fövqünə varsınlar. Onlar səbr eləməzlər ki, Əmirbahadır kimi səfyələrin kabinələri onların nümayəndələrinin gözlərinə üfürməklə şan və hüysiyyəti-millilərini təkdir etsin. Bu gün məşrutənin bərqərar olduğunu təmin etməyə, onlara söz verib sabah fəsxinə fərman versinlər. Hərgah bu xüsus İran hökümətinin ari olmadığından vecinə deyilsə, öylə xəyal etməsin ki, Avropa dövlətləri də onlar kimi biar və bihəmiyyətdirlər!...

İştə baxınız rəsmi “Rossiya” və nimrəsmi “Novoye vremya” qəzetələri dəxi artıq səbr edəmiyorlar: İran hökümətinin iğfalkarlığına şiddətli surətdə etiraz ediyorlar. Həmişə İran məşrutəçilərinə ittihamat istinad verməkdə bir növ İran höküməti tərəfdarı olan “Novoye vremya” dəxi “cana gəlmişdir”. Böylə şey olamaz, axır ki, bu Avropa dövlətlərinə gülmək, ona istehza etməkdir!... İran höküməti gərək vədə verdiyi ioşi əncamə gətirsin diyor!..

Iran höküməti əcəba bundan sonradamı inad edəcək, əcəba bundan sonradamı iğfalkarlığından, dənaətindən, səfahət və biirzəliyindən əl götürməyəcək?!

Insan bu həşəratın bir şeyə müstəid olmadığını təcrübələrlə gördüyündən bir haləti-məyusiyətdə qalıb, İran cəmaətinin qələbəsi ilə İranın izmihlal fikri arasında mütərəddid qalıyor!...

Iştə görəlim sabah nə gətirəcək!...

TÜRKİYƏ

İran işləri böylə bir vaxim surət aldığı halda Türkiyə işləri təsbiyələnir. Oradakı müharibə xəbərləri, müharibə qorxuları yavaş-yavaş zail oluyor. Bolqariya ilə Türkiyə müqavilələrinin etilafə yaxın olduğunu xəbər vermişdik. Avstriya tahdidatı, boykot məsələsi də bu gün Avstriyanın daxilində baş vermiş millət davası səbəbindən ruyi-səlah almaqda və Avstriya-Osmanlı müharibəsi olan şayiatı ikinci səfhəyə atılmaqdadır.

Avstriya daxilində indiki zaman çexlər ilə nemsələr vuruçmada, biri-birilərini kəsməkdədirlər. Bu fəlakət Avstriyanın Bosna-Hersoku zəbt etməyindən nəşət etmişdir ki, slavyan olan çexlər bundan narazıdırlar və bu zəmində onlar ilə nemeslərin arasında atəşi-təəssüb fövran etmişdir.

Avstriyanın daxilində olan bu ixtişaş iştə Avstriya dövlətini Türkiyəyə nisbət ittixaz etdiyi xətti-hərəkətindən inhiraf etməyə məcbur ediyor. Bu vaxta kimi heç bir vəchlə araya qoymadığı, qoymaq istəmədiyi Bosna-Hersok təvizatı barəsində indi ruzi-riza göstəriyor. Zəbt etmiş olduğu Bosna-Hersok xüsusunda Türkiyəyə təvizatı-nəqdiyyə verməyə can atıyor. Hələ bu axır vaxtlarda boykot məsələsindən dolayı qalxızdığı tələbatını belə yaddan çıxardıyor. Artıq bu xüsusda Türkiyə hökümətinə elədiyi təklifdən vaz keçiyor.

Əvət, səri-hökümətdə millətin əmanətini müzhir*[9] olan əşxas olursa, məmləkəti hər bir təhlükədən qurtara bilmək ümidi mövcud olacaqdır!

İştə bu sürətlə Türkiyə xarici təhlükəsindən bir dərəcəyədək əmin olub daxili işlərinin intizamına çalışa biləcəkdir ki, burası təcəddüd etmiş osmanlılar üçün hər bir müvəffəqiyyəti-sairədən daha əfzəl, daha qiymətlidir!...

RUSIYA

Rusiya əhval-siyasiyyəsində dəxi bir təhəvvül görünməkdədir. Bu vaxta kimi dəvairi-aliyyənin imtiyazına, təqdirinə məzhər olan “Rus milləti ittifaqı”nın hörməti deyəsən intihayə çatır... Daha doğrusu “eşşək çülünü düzəltməyə” məmur olan “həqiqilər” çulu qarınaltına salıyorlar!...

“Novoye vremya” rus milləti ittifaqından şikayət ediyor: qubernatorların verdikləri dokladlardan görünürmüş ki, həqiqi ruslar cəmaəti, milləti iğva ediyorlarmış?...

Bunu deyən biz deyilik, “yəhudi” mətbuatı da deyil, “Novoye vremya”nın özü, “Suvorin baba”nın qəzetəsidir. Doklad verən gubernatorların “yəhudidən dönmə” olduqlarına da görünür ki, “Novoye vremya” güman etmiyor...

Bəs onda nərədədir ki, “Novoye vremya” böylə məqalə yazmış?... Əvət görünür ki, “həqiqi ruslar” duzu artıq işlətmişlər!...

Həqiqi ruslar Rusiyanın əqilsiz və dəli dostları isələr, “Novoye vremya”çılar onlara nisbətən ağıllı düşmənləridirlər! Odur ki, cəmaətin “iğva” olunduğuna razı olmuyorlar!

Fəqət bu da İran şəbədəsindən geri qalmaz bir şəbədəbazlıqdan və gözlərə pərdə salmaqdan, iğfarkarlıqdan başqa bir şey deyildir!...

Rusiya cəmaəti istər o ağılsız dostlar, istərsə bu ağıllı düşmənləri – hər ikisini çox yaxşı tanıyor!...

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 110, 24 noyabr 1908

*[1] dirayətsizlik - savadsızlıq

*[2] istiqamətsizlik - vicdansızlıq

*[3] cübn - qorxaqlıq

*[4] bikifayət – səriştəsiz

*[5] səbükfəhmanə - yüngül düşüncəli

*[6] nəxvət - xudbin

*[7] münafi – bir-birini rədd edən

*[8] iğfal - aldatma

*[9] müzhir – zahirə çıxaran, aşkar edən