Məqalələr

MÜƏLLİMLƏR GƏRƏK

Məktəb qədri bilindikcə, elm və mərifətə olan meyl artıqca müəllim yoxluğu özünü bildirir!...

Müəllim yoxdur!...

Budur müsəlmanların tərəqqi və mədəniyyətə tərəf getdiklərində yollarına sədd olub onları çətinliyə salan səbəblərin birisi; budur rəfi vacib olan ehtiyacların birincisi!...

Indi cəmaəti elmə, dərsə rəğbətsiz, meylsizdir – deyə ittiham etmək olmaz. Hər yerdə məktəblər açılmağa başladı. Hər yerdə məktəbsizlik özünün nə dərəcədə bir mühlik*[1] olduğnuu bildirdi. İndi məktəb açılır. Xalq uşaqlarını mədrəsələrə yollayırlar...

Lakin müəllim tapılmıyor!

Bu vaxtadək mütəllimlər tapılmıyordusa, indi də demək olar ki, müəllimlər tapılmıyor.

Əvət ana dilini tədris etməyə müqtədir olub və qanunca həqqi-tədrisə malik olan və pedaqoji nöqteyi-nəzərdən hazırlığı olan müəllim tapılmıyor... Nə etməlidir? Haradan müəllim almalıdır?.. İndiki məktəblərin vücudu ilə müəllim qəhətliyi varsa ümumi təlim layihəsi tətbiq olunanda nə olacaq?!...

Əcəba bütün Qafqaza müəllim yetişdirməkdən ötrü bir Qori seminariyası bəsdirmi?

Müsəlmanlara məxsusi darülmüəllimin açmaq lüzumu çoxdan özünü bildirməkdədir. Zatən bu xüsusda artıq danışıqlar olunur və vaxtında bu danışıqlar, bu layihələrin qayətdə iti bir surət aldığı dəxi məlumumuzdur. Lakin bizim hər işimizdə olduğu kimi bu məsələdə də bütün danışıqlarımız, layihələrimiz, təsəvvürlərimiz hələ danışıq, layihə, təsəvvür oluyor, qalıyor, ondan o tərəfə keçilmiyor!...

Müsəlmanlara məxsus darülmüəlliminin binası əsasını təqdir etməmiz və bu yolda ediləcək hər bir qədəmi alqışlamağımızla bu fikrin felə gəlməsini arzu və xahiş etməklə bərabər Qori seminariyasından dəxi iğmazi-eyn*[2] etməmiz rəva deyil, zənnindəyiz!...

Doğru, Qori seminariyasının əsasları, üsulları “ticarətdən”, “misyonerlikdən” ibarətdir. Lakin bununla belə madam ki, ayrı bir darülmüəllimimiz yoxdur, buradan beqədri-imkan istifadə etməliyik.

Hökümət bu məktəbin müsəlman şöbəsinə ildə 20 min manat xərc ediyor. Hərgah müsəlmanlar da öz mənfəətləri üçün bu xüsusda ildə 1500, 2000 manat sərf eləsələr, hər il 5-6 müəllim fəzlinə olaraq hazırlaya bilərlər.

Iştə burasını nəzərə alıb bir az hümmət etməlidir. Ildə 2 min manat artıq pul deyildir, bunu bir Bakı yığıb verə bilər və bu yol ilə bu qədər möhtaci olduğumuz müəllimlərin təksirinə*[3] nail olmaq olar!...

O biri cəhətdən seminariya üsulu ilə mübarizə etmək üçün bir mülahizəni də nəzərdən buraxmamalıdır. Müsəlman şöbəsinin inspektor yeri hənuz açıq qalmaqdadır. Buranı uzun bir müddət açıq saxlamaqdan, olsun ki, məqsəd miropevlərin xatirxahi və məsləkdaşı bir nəfəri təyin etməkdir. Burasına dəxi diqqət verməli və hər vəsilə ilə olsa öylə eləməlidir ki, bu mənsəbə təyin olunacaq şəxs müsəlmanların razılığını təmin etsin. Iş böylə olursa o halda oraya veriləcək 1500 və ya 2000 manatın yerinə düşməsinə bir dərəcə əmniyyət hasil və oradan gözlənəcək mənfəəti almaq olar!!...

Fəqət iqdam lazım!...

M.Əmin
“Tərəqqi”, № 109, 23 noyabr 1908

*[1] mühlik – məhvedici

*[2] iğmazi-eyn – göz yumma

*[3] təksir - çoxaltma