Məqalələr

TƏDRİSMİ, TİCARƏTMİ?

Bakıda bir nəfər fəqirə, acizə müsəlman övrəti var...

Bu zəifənin ümid və pənahı olan Məhəmməd Qori darülmüəllimində dərs oxuyur... bunun xərcini və dərs haqqını bir möhtərəmə xanım bəröhdə etmiş və noyabrın 22-sinə kimi olan 105 manat tədris haqqını vermişdir...

İndi isə biçarə övrət oğlundan kağız almışdır ki, hərgah bu günlərdə ona 180 manat yollanmazsa bədbəxt olacaq, dərsdən qalacaqdır...

Bu 180 manat nə puldur?

Biz bu xüsusda darülmüəlliminə yaxın olan bir nəfərdən əhval bildik. Onun bizə verdiyi bəyanatdan məlum oldu ki, Məhəmməd dərsində zəif olduğundan şurayi-müəllimin qətnaməsilə dərsdən çıxarılıb və ona ixtiyar verilmişdir ki, tazədən imtahan tutsun. Görünür ki, məzkur indi imtahan tutmaq istəyir və qeyri darülmüəlliminə şagird hüsab olmayıb tazədən imtahan verənlər kimi gərək ki, 180 manat versin... Olsun ki, möhtərəmə xanım həzrətləri də Məhəmmədin keçən ildə bir sinifdə iki il qaldığını və bu dəfə də tazədən imtahan tutduğunu nəzərə alıb “istedadsızlar” xəyalı ilə pul vermək istəməmişdir.

Adətən qaidə hər yerdə, hər məktəbdə bunadır ki, dərsdən zəif olan şagirdə ikinci dəfə bir imtahan verməyə fürsət verirlər. Hərgiz məktəbdən xaric etməzlər. Zəif, şagird hesabında qalar da və tazədən imtahan verir və heç bir vaxt tazə bir imtahan tutanlara bir cərgəyə qoyulmaz...

Nə isə darülmüəllimin heyəti-müəllimini ümumi olan bu qaidəyə rəayət etmiyor. Şagird zəif oldumu, bilmərrə məktəbdən ixrac ediliyor. Sonra şagird məktəbdə oxumaq istəyirsə tazədən ərizə verib imtahan tutmasını təklif ediyor...

Bunun illəti və səbəbi nədir?...

Biz burasını fövqdə zikr etdiyimiz darülmüəlliminə yaxın və bələd olan şəxsdən təhqiq etdikdə məlum oldu ki, bu cəfaya giriftar olan bir Məhəmməd deyil, bunun kimi 6 nəfər başqa müsəlmanlar da varmışlar.

Görünür ki, darülmüəllimin heyəti-müəlliminin burada qəsdi tədris deyil. Böylə bir qətnamə və böylə qaidə və nizamın məğzi nə təlim fikri, nə pedaqoji nümayəşə, heç biri deyil, bunun əsl səbəbi ticarətdir!...

- Ticarətdir?... Darülmüəllimin ticarətxanəmi?...
- Bilirmisiniz, iş nə yerdədir? Tazə ərizə verib darülmüəlliminə girmək istəyən şəxsə lazımdır ki, həqqi-təlimdən əlavə 30 manat da məktəbin xırda xərcləri üçün versin ki, bu pul məktəbin öz idarəsində qalıb xəzinəyə verilmiyor. Həqqi-təlim isə xəzinəyə verilib sonra oradan məktəbə təxsis olunan məbləğ surətində darülmüəllimin idarəsinə qaytarılır. Bu pulun hesabı məhkəmdir. Xırda məxaric üçün alınan 30 manat isə müdir həzrətləri Miropevin öz idarəsinə həvalə olunur. Bunun hesabı bir o qədər müşkül və möhkəm deyildir. İndi ikinci imtahan vermək əvəzinə bilmərəə məktəbdən xaric etmək politikasının nərədən gəldiyi aşkar oluyormu?...

Ancaq ondan ötrü ki, hər şagirddən 30 manat məktəbin “xırda mal ehtiyacına” alınsın – deyə Kazan misyonerxanasından çıxıb müəllim mündirinə geyinmiş kişilərin şurası böylə qətnamələr elər və özgənin ehsanı və köməyi ilə oxumaqda olan biçarəgani böylə ehtiyaclara sala bilər.

Bunlara nə deyiləcək, nə yollu intiqadlara*, nifrətlərə məzhər olacaqları aşkardır!...

Biz ancaq buna təəccüb ediyoruz ki, bir nəfərdən savayı o şurada olan başqa müəllimlərin (keşişlərdən başqalarıdı) insafı necə rəva görmüş ki, ancaq Miropevin xatirxahi olan bu xilafi-üsul və qaidə qətnaməni imzalamışlar!... Olmaya məclis qurtarandan sonra “yaman bir iş gprdük” – sözü ilə tövbə edib vicdanlarının daha rahət olduğuna və hər bir məsuliyyətdən qurtardıqlarına inanıyorlar?...

Əvət, Qori seminariyasında (darülmüəlliminində) bu qism “qanunlara”, “qətnamələrə” çox tez-tez təsadüf etmək olar!...

Bu barələrdə bir ayrı vaxt. İndi isə seminariya qanunlarına daha doğrusu ticarətinə qurban olan Məhəmmədə kömək etmək lazımdır!

Bizim indiki, övzaımızın, məişətimizin artıq dərəcədə olan ehtiyacı məlumdur. Bu saətdə biz Qafqaz müsəlmanlarına incinerdən, doktordan, texnikdən – hər qism intelligentlərdən daha əvvəl cəmaət müəllimi lazımdır!...

Iştə burasını nəzərə alıb da Məhəmmədə kömək etməlidir!...

Əminiz ki, bizim bu dəvətimizə ləbbeyk deyən tapılıb Məhəmmədi milli məkatiblərimiz naminə bu müşküldən qurtarar!...

Himmət, yahu himmət!!

M.Əmin
“Tərəqqi”, № 108, 21 noyabr 1908

* intiqad – tənqid