Məqalələr

QAFQAZ YADDAN ÇIXMIŞ

Vaxtilə Peterburqun köhnə qaidələri tərəfdarıolan siyasi məhafil, “Novoye vremya” və “Rus milləti ittifaqı” kimi dairələr Qafqaza hücum etməkdə və qafqazlıları bir xain-dövlət, Rusiya cəmaətinə verilən qeyri hüquq və ixtiyardan səlb*[1] olunması lüzumu barəsində əllərindən gələn səy və mücahidəni əsirgəmiyorlardı...

Mərqumlar*[2] bu qəsdlərinə çatmaq üçün olmazın bəhanələr və həddindən ziyadə istinadlar və müftinliyə əl atıb islah və intizami güc və qədər ilə deyil, hüquq və mülayimətlə daha da tez bərpa etmək mümkün və əlverişli olduğunu bilib və Qafqaza da Rusiyada olan ixtiyaratı vermək tərəfdarı olan Voronosov-Daşkov cənablarına ağızlarından çıxan hədyanatı vüreyqə*[3] məzalələrini dərc etməkdən utanmayıb, onu istefaya məcbur etməyə var qüvvələri ilə çalışdılar.

Bununla da kifayət etməyib qafqazlıların Türkiyə meyli, İran inqilabına həvəsi və bunlardan nəşət edən ruhi-etiraz ilə pərvərdələnib Rusiya hökümətinə ağ olub üsyana hazırlaşmaları kimi, Rusiyadan ayrılmaq xəyalları kimi əsli olmayan xəyanətlərə istinad verib, köhnələnmiş və rəvac bir şeydən ibarət olduğu bütün aləmi-mədəniyyətə sabit olmuş “hökm etmək istərsən ayır” Makiavelli*[4] əsasına uyub əllərindən gəldiyini müzayiqə etmədilər!.. “İstefaya” və Voronsov-Daşkovun əzl olunub, yerinə onlar sevən bir kəsin təyin olunmasına nail olmadılar...

Çanişin həzrətləri nəinki mənsəbdən ixrac edilmədi, nəinki istefa vermədi, bəlkə bərəks olaraq yerində möhkəm durmaq və bu ittihamat üzərinə bir müfəttiş göndərilməsini təklif etməklə bərabər özünün Qafqaza dair tərtib verdiyi islahat layihəsinin Duma müzakirəsinə qoyulmasına da bir hüsn qəbul göstərdi.

Dumanın iftitahı ilə bütün qafqazlılar gözlərini Tavriçeski saraya dikmişdilər ki, görək oradan nə çıxacaq və Qafqaz islahatı barəsində havaxt müzakirə olunacaqdır!..

Heyhat ümidlər bütün bütünə getdi!..

Dumanın müzakirə edəcəyi qanun layihələri siyahısını havi olan vüzərat bəyannaməsinin xülasəsini agentə teleqrafı idarəmizə gətirdi. Iştə bu nömrəmizdə dərc ediyoruz.

Diqqət verilsin! Bütün gözlənən qanun layihələri yad olunub, bircə Qafqaz yaddan çıxarılmışdır!..

Əcəba buna səbəb nə olmuş? Əcəba Qafqaz “mədəni müəssisələri qəbul edəcəyin dərəcə tərəqqi etməmişdir” – fikri isbati-həqiqət etdimi?!.

Qafqaza verilən asi, inqilabçı, vəhşi ittihamatı nəzərə alındımı?!...

Hər nə isə Qafqaz yenə də yaddan çıxdı?!.

Əcəba, Oktyabrist Duması buna bir söz deyəcəkmi?!.

M.Ə.
“Tərəqqi”, № 83, 23 oktyabr 1908

*[1] səlb – zorla əldən alma, rədd etmə, inkar etmə

*[2] mərqum – adı yuxarıda çəkilən

*[3] vüreyqə - qəzetçə - (istehza ilə)

*[4] Makiavelli – (1469-1527) florensiyalı siyasi xadim, yazıçı, makiavelizm – öz məqsədinə nail olmaq üçün hər şeyə - hiylə və böhtana əl atmaq