Məqalələr

XATİRƏ

Hər gün Nikolayevski küçə ilə Dumun qabağı ilə, sonra da bizim “Flankəsi”*[1] qorxudan “Cinli” küçə ilə idarəyə gəlib gediyoram.

Insan hər şeyə adət ediyor. Çox şeyləri künhünə*[2] baxırsan, görürsən ki, insanlıq hissinə malik olan bir şəxs, şeylər var ki, ona bir dəqiqə, bir saniyə olsun tabavər*[3] ola bilməz! Amma nə edirsən ki, biz insanlar o qism şeylərin ən dəhşətlisinə haman bu vecə gəlmiyən əlamətlərdən adət edirik, heç vecimizə də gəlmiyor!... Ya da yuxarıda saydığımız küçələr uzunu indi içində olduğumuz oktyabr günlərinin 1905-ci ilki misallarını yada gətirən binalarə da!..

Mən dünən Dumu enib Mirzəbəyovun yanmışevinə çatanda birdən oktyabrın 21-i yadıma düşdü...

Və bir az təəmmüldən sonra bu gün ayın 21-i olduğu nəzərimə gəldi...

Bilaixtiyar qədəmlərim dayandı. Zəbani-hal ilə bir çox mübhəmat*[4] ima edən*[5] bu ali xərabə məzlum-məzlum üzümə baxırdı, hələ sanki qulağıma nalələr, fəryadlar “aman insanlara”, “vay zalimlər” səsi gəliyordu.

Əvət oktyabr günləri xatirələrdə silinməz əsərlər qoymuç, getmişdir...

Tamam üç ildir ki, Rusiya vətəndaşlarının qəlbi kimi yanmış olan bu evlər durub hər gəlib ötənə məzlum-məzlum tamaşa ediyor, yazıq-yazıq baxıyorlar!..

İnsan bu xarabazarlara baxdıqca, bunları bu günə qoyan günləri yad etdikcə bir yandan insanlığı sevir, digər tərəfdən ona nifrət ediyor.

Sevir! Çünki oktyabrın 21-ci gününə bir əlaməti-müdhiş, bir yadigari-mənfur olan bu mənzəreyi-kədərəngiz qəhri olaraq oktyabrın 17 və 18-ci günlərini dəxi yada salıyor ki, o günlər böyük ümid günləri idi.

Nifrət edir: çünki haman mənaziri-mənfurəni özlərindən bir yadigari-iblisanə qoyan cəhlu-dənilər ölkəni bir məqamə yetirdilər ki, nəzərimizdə təsəvvür olunan bu məxrubələr Rusiyanın indiki, vəziyyəti-ictimaiyyə və hüquqiyyəsinə bir timsalı-mücəssəm oluyor-duruyor!..

Bütün üç ildir ki, oktyabr günlərinin nəzəri-əlamət və nişanələri belə qurtarmayıbdır.

Bu səhldir. Bu nədir ki!... O günlər öylə bir əsər bəxş zəbanlar, öylə bir vəqai hazırlayan vaxtlar, öylə bir tarixi günlər idi ki, onların asari-nüfuzu dünyalar durduqca duracaq, qərinələr süründükcə sürünəcək və hər vaxt özünü bildirəcək, özünü yad etdirəcəkdir!..

Rusiya cəmaəti o günləri bir ayrı məişətə, bir ayrı ruzıgara girmək istəyirlərdi.

Rusiya övzai-ictimaiyyəsi köhnə qəvaidən qurtarıb tazə əsrül-güzaran və rəftara keçmək istəyirdi.

Bu təşəbbüs ona əl vermədisə ürəklərdə, ağıllarda, evlərdə, binalarda, havada belə məhv olunmaz əsərlər buraxdı...

Rəsulzadə
“Tərəqqi”, № 82, 22 oktyabr 1908

*[1] “Flankəs” – Üzeyir Hacıbəyovun təxəllüslərindən biridir. “Tərəqqi” qəzetində onun “Ordan-burdan” seriyalı yazıları bu imza ilə dərc olunurdu. – Ş.H.

*[2] künh – mahiyyət

*[3] tabavər – davamlı, gücü çatan

*[4] mübhəmat - gizli

*[5] ima etmək – işarə etmək