Məqalələr

BAKI BƏNDƏRİ

Bakı bəndəri malüt-ticarənin ümdə nöqtələrindən biridir. Bu rahi*[1] fabrika mallarının və həmi də işlənməmiş xam mətaın cərəyanı və rəvacı üçün bir mərkəzi mühümdür.

Düyü, xoşgibar, yun, pambıq və bu kimi şeylər İrandan və Zakaspiyski kraydan gəlib burada işə verilir və İşəri Rusiyaya göndərilir. Fabrika, zavod məhsulatı, qənd, manufaktura malı, taxta, şalban, züruf*[2], un və qeyri bu kimi şeylər Mərkəzi Rusiyadan alınıb baş su yolu olan Volqa çayı vasitə və Kaspi dəryası ilə buraya gəliyor və buradan da İrana və Qafqazın qeyri işəri şəhərlərinə satılmaq üçün ötürülür.

Bakı bəndərində iki qism gəmiçilər işləməkdə və bu malüt-ticarəni daşımaqdadırlar. Bunlardan əvvəlincisi yaxşı surətdə tərtib olunmuş və bu dərəceyi-mühümmədə olaraq malüt-ticarənin qaidə üzrə aparılmasını təmin edən vasitə dara və əsbabi-mühəyya*[3] olan böyük gəmiçi şirkətləridir ki, bunların cümləsindən “Qafqaz merkuri”, “Vostoçnoye obşestvo”, “Nadejda” və bir dərəcəyədək də “Kurinsko-kaspiyskoye tovarişestvo”lardır.

Ikincilər isə müxtəlif xırda gəmiçilərdir ki, hərəsinin bir ya iki gəmiləri olub bir növ sürünürlər. Bunlardan bir azca əsəri-həyat göstərən “Bəradərani Rəsulov” idarəsidir ki, bunun təhti-idarəsində 8 paraxod və bir körpü və bir sklad vardır. Qalanlarından çoxunun özünə məxsus körpüləri yoxdur ki, bu cəhət də onları artıq müşkülata düçar ediyor.

Əvvəlincilərin özlərinə məxsus neçə yerdə körpüləri, hər bir bəndərdə kontor və bərgahları, vəkil və agentləri olub göndərilən malüt-ticarəni bilatəxir vaxtında yerinə yetirib artıq bir diqqətlə mala nəzər yetirməkləri ikincilərə rəqabət etməyi müşkül edib, gün-gündən əllərində olan işləri alıb, onları çətin bir kasadlığa düçar qılıyor.

Hər bir mal göndərən öz malını qiymətcə birə-iki dərəcə bahalığına baxmayıb böyük şirkətlərin vasitəsilə göndərməyi bilnisbə çox ucuz qiymətlə aparmağa minnət çəkən xırda gəmiçiyə verməkdən faydalı hesab ediyor.

İş bu surətdə olduqda kiçik gəmiçilərə müştəri tapa bilmək üçün bircə şey qalır ki, o da qiyməti ucuzlaşdırmaqdır. Məlum işdir ki, qiymətdə intihasız olaraq gödələ-gödələ gedib bir hədd və dayanacaq bilməyə bilməz. Hər bir iş üçün sərhəd olduğu kimi kirayə də öz sərhəddin keçdikcə zərər edəcək, artıq gəmi saxlamaq sərf etməyəcəkdir.

Odur ki, xırda gəmiçilərin bir çoxunun gəmilərini satmaq axırıncı ovqatın göstərdiyi həqayiqdəndir.

Xırda gəmiçilər böylə bir müşkül halda ikən keçən ildə ticarət vüzəratı tərəfindən sadir olan bir hökm ilə İrana gedən tranzit qənd həmlini*[4] böyük firmalardan təşəkkül etmiş gəmiçilər sindiqatı bürosundan başqa qeyrisinə verilməməyə dair etdiyi qərardad və sirkulyar onları bir daha artıq olaraq həlakətə düçar etdi.

Irəlidə xırda gəmiçilər çox vaxt Bakıdan qənd yükü götürüb İrana güdir və oradan da yük alıb Bakıya qayıdar idi. Və bu vəzilə heç olmasa ayda bir-iki dəfə güdiş-gəliş edir idi. Halbuki, indi çox vaxt yarım yük və bəzən olur ki, lap yüksüz gedən gəmi məcbur olur ki, artıq gözləməməkdən ötrü o başdan bu tərəfə yük tapmaq üçün qiyməti daha ucuzlatsın ki, heç olmasa bu yandan o tərəfə getdiyi boş pulluğa əvəz olsun. Bu başdan dolu gedirsə iş ayrı cür surət alıb artıq kirayə ayağa salmiyordu.

Xırda gəmiçiləri bir üsrətli*[5] halətdən çıxardacaq nə ola bilər? Nə vasitə ilə bunlar bir kasadlıq vərtəsindən*[6] qurtara bilər?

Burada onlara lazımdır ki, bir az təəmmül edib onları bir rəqabəti-igtisadi ilə batırmaq istəyən qüvvətli rəqibdən ibrət alsınlar, görsünlər “Nadejda”, “Qafqaz merkuri” və “Vostoçnoye tovarişestvo” kimi qüvvətli obşestvolar ittihad yapıyorlar. Sindiqat, büro əmələ*[7] gətiriyorlar da bir növ öz aralarından rəqabəti qaldırıyorlar da bir növ xırda gəmiçilərə nisbətən onsuz da işlərini daha da yaxşılaşdırmağa çalışırlar.

Iştə xırda gəmiçilərə də lazımdır ki, ittihad edib birləşib bir xırda gəmiçilər ittihadi əmələ gətirib işləri təhti-nizam və qaidəə gətirib, birlikdə səy və ehtimam edib fövqdə adları zikr olunan cəmiyyətlər ilə rəqabət edə biləcək, onlar kimi mal göndərənin hər bir xahiş və arzusuna müvafiq malüt-ticarə yola verə biləcək və hər bir malı vaxtı-vaxtında, yerli-yerində kamali-nizam və qaidə ilə olaraq sahibinə çatdıracaq və alış-verişçinin və miniklərin hər bir cəhətdən əmniyyəti-istirahətini mühəyya*[8] edəcək dərəcə bir rəqabət qüvvəsinə və bacarığına dara olan “Xırda gəmiçilər sindiqatı” təşkil etsinlər.

Bu sindiqat təşkil olunarsa, o vaxt xırda gəmiçilərin indi heç bir yerdə eşidinilməyən səsi eşidiləcək olur və tranzit məsələsi kimi çətinliklərə, hərgiz məyusluq və bacarıqsızlıq nəzəri ilə baxıb heyran və sərgərdan qalmazlar. Hamısı onları nəzərə alar. Həmi tacir, həmi minik, həmi əhali, həmi hökümət, həmi vüzarət, həmi də böyük gəmiçilər onları  mühüm bir qüvvə hesab edib də arxalı bir ticarətxanə kimi görərlər.

Nə qədər ki, bu sindiqat təşkil olunmamışdır, nə qədər ki, bi ittihad əmələ gəlməmişdir, nə qədər ki, xırda gəmiçilər köhnə əsasi-ticarətdən əl çəkməmişlər, nə qədər ki, şərikliyi ancaq biri-birinə paça vurmaq və aldatmaqdan başqa bir şey kimi görməyəcəklər, nə qədər ki, xırda gəmiçilər indiki fikirlərində qalacaq və ümumiyyətlə əlbirliyi ilə iş görməyə meyl göstərməyəcəklər, haman indiki hali-səfalətlər ilə qalıb bilaxirə həlakətə məhkum olub əzraili-ticarət olan iflasa giriftar olacaqdır.

Avropada bütün həmnöv olan sinaət və ticarətxanələr arasında sindiqatlar əmələ gətirilib bu surətlə davam və tərəqqeyi-ticarət və sinaətə çalışılmaqdadır. Bizlərdə isə boyləcə şeyləri qanıb bilməyə hənuz istedad yoxdur.

Əksəriyyəti müsəlman olan xırda gəmiçilər çətin ki, boylə müəzzəm işə iqdam eləsinlər. Çətin ki, onlarda bu qədər bir durbinlik*[9] və hər bir ittihadın əsası ola bilən etibari-mütəqabilə*[10] ola bilsinlər.

Idareyi-bələdiyyə tərəfindən olan bir məmuriyyətim əsasında idarəsinin əhvali-iqtisadiyyəsini bilmək üzrə görüşdüyüm gəmiçilərdə öylə adamlara rast gəlmişəm ki, doğrusu onlardan heç bir halda etibari-müstəqabilə, sindiqat-mindiqat fikri olmaq yaramaz şeylər cümləsindədir.

Olsun ki, bizim bu məqalə haman işarə eıədiyim adamlara gülməli bir şey gəlsin. Fəqət mən əminəm ki, iyirminci əsrə aşna olan və sərmayədarlığın əsasına bələd olan və iqtisad dəstgahöndan xəbəri olan gəmiçilər, bizim təklifimizi başa düşüb öz həmkarları arasında bu məsələni qalxızıb lazimeyi-iqdamata girişsinlər.

Xırda gəmiçilər arasında boylə açıq fikirliləri yəqin ki, yox deyildir. İştə bunlara lazımdır ki, özləri az da olsalar hümmətlərini, səylərini çoxlaşdırsınlar!

Hümmət olursa, müvəffəqiyyət də olar!

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 81, 21 oktyabr 1908

*[1] rahi - yol

*[2] züruf – qablar, paketlər

*[3] mühəyya – hazırlanmış, tədarük olunmuş

*[4] həml - yük

*[5] üsrət – ağır vəziyyət

*[6] vərtə - çətin vəziyyət

*[7] əmələ - düzəlmə, yaranma

*[8] mühəyya - hazırlanmış

*[9] durbinlik – uzaqgörənlik

*[10] etibari-mütəqabilə - uzaqgörənlik