Məqalələr

VƏHŞƏTİMİZƏ PAYAN GƏRƏK

Bakı müsəlmanları arasında naəhlkəslər əlinə düşən dövlətdən naşi büruz edib “tarixi bir adət” şəklinə düşən, əslində isə qara mazutun yer altından fəvvarəvar bir surətdə çıxıb dənilərin*[1] cibini pul ilə doldurduğu bir anda, beyinlərini də kibrü-qürur, dəhşət və vəhşətlə doldurmadan hasilə gələn qoçubazlıq təsəvvür olunmayacaq bir dərəcəyə yetişmədədir ki, Bakıda müsəlmanların diriliyini dəhşətli bir şəklə salıb qan dəryasını təsvir etməkdədir!

Rus müsəlmanlarının mərkəzi olan Bakıda cəhl və qürur nəticəsi olan xunxarlıq o dərəcə tərəqqi etmiş ki, Bakıya səyahətə gələn özgələr öylə xəyal edə bilərlər ki, bu qədər səffaklıq*[2] bizim ruhumuzda və təbiətimizdə qoyulub etiqad etdiyimiz islamdan nəşət ediyor. Halon ki, bu qədər bir qəddarlıq və bu qədər zalımlıq və qanunsuzluq özgə islam məmləkətlərində olmuyub, ancaq Bakıya müxtəss olan bir barbarlıq mafövqi təsəvvür olunmayan bir vəhşətdir!

İştə bu sətrləri qaralayarkən düşünüyoruz. Lakin küçədə qalxmağı möhtəməl ola bilər bir dəhşət və küy-kələk sayəsində düşününcəmizin, təfəkkürümüzün pərişanlığa mübəddəl olub fikirsiz qalmayacağımızı, biçarə müsəlman övrətinin nəvazişlə bəslədiyi balasının cənazəsi üstündə ürək parçalayan bir sayhəyi-əlimə*[3] ilə “oğul vay” naleyi-məzlumanəsindən təsəvvürsüz qalmayacağımızı hansı təşəbbüs, hansı iqdamat təmin ediyor?!

Bu vaxtadək gördüyümüz qeydsizlik bizi bir yasa düçar ediyor, naümid buraxıyordu!!...

Lakin cənab qradonaçalnikin bu nömrəmizdə dərc etdiyimiz qərardadi bizə bir növ təsəlli verdi.

Qradonaçalnik həzrətləri oktyabrın 10-da verdiyi xüsusi elamnaməsilə Bakı müsəlmanlarının bu axırıncı günlərdə Bakıda və yay vaxtı ətrafi-seyfiyyələrində göstərdikləri əsəri cəhalət olan qan tökmələrə işarə edərək, o cümlədə buyururlar ki, “... müsəlmanlardan başqa bir çox xristian və qeyri millət əhalisi olan bir rus şəhərində, bütün əhali gərək rus dövlətinin qoyduğu qanunlara tabe olub xudsərlik etmək və özgə rus vilayətlərinin bilmədiyi adətləri icra etmək yaramaz. Yüz minlərcə zəhmətkeş əhali və onların ailəsi bir yerdə müqatilə, atışma və quldurluq ola bilməz”.

Doğrudan da biz rus dövlətinin vətəndaşları olub da Rusiya qanunlarına əhəmiyyət verməliyik. Bizdə bir hissi-qanuniyyət olduğu hər vaxt nəzərdə tutulub cəmaətimiz bu yolda tərbiyə olsun gərək.

Əcəba biz eləyə bilərmiyik ki, az vəhşət və başpozuqluğumuzla bütün ətrafımızı bezar edək?!!...

Əcəba xaxt gəlmədi ki, etdiyimiz bu həqarətimiz “intiqamlara” bir intiha qoyaq?!!...

Bir baxınız, ey əhaleyi-müslimin! Bir baxınız, görünüz ki, bizim cəhalətimiz və “intiqam” adı verdiyimiz dərəndəliyimiz nə dərəcəyə çatıb ki, hətta hökümət kişiləri belə o gümanə düşürlər ki, güya bu adət bizə ata-babamızın adəti olaraq, yüz il irəlidən qalan bir irsdir. Halon ki, bizlərə yaxşıca məlumdur ki, yüz il bundan irəli bizim ata-babalarımız bu qədər cinayətlərə heç bir halda məzhər olmamışlar. Məişətimizi qanlı bir dərəcəy vardıran səbəblər isə ədna təbili əfradımızın bir təsadüfi-iqtisad olaraq əllərinə keçdikləri pullardır ki, gərəkli mövqeinə xərc edəcəkləri əvəzinə, biri-birlərini puç etmək, bir-birlərinə təşəxxüs satmaq, biri-birlərinə “təvəffüq*[4] etmək” qəsdilə qoçubazlığa, qan tökməyə sərf etməyə başladılar.

Qradonaçalnik həzrətləri bütün müəllimlərə, ürəfaya, üləmaya bu qanunsuzluqları rəf etməkdə kəndilərinə kömək etməyi və bu yolda əhaliyə lazım olan məvaiz və nəsihətlərdə bulunmalarını tövsiyə və təbliğ etdikdən sonra canilərin və onlara hər bir surətlə olursa kömək edənlərin hərbi məhkəməyə verilmək, nəfyi-bələd*[5] etdirilmək və bilümum şiddətli cəzalara alınmaq ilə tənbeh olunacaqlarını elan ediyor.

Əvət bu tənbihat lazımdır. Caniləri mükafatsız buraxmaq olmaz. Bu dərəcədə artmış olan qoçubazlığın bir səbəbi də haman canilərin və cinayətlə məşğul olanların tənbehsiz qalmalarıdır.

Bu gün bir neçə nökəri hədəf güllə edib, sabahı bulvarda, pasajda, bağda gəzməyinə bir dərəcə əmniyyət kəsb edən qoçu, təbiidir ki, öz “asan” sənətindən və cəzasıq günahından əl çəkməz.

Hərgah qradonaçalnik həzrətlərinin indi etdiyi bu iqdimatına bir on il bundan qabaq iqdam olunsaydı, söz yoxdur ki, şahidi olduğumuz bu cinayətlərin onda doqquzundan təmin olunardıq!..

İştə şəhərimizin əmniyyət və səlaməti, əhalimizin rəfahət və səadəti adına olaraq qradonaçalnik Fulbaum həzrətlərinin bu elanını alqışlayaraq bütün əfradi-millətimizə, ələlxüsus üləma və ürəfamıza təvsiyə və təklif ediyoruq ki, bunsuz da borcları olan vəzifələrini icra etmək həmiyyətinə gəlsinlər!..

Əvət! Bütün var qüvvəmizlə müttəhid, müttəfiq olub bizi istila etmiş olan hər qism vəbadan, taundan daha müdhiş olan bu bəla ilə mübarizə etməliyik!!

Haydı vətəndaşlar, haydı qardaşlar iqdam edək! Bir daha bu surətlə yəşəməq yaramaz.

Həddü-dərəcəni ötmüş vəhşətimizə payan gərək!!

M.Əmin
“Tərəqqi”, № 73, 10 oktyabr 1908

*[1] dəni – alçaq, rəzil

*[2] səffak – qan tökən

*[3] sayhəyi-əlimə - dəhşətli qışqırıq

*[4] təvəffüq – üstün olma

*[5] nəfyi-bələd – ölkədən sürgün etmə