Məqalələr

CÜMƏ MƏKTƏBİ

Bu cümə günü sentyabr ayının 19-da “Cümə məktəbi” açılacaqdır. Cümə məktəbi açılır. Təlim vaxtları küçə tozların arasında ötən növcavanani-millət üçün bir babi-rəhmətdir açılır. Əvət babi-rəhmətdir. Çünki zülümati-cəhalətdə olduğunu bilib işığa çıxmaq istəyənə, istəyib giriftar olduğu üsrətdən naşi bir az “qara-qura” da olsa belə öyrənmək özünə mümkün edə bilməyənlərə, cümə məktəbi işıqlı bir rövzənədir.

Cümə məktəbi. İdarə heyəti daireyi-hümmətini böyütmək istər. İstər ki, bu cümə məktəbi “bir cəmaət darülfünunu” şəklini almaq olmasa da, heç olmasa şəhərimizdə olan “Yekşənbə məktəbi” kimi olsun. Yekşənbə məktəbi doğrudan da zində səy və hümmət ibraz edən qeyrətli maarifmənd, hümmətli cavanlar ilə iftixar edə bilər.

Iştə “Cümə məktəbi” də istər ki, maarifmandkar günləri, qeyrətli, millətini istəyən, yaxınını sevən cavanlar ilə fəxr eləsin. Arkadaşı olan “Yekşənbə məktəbi”nə desin ki: “bax meydani-mücahidə də səni, yalqız qoymadım, sən yekşənbə günləri sərmayə istifadəsindən azad ola bilənləri tərbiyə etdiyində, o günü işdən azad ola bilməyənləri tərbiyə edə bilmədiyindən, mən də sənə yardımçı çıxdım. Şükr edirəm ki, öz vəzifəmi layiqincə yerinə yetirdim”.

Cümə məktəbi bu lisani-halə dara olmaq istəyir. Ancaq bu lisani-halə onu müvəffəq edəcək kimlərdir? Onu da cümə məktəbi öz lisani-halında bəyan ediyor, diyor: “Əziz məsləkdaşım “yekşənbə məktəbi” yoldaşım! Mən ümid ediyoram ki, evlər dağıdan o cəhalət zülməti ilə etdiyimiz mübarizədə səninlə bərabər bir mücahid olam, əgərçi mənə bir daha da artıq mücahid olmaq lazım gəlir, çünki tərbiyəsini öhdəmə aldığım qismin işığa olan ehtiyacı səninkindən daha artıq, daha itidir. Səndə üç yüz oxuyan, qırx nəfər oxudan varsa, məndə 500 oxuyan, 60 nəfər oxudan az olar”.

Bəli, müsəlmanlar arasında olan qaranlıq, cümə günü tətil edən zəhmətkeşlər arasında olan savadsızlığın həddi dərəcəsi yoxdur. Bu qaranlıq və savadsızlıqdan olaraq bütün aləmi-islami bürüyən fəlakət, səfalət, rəzalətin intihası, qurtaracağı təsəvvür olunmayan bir halətdədir.

Məktəbsizlik, tərbiyəsizlik, savadsızlıq – durub saysaq artıq baş ağrısından qeyri bir şey olamaz. Qəzetlərimizin zatən yazdıqları bütün bu qism ağlamalardan, göynəmələrdən oxşayıb göz qorası sıxmaqdan ibarət deyilmi? Hansı qare bilinməzi dindirsək, cəhalətdən şikayət edər, hansı arifimizdən xəbər alsan elmsizlikdən bəhs edər, hansı müəllimimizi görsən məktəbsizlikdən ağlar, hansı cavanımızla danışsan qəflətimizdəndəm vurar. Bütünlüsü ağız-ağıza verib vay millət dalda qaldı, ay cəmaət qafildir, vay cəhalətdəyiz – nə bilim müzməhil olmaqda, dağılmaqda, qırılmaqda, tələf olub getməkdəyiz, beləyiz, heləyiz – deyə dad fəryad edəriz.

Ancaq “sözdən o tərəfə getdi” bizdə çox az tapılır. Hər yana baxırsan lənglik, hər tərəfə dönürsən bütün durğunluqdur ki var. Ürəklə bağıran, qəlbdən nalə edən çox az tapılır. Zatən qəlbən bağıranların bağırtıları da azdır, çünki işə məşğul olduqda bağırmaya vaxt qalmıyor.

Iştə sentyabr ayı daxil olmuşdur. Bu aya ürfan ayı deməklə bərabər bağırtı və iş ayı dəxi demək olar.

Urfan ayı nə üçün olduğu aşkarlır. Bütün məktəblər, maarifxanələr bu ayda açılır. Bağırtı ayı olduqda tədris mövsümünün ibtidası olduğu ilə bəyan olunur ki, quru boğazlara meydan açılır.

Iş ayı olduğu da mətlubi-təbiisinə görədir.

İndi bizi keçən möhtaci-ürfan bir millətin ürəfalarına, hümmətli münəvvər cavanlarına, müəllimlərinə də lazım və vacibdir ki, adətimiz olan quru boğazlıqdan əl götürüb də sentyabr ayını doğrudan da “işli” “sentyabr” edək.

Hər sinfin, hər qismin, hər taifə və millətin ürəfaya olduğu dərəceyi-ehtiyacı ehtiyaca qarşı tədabiri sentyabr ayında aşkar və məlum olduğu kimi heç bir vaxt aşkar olmayır.

Budur bu gün şəhər möhtacini-mərifət ilə dolub daşmaqdadır. Baxınız nə qədər füqəra uşaqları gəzib özlərinə bir vəsilə axtarırlar ki, mümkün edib dərs oxusunlar. “Nicat”a ricuda bulunan təşnəgani mərifətin ehtiyacını gündə-gündə görüyoram da, ürəkdən çıxan ilhah*[1] və iltimasları ciyərim dağdar olaraq səm ediyorum.

Lakin lüzuminin yarısınca olsun güc eləmək imkanından kənarda olduğumdan özümü və yoldaşlarımı və bütün işləyənlərimizi, onlar ilə bərabər bütün cəmaətimizi nifrətləmək dərəcəsinə gəliyoram da, öz-özümə diyoram ki, “ah nə çətindir ki, ehtiyacı görəsən də rəf etməyə qadir olmayasan!..”. Nə edəsən, hər halda geri çəkilmək olmaz. Beş nəfər suya qərq olanı qurtarmağa qadir olmasan da bir nəfəri saxlamağın da qənimətdir.

Indi cavanani-millətimizə, müəllimlərimizə, ürəfalarımıza lazım və vacibdir ki, öz yaxınları olan avam qardaşlarının köməyinə çalışsınlar. Həmişə gördükləri işləri də, öhdələrinə götürdükləri vəzifə də, mənafeyi-şəxsiyyəti, cib hesabını qabağa salmaq, qara pulu amal etmək olmaz!!. Bir az da vicdan saflığı, cəmaətə qarşı olan vəzifeyi-mənəviyyə ədası*[2] gərək!! Bu gələn cümə günü dördüncü müsəlman məktəbi (alt qatında Təzəpir və Çadrovı küçələrinin küncündə) “cümə məktəbi” açılıb həm oxumaq, həm də oxutmaq istəyənlər artıq məmnuniyyət ilə yazılacaqdırlar. İştə sentyabrın 19-u cümə günü bildirir ki, sentyabr aylı bizlərdən ötrü hansıdır:

İş ayı, yainki bağırtı!..

“Nicat” sədri Məhəmməd Əmin Rəsulzadə
“Tərəqqi”, № 53, 16 sentyabr 1908

*[1] ilhah - israr

*[2] əda – yerinə yetirmək