Məqalələr

MÜTALİƏLƏRİMDƏN

Əlimə düşmüş qələmi*[1] bir nüsxədən bu gün tərəqqipərvanəmiz ilə ehtiyatkaran və mazipərəstanımız arasında təsadüf və mübarizədə olmaqda olan bir məsələyə dair müsadimeyi-əfkari burada nəql etmək istiyoram.

İştə o kitabda oxuduqlarım:

Mirzə Yusif – Balam, tamam şəhərdə sənin sözünü danışırlar. Bir məclis olmayır ki, orada səndən deməsinlər. Heç adam tapılmaz ki, yaxşılığın desin, hamı səni pisliyor. Kimi diyor ki, heyf o kişidən ki, onun oğlu böylə veyl çıxdı. Kimi diyor ki, babi olub, kimi diyor ki, sosialist olub, hərə ağzına gələni diyor. Heç bir nəfər adam mənə rast gəlmədi ki, desin: “flan kəsin oğlu əcəb oğlandır”. Canım, niyə özünü dillərə salmısan? Nə üçün öylə olasan ki, cəmaətin dilinə düşəsən? Aton sakit bir adamdır, dolanacağı cəmaətdəndir. Sən belə eləyəndən sonra aton nə eləsin, kim ona əl tutar? İndi mən bir çox adam bilirəm ki, sənin acığına atova bihörmətlik ediyorlar. Sən necə rəva görürsən ki, o bu vaxtında rüsvayi-cahan olsun. Deyirlər guya orada-burada gəzib, diyorsan ki, cəmaət gərək həqqini alsın, nə bilim dövlətlilər cəmaətə düşməndirlər, belədirlər, helədirləa. Axı sənin bular nəyinə lazım, kasıb babasan çəkil bir yana, bu zibildə, sənin bu işlərdə nə işin var?..

Qəhrəman – Dayı, bircə dayan, buracan ki, danışmasın ey... hamısı doğrudur. Mən gəzib, öz əqidəmi, öz fikrimi deyəcəyəm. Həmin fikrimi demək üstündə bu az ömrümdə az bəlalar görməmişəm: ata ilə aramız dəyib, bəzi cəmaət hesab olunanların nəzərindən düşmüşəm, uşkoldan qovülmüşam, lakin bunların hamısını qəbul eləyib, bildiyimdən geri qalmayacağam. Mən öz fikrimi deməsəm, özümü günahkar bilirəm. İnsan gərək cəmaət yolunda hər bir şeydən keçsin.

Mirzə Yusif – Ədə nə danışırsan. Görünür ki, doğrudan da cavansan! Mən elə bilirdim ki, sən cavan olsan da təsərrüfatın piranədir. Amma indi gördüm ki, özünü həlak etmək istəyirsən.

Yaxşı, deyirsən ki, kişi gərək cəmaət üçün hər bir şeyindən keçsin.

Qəhrəman – Hətta canından da.

Mirzə Yusif – Canından da?.. Adə canı nə ücüzlaşdırdın?

Qəhrəman – Cəmaətdən də artıq şey varmı?

Mirzə Yusif – Səbr elə, səbr elə, sən deyən cəmaət hələ burada yoxdur. Adə, hansı cəmaətə özünü qurban ediyorsan? Bu Kufə məxluqunamı? Bu öz xeyri ilə şərini bilməyənlərəmi? Əzizim, sən bizim bu cəmaəti tanımıyorsan, bunlar sözə baxmazlar, sənin sözün nə qədər həqq, nə qədər düz, doğru olsa da çiynində bürünc, başında əmmamə, belində tapanca, cibində pul olmayınca, sənə qulaq asmazlar. Bu üç nişanalardan birinə dara olsan hər nə desən qulaq asarlar. Görürsən? Hələ cavansan, bu məxluqu tanımıyorsan. Mən bilirəm bunlar necə taifədir. Beş-altı nəfər sənin kimi cavanlara, qanı istilərə nə allanırsan? O tövr yoldaş sən ancaq beş-altı nəfər taparsan, onların da bərk gündə kömək etmələrinə çox da güman yoxdur.

Qəhrəman – Dayı, mən bilən siz səhvdəsiniz. Doğrusu, cəmaətimiz cahildir, avamdır, xeyrini-şərini bilmiyor, əmmamələrə, medallara, tapancalara, pula itaət ediyor, həqq və həqiqətə səbr eləmiyor. Bunlar hamısı düzdür. Hərgah bunlar olmayaydı, hər bir şey yeri-yerində olaydı, onda daha bizə nə ehtiyac, onda daha nə lazım gəliyordu ki, cəmaəəti öz həqqini bilməyə, qara qüvvələrə itaət etməməyə çağırasan.

Sizin dediklərinizdə bilmərrə məntiq yoxdur. Siz diyorsunuz ki, “cəmaət bilmiyor, bildirmə, biləndə deyərsən”. Bunu bir nəfər müsəbidin dilindən eşitsəydim bir o qədər təəccüb etməzdim. Çünki, böylə məntiq ilə ancaq onlar razı olarlar. Cəmaətin ziyalı, mərifətli bir üzvü isə gərək desin ki: “cəmaət bilmiyor, bildir, deməsən bilməz”. Qoy əvvəl dəfə səni döysünlər, vursunlar, sözünü eşitməsinlər, eybi yoxdur. Axırda bilərlər, haqq hər halda qələbə edər. Əgər ki, sən bir toxum əkərsən, müruri-zaman ilə o toxum göyərib sünbül olacaq, nəticəsindən isə un və sonra çörək olacaq. Toxum səpən bir kəndçi toxum əkdiyi bir ani-vahidlə o saət dönüb çörək olduğunu istəməyə həqli deyil, çünki bu təbiətdən xaricdir.

Bundan əlavə biz müsəlman cəmaətinin övzai lap da öylə deyil ki, siz təsəvvür ediyorsunuz. Sizin gördüyünüz, dolandığınız tacirlər, mollalar və bəzi əhvali-güzərani vüsətlə*[2] keçənlər ilə olduğundan təbiidir ki, ətrafınızda olanları öz məişətindən razı görüb, siyasi işlərdə mühafizəkar görürsünüz. Cəmaət mücahidlərinə nisbətən onlarda ədavət müşahidə qılırsınız. Bundan da belə nəticə çıxarırsınız ki, azad fükürlər hələ müsəlman arasında yeriməz. Lakin bu əbəs fikirdir. Hərgah siz əsil cəmaət hesab olunan fəqir-füqəra, əmələ və fəhlə sinifinin arasında gəzeydiniz, hərgah siz məişətin bütün ağırlığını arxasında çəkənlər arasında olsaydınız, hərgah siz onların əzab və məşəqqətlərindən xəbərdar olsaydınız, onda bilərdiniz ki, müsəlman arasında işləmək üçün necə hazırlanmış yerlər var. Mədəniyyət əkmək üçün müsəlman cəmaəti necə münbit bir torpaqdır.

Ancaq müdəbbir*[3] əkinci lazımdır ki, bu yerləri şum eyləyib əksin. O əkinçilər də biz millət cavanlarıyıq. Bizə vacibdir ki, heç bir mümaniət və çətinliyə baxmayıb, var gücümüz ilə çalışaq ki, cəmaətimizi düçar olduğu fəlakətdən xilas edək.

Hər sahibi-vicdan olan kimsə kuşi-ibrət ilə qulaq assa, məzlumların naləsini, yetim uğaqların fəryadını, zülm altında əzilən əhalinin istimdadını eşitməyə bilməz! Bunları eşitməmək üçün kar olmalıdır, gözümüzün önündə aclıq və fəlakətləri görməmək üçün kor olmalıdır, mənəvi kar və mənəvi kor olmalıdır. Hər kəski kar deyil, hər kəs ki, kor deyil, hər kəsin ki, bədəninlə gizlətdiyi qəlb daş parçası deyil, dövrəmizi tutan bu dəhşətli mənzərə içində sakit otura bilməz. Ona lazım və vacibdir ki, öz cəmaətinin əlindən tutub, ona kömək etsin...

Dayı, məgər qonşumuz gürcüləri, erməniləri, yahudi və rusları görmüyorsunuzmu ki, necə cəmaət yolunda qurban olurlar?..

Mirzə Yusif – Bax, yenə mən deyənə gəldin ha... erməniləri, gürcüləri və qeyrilərini mənə göstərirsən, niyə baxmıyorsan ki, onların cəmaəti necə öz mücahidlərinin qədrini bilirlər. Bizimkilər də bilərlərmi?..

Qəhrəman – Ah... nə vaxt bir mücahid özünü fəda etdi ki, cəmaət onun qədrini bilmədi? Cəmaətə qədr bilməyi fədakarlığın ilə gərək öyrədəsən. Əvəzsiz heç nə alınamaz. Fəda ol, qədr gör! (Əvət: “fəda ol, qədr gör!”)

Mirzə Yusif (hiddətlənmiş) – Adə, axı sən nə diyorsan!?.

Qəhrəman – Dayıcığım, mən çox söz diyoram, ancaq müxtəsəri budur ki, hamının dirilik etməyə ixtiyarı olmalıdır.

Mirzə Yusif – İnan ki, qanmıyoram.

Qəhrəman – Ən açıq sözlərdən biridir. Dünya gərək hamı üçün bir olsun. Bir ovüc insanların səadət və rahatlığı üçün milyonlarca insanlara cəbr olunmasın.

Mirzə Yusif – Budurmu sizin istədiyiniz? Ax, xülyapərəstlər! O hansı axmaqdır ki, buna razı olsun? O hansı sarsaqdır ki, öz qulluqçusu ilə bərabər olmağı istəsin?!

Qəhrəman – Düzdür, dayı, düzdür! Dünyada elə axmaq tapılmaz. Yer üzündə öylə səfeh yoxdur. Amma onları, o axmaqlığa, o səfahətə vadar edərlər.

Onların xoğuna qalsa, əlbət ki, riza verməzlər, əlbət ki, razı olamazlar. Amma cəmaət yığışıb birləşə, müttəfiq olub öz həqqini qansa və bu həqq dalınxa düşsə, onda tez razı olarlar.

“Kafər becəhənnəm nə mirəvəd, kəşan-kəşan mibərənd”*[4].

Məhəmməd Əmin
“İrşad”, № 51, 15 aprel 1908

*[1] qələmi - əl ilə yazılmış kitab

*[2] vüsət – bolluq, rifah

*[3] müdəbbir – tədbirli

*[4] kafir cəhənnəmə getməz, onu çəkə-çəkə apararlar