Məqalələr

DUMA NƏ ELƏMİŞ?

Üçüncü Dumanın yığılmasından altıncı aydır keçir!..

Bu altı ayın ərzində Duma nə eləmiş, əhaliyə nə vermiş?..

Dumanın barəsində yazılan qəzet xəbərlərini oxuyan və dövlət işləri, cəmaət ehtiyacatı fikrinə qalıb, ölkənin həyati-siyasiyyəsindən müttəle* olmaq istəyən və zülmi-təəddi altında inləyən Rusiya cəmaətinin dərdinə qalmaq qəsdi ilə Tavriçeski sarayda “baş sındırıb”, vəqtlər işlədib, qanun nəşr etməkdə olan “millət vəkillərinin” məhsuli-səylərindən xəbər tutmaq arzusunda olanlar bu sualı verib, cavabını istəyirlər.

Suya qərq olan kimsə, çör-çöpdən pənah və kömək gözlədiyi kimi, Rusiya həqiqətlərindən təngə gəlmiş və təsəvvüri, təfəkküri-səlimdən düşmüş əhali sağ-oktyabrist Dumasından gözlədiyi “cüzi məşrutə”yə belə nail olmadığından, nəhayət dərəcə bir ümidsizliklə “Heyhat! Duma əhaliyə nə vermiş?” – deyə sual ediyor. Böylə bir suzlın cavabı iyunun qanununda müəyyən və aşkar surətdə bəyan edilmişsə də, bu sualı verənlərə qəti və müəyyən surətdə bir cavab vermək üçün “Rus” qəzetəsinin bu məsələ barəsində verdiyi cavab və mütaliatı biz də təkrar ediyoruz:

Heç bir şey!

Bəli, Dumanın bütün qışı sərasər elədiyi “fikrindən” cəmaət heş bir şey almadı! Bürokratiya isə bu qədər zamanda bir çox müvəffəqiyyətlərə nail oldu!

Bundan irəli Rusiya bürokratiyası nəşr elədiyi qanun və nizamların məsüliyyətini özü bəröhdə ediyordu. İndi isə haman qanun nizam və fikirlərini icra ediyor, məsuliyyəti isə Dövlət duması xəkiyor, çünki, vəzirlər tərəfindən fikr və həll edilən qanun layihələri Duma tərəfindən təqdir edilir.

Üçüncü Duma özü cəmaətə heç bir şey verməmiş, verməyəcəkdir də! O ancaq bürokratiyanın əlində onların işlərini pərdələmək üçün bir alət olmuşdur!

Qabaqki, dumalar onları təşkil edən ayrı-ayrı vəkillər və firqələrdən naşi “fikr” mənasına olan “duma” adını almağa layiq idilər. Çünki, bu dumalarda fikir var idi. Fikirlərini icrayə qüvvələri olmadısa da, fikir özü var idi. İndiki Duma vəkillərinə və onun böyük firqəsi olan oktyabristlərə baxılır və onun gördüyü təşəbbüslərə diqqət ediliyorsa, buna heyəti-vüzəra şurasının möhrü (peçati) demək pək yaraşar.

Iştə dövlət bu sayaqla bizim Dövlət duması deyilən millət məclisimiz, qanun nəşr edən fikirli, təsəvvürlü parlamentimiz yoxdur. Özümüzü aldatmayalım. Bizim ancaq üstündə “Dövlət duması” yazısı həkk edilən bir möhürümüz vardır ki, ona da bizim demək səhvdir. Çünki, o möhr bizim deyil, bürokratiyanınkındır.

Varlığı böylə bir məsxərəli hal olan “Duma”dan nə gözləmək olar?

- Heç şey!

- Əvət, heç şey! Zira bürokratlar divanxanəsində olan möhr, cəmaət istədiyi qanun layihələrini möhrliyəməz!

M.Ə.Rəsulzadə
“İrşad”, № 46, 7 aprel 1908

* müttəle – xəbərdar olma, bilmək