Məqalələr

MƏDƏNÇİLƏR İLƏ FƏHLƏLƏRİN MƏSLƏHƏTİ

Bakı mədənlərində işləyən fəhlələr ilə neft mədənçilərinin arasında indi üçüncü ildir ki, müəyyən ümumi bir şərtnaməyə gəlmək üçün bir məsləhət hazırlanmadadır.

Bu məsləhətə fəhlələri çağırıyorlar. Çağıranlar da, nə qədər təəccüb olunsa da mədənçilər ilə hökümətdir.

Doğrudan da Bakı neft işinə, neft ticarətinə bələd olmayanlar indiki halda, Rusiyanın bu halında, bu dərəcəyi-təməddünündə  fəhlələri məsləhətə çağırmağa, onlar ilə fikirləşməyə verilən vaxtdan təəccüb edər. Deyər ki: necə olur ki, bütün şəhərlərdə, məsələn Lodzda, Moskvada və qeyri böyük sənaət olan terlərdə fəhlələrin heç bir tələbnamələrini qəbul etmiyorlar, amma Bakıdakı fəhlələri əziz qonaqlar kimi məsləhətə çağırırlar, onlar ilə öz ehtiyac və güzəranları xüsusinda fikirləşmək istiyorlar?

Məsləhətin sərmayədarlarca nə cəhətdən mətlub olmağını bilmək və nədən ötrü Bakıda ümumi “lokaut” elan olunmuyordu anlamaq üçün ötrü Bakı neft işini öyrənmək və onda işləyən fəhlələrin dərəceyi-tərəqqilərini anlamaq lazımdır.

Əvvəla neft işi, neft ticarəti öylə bir mətin mühərriki-iqtisadiyyədir ki, onun bircə gün olsun tətili dayanmasa bütün Rusiyaya təsir ediyor. Bütün Rusiya ticarət və sənayeinə əksəndaz oluyor. Neft ticarəti Rusiyada olan sənaət bədənindəki şah damardır və qırılarsa, yerdə qalan bütün damarlar hərəkətdən qalar.

Bakı tətili bir az uzun çəkəndə görürsən ki, Volqa nəhrində işləyən gəmilər dəxi seyrlərindən qalmağa məcbur oluyorlar. Bir çox fabrika və zavodlar yanacaqsız qalıyor. Vaqon yolları ləngliyə düşüyor. Xülası bütün səanət ləngiyor və bu cəhətdən ölkənin ticarətinə böyük uyğunsuzluq, intizamsızlıq üz veriyor.

Saniyən, neft mədənlərində olan çoxlu tətillər dövlət xəzinəsinə bilavasitə olaraq külli zərərlər yetirir. Aktsız pulları azalıyor.

Salisən, böylə bir uyğunsuzluq, neftin vaxtı vaxtında alınmaması Rusiya gəmiçi və fabrikaçılarını və dəmir yollarını vadar ediyor ki, neftdan əl çəkib də daş kömür işlətsinlər. Bu məsələ də neft istiqbalına bir zərbə olur, qorxusundan naşi mədənciləri titrədir.

Iştə odur ki, həmi hökümət, həmi də mədənçilər Bakıda adət hökmünə keçmiş tətillərə bir intiha qoymaq üçün ümumi bir məsləhət yapmaqla, ümumi bir şərtnamə bağlamaq və bu yol ilə neft sərmayəsi ilə neft zəhmətinin arasında bir qaideyi-ümumiyyə qoymaq istiyorlar.

Neft ticarətinə müxtəs bu xassi-mühümməni nəzərə alıb, onu ətraflıca tədqiq etdikdə, birtərəfli olmayanda, aşkarca məlum olur ki, Bakı işlərini qeyri sənaət işlərinə qiyas edənlər artıq səhvə düşürlər. Zatən burasını Bakıda olan indiki fəhlə məişəti dəxi isbat ediyor. Qeyri yerlərdən üç fəhlənin bir yerə yığılması mümkün olmadığı halda, Bakıda gündəki-gündə müxtəlif yerlərdə fəhlə yığınaqları, ictimaları, seçkiləri və şüraları olmadadır. Özü də bu yığınaqlar, ictimalar gizli deyil qanun üzərinə, hökümət izni ilə yığılıb, fəhlə ittifaqları nümayəndələrinin yol aparması ilə düzlənməməkdədirlər. Məsləhət barəsində bir çox imtiyazlar fəhlələrə verilmişdir ki, ayrı bir yerdə bu imtiyazların heç birinə nə iş və nə də hökümət sahibləri razı olmazdılar. Onları bu qdəər “cilo verməyə” vadar edən ancaq neft mədənlərinin əhvali-xüsusiyyəsidir.

Indi baxaq ki, mədənçilərin böylə bir əhəmiyyətlə araya atdıqları məsləhətə fəhlələr nə yolda əlaqə ediyorlar.

Fəhlələr arasında məsləhətə dair üç qism hərəkət vardır. Onlardan bir qismi hər dəfə məsləhəti lazım gördüyü kimi bu dəfə də gərəkli biliyorlar. İkinci qismi isə keçəndə ki, məsləhətləri mümkünsüz və vaxtsız olduqlarından bir neçə şərtlərin mədənçilər və hökümət tərəfindən təmin edildiyi halda, məsləhəti lazım görüyorlar. Və məsləhət xüsusunda olan məsələlər dairəsində hürriyyəti-mətbuat, vəkillər şurası və məsləhət vaxtının fəhlələr tərəfindənintixabı və fəhlə ittifaqlarının şərakəti kimi tələblərin qəbul və təmini halda məsləhətə qətiyyən oturacaqlarını elan ediyorlar. Üçüncü qism isə heç bir şərt və şüruti*[1] gözləməyərək, baltanı kökündən vurur və qorxaqlara məxsus olan bir surətlə “mədənçilər bizi aldatmaq istəyirlər” – deyə məsləhəti boykot ediyorlar. Onlar diyorlar ki, ta məmləkətdə hürriyyətnamə olmasa, böylə məsləhətlərdən şey çıxmaz. Hətta məsləhətə görə fəhlələrin fikrini bəyan etmək qəsdi ilə də məsləhətə getməli olsalar, öz aralarından 16 nəfər heyəti-vükəla seçmək üçün keçən yekşənbə günü martın 30-da fəhlə vəkilləri şurasının əvvəlinci ictimaində bu məsləkin nümayəndəsi olan bir olan bir natiq böylə fikr söylədi ki, “ta bizə ana dilində məktəb, hürriyyəti-mətbuat, nə bilim nə, nə... verilməyincə, biz məsləhət, filan bilmirik, nə qədər ki, Rusiyada əmniyyəti-şəxsiyyə yoxdur, biz məsləhətə adam seçə bilmərik. Yoldaşlarımızı tutub həbs edərlər”.

Bu üç məsləklərin əvvəlincisi nə dərəcə bir nikbinliyə düşüb və Qərbi Avropa əmələlərinin güzəranlarından naşi səhvə düşürsə, axırıncı da bir o qədər, bəlkə daha çox ziştbinliyə*[2] düşüb, dikbaşlığına salır və işin nə yolda olduğunu layiqincə bilmədiyindən uca və parlaq sözlər ilə diqqət və təəmmül*[3] istəyən bir mətləbi həll etmək istiyor.

Doğrudur, hürriyyəti-siyasiyyə olmayınca əhvali-iqtisadiyyənin islahı mümkün deyildir. Lakin bunu hər yerdə əsas tutub “boykot”u qaiideyi-külliyyə hesab edib, ətrafa göz örtmək, dövrəmizi bürüyən həqiqətlərə və şərtlərə baxmamaq da olmaz.

Dövlətlilər, mədənçilər məsləhəti yaxşı qanırlar və onunla mənfəətbərdar olmaq istiyorlar. Fəhlələrin də bu məsələdən dərs almaları mətlubdur. Sərmayədarlar məsləhəti məqsəd hesab ediyorlarsa, fəhlələrə də məsləhəti vasitə edilmək lazımdır. Yəni məsləhət yolu ilə mübarizeyi-ümumiyyəyi-iqtisadiyyəyə hazərlanmalıdırlar.

Sərmayə ilə zəhmət nümayəndələri arasında olan mübarizə iki dövlət arasında edilən davaya təşbih ediliyor. Elani-hərb olunmamışdan əvvəl hər iki dövlət arasında müxaribat və diplomatik müsahibələri olduğu aşkardır. Heç vaxt, heç bir məntiq ilə denilməz ki, bir heyəti-etilafiyyəyə daxil olub, münasibəti-düvəliyə danışıqlarına girişən iki dövlət dava qüvvətlərini hazırlanmasından gərək vaz keçsinlər. Məsələn, bu gün Rusiya ilə Osmanlı davası xəbəri araya atılmış. Hər gün, hər saət hər iki tərəfdən müxtəlif yollar ilə müxabirat alınmaqda və diplomatik dairələrində bu məsələ həll edilməkdə və təkrarən olaraq hər iki tərəfdən davanın olacağı rədd və cərh*[4] edilməkdəikən, yenə görürsən ki, hər iki tərəf qüvveyi-hərbiyyəsini hazırlamaqdadırlar. İştə siyasəti- düvəliyyə nöqteyi-nəzərindən böylə də olmalıdır. Çünki, “cəngə hazırlaş, əgər sülhi-səlah istərsən” – demişlər.

Boykotçular öz nöqteyi-nəzərlərini isbat üçün keçmiş məsləhətlərin baş tutmamalarını şahid götürürlər və diyorlar ki, indiki halda mərkəzdə duran “yarım boykotçu” məslək sahibləri özləri belə 1905 və 1906-cı sənələrdə məsləhəti boykot elədilər. İndi isə boykot eləmiyorlarsa təzada (özlərinə əks getməyə) giriftar oluyorlar.

İştə bu da yenə haman boykotçuluğu madamül-həyat bir əsasi-külliyyə tutub, zəmanənin iqtizasına və ətrafda olan şərti-şürutə barmaq arasından baxmaqdan naşidir. Bu adamlar bir o qədər təəmmül, təfəkkür, təəqqül etmiyorlar ki, 1905-1906-cı sənələrinin məsləhətində nə fəhlə ittifaqı, nə fəhlə qəzetəsi, nə də bu günlərdə məzunən ictima etməkdə olan fəhlə vəkillər şurası heç biri yox idi. O zaman fəhlələrin bir çoxu məsləhət nədir bilmiyordu. O vaxtdan məsləhəti fəhlələrdən xaric bir dəstə adamların təsəvvürü ilə ediliyordu. İndi isə hamı fəhlələr də olmasa, çox yarısı işdən baxəbərdir. Hamı zavodlarda, mədənlərdə neçə aydan bəridir ki, bu məsələ müzakirə olunur, bu xüsusda kitablar, məqalələr yazılır. Müxtəlif məsləkli heyətlər öz rəylərini, bu məsələyə olan münasibət və əlaqələrini təbliğ ediyorlar. Fəhlələr də onlara münəqqidanə surətdə baxıyor, bu məsləklərə müməyyiz*[5] (təmyiz verən) oluyorlar.

Bir də fəhlələrin indiki hal üzrə qalmaları özlərinə də zərərdir. Bir gün, olmuyor ki, mədənlərdə ayrı-ayrı tətillər olmasın. Ən cüzi şeylərin üstündə, ən kiçik bir tələbnamə üzərinə görürsən ki, tətil kimi yeganə fəhlə vasiteyi-mübarizəsi olan alət ilə dolanmağını hənuz layiqincə qanmayan fəhlə əvami başdan çıxdı. “naqradnoy” kimi səfeh “trebovaniya” üstündə bir ay işdən qaldı və bununla gərəkli vaxtlarda işlətməyə lazım olan qüvvədən düşdü, əlinə bir şey gəlmədi. Tutulan statistik üzərincə böylə xüsusi surətdə edilən tətillərin çoxusu – yüzdə yetmişi – fəhlələrin zərəri ilə tamam oluyor. Mədənlərə olan bu xüsusi tətillər mədənçilərə nə dərəcə zərər, sənaətə nə əndazə zərbədar isə, fəhlələrin öz mznafeyinə bir o qədər, bəlkə daha da artıq müzürrüdür. Buna bir çarə aramaq, bir intiha qoyub, parça-parça olduğu surətdə edilən nəticəsiz mübarizəni mənfəətli və zərbəli ümumi mübarizə surətinə salmalıdır. Qanmalıdır ki, bütün Bakı fəhlələrinin istirahəti, hamı Bakı fəhlələrinin mübarizəsi ilə ələ gəlir. Parçalanmaq, ixtilaf isə həmişə basılmaq və izmehlali*[6] mövbic oluyor. “Bir çubuğu ayrı-ayrı qırmaq asansa da, 7 çubuğu bir dəstə olduğu halda sındırmaq qeyri mümkündür”, bu danılmaz bir həqiqətdir.

İştə məsləhəti boykot edənlər gərək bunu qansınlar ki, fəhlələrə burasını bildirmək lazımdır. Bu lüzum qəbul edilərsə, o zaman məsləhət kimi bir fürsəti əldən buraxmaq və “mədənçilərdən hürriyyəti-siyasiyyə istəmək” kimi səfsətələrə binalanmaqla məsləhətə göz örtmək və ondan istifadə etmək istəməyib, baş-ayaq atmaq hərgiz caiz deyildir, səhlənkarlıqdır.

Hər bir əqilli fəhləyə lazımdır ki, nə şərtsiz məsləhətçilər kimi təfritdə*[7], nə də boykotçular kimi ifratda olmayıb, işə açıq göz ilə baxıb, salim əql ilə təsəvvür edib, “Bakı neft mədənlərində işləyən əmələlərin ittifaqı” ittixaz edən şərtli məsləhət tərəfdarı olsun və bu məsləhət yolunda bütün fəhlə yoldaşları sərmayədarlar ilə ediləcək müsalihədə, nüfuz və təsir yetirmək və sülhü paydar etmək üçün “cəngə hazır olmalarına” çalışsın.

Yəni məsləhəti nə məqsəd bilsin, nə də fəhlə hüququnun ticarətxanəsi, bəlkə məsləhəti fəhlələri tərbiyə edici və həqlərini öyrədici bir müəssisə bilib, orada olan müzakiratı da biri-birinə dava elan etmək istəyən iki müxalif hökümətin danışığı kimi bilsin.

Bu məqaləmizi xülasə edərək, fəhlələrə müəyyən və müxtəsər surətdə böylə bir tövsiyədə bulunuruz: “şərtsiz məsləhətçi olmadığınız kimi, şərtsiz boykotçu da olmayınız”.

M.Ə.Rəsulzadə
“İrşad”, № 46, 7 aprel 1908

*[1] şüruti – şərtlər

*[2] ziştbin – pis görmə

*[3] təəmmül – mülahizə, diqqət

*[4] cərh – sancma, biabır etmə

*[5] müməyyiz – yaxşını pisdən seçən, ayıran

*[6] izmehlal – puç olma, məhv olma

*[7] təfrit – israf etmə, səhv