Məqalələr

MƏRKƏZ FİRQƏSİ

Rusiyanın “tamamiyyətini” ayrılmaz, parçalanmaz bir cismi-tammə olduğunu özlərinə əsas məslək tutan və bu “tamamiyyəti” dilcə-rusluqda, dincə-pravoslavlıqda, məsləkcə müxtəlif surətlərlə cilvədar olan pruşkeviçlikdə görən bütün həqiqi ruslar “bu gün sabah ayrılıb, özbaşına müstəqil bir hökümət şəklini ala biləcək Qafqaza hücumlar etmədə və onu Rusiyaya “bənd edə biləcək” üsuli-dəhşət və təzyiq ilə bərabər” “hökm etmək istərsən, ayır” əsasına məhkum etməyə çalışırlar.

Bu xüsusda “Novoye vremyə” Menşikovun fəsadimiz məqalələri ilə “Veçe”nin fitnənaməsini qarelərimizin nəzəri-mütaliələrinə vermişdik.

Indi də ümuri-dövlətdə ən nüfuzlu olan və Dövlət dumasında əksəriyyət təşkil edib, mərkəzdə oturan oktyabristlərə gələk, görək ki, onlar bu məsələyə nisbət nə fikr bəsliyor, necə bir təsəvvürdə bulunuyorlar.

Bundan ötrü də həmin firqənin rəsmi mürəvvici-əfkarı olan Moskva qəzetəsi “Qolos Moskva”nın martın 22-də çıxan nömrəsində “Novoye vremya”nın “zateryannı”, “storoyni”larının misli olan “umerenni” cənabın Menşikov ruhu ilə yazılmış məqaləsinə baxalım. Baxalım ki, “Qolos Moskva”nın Qafqaz canışını qraf Voronsov-Daşkov cənablarının yubileyinə münasibətlə yazdığı məqaləsinin “həqiqi ruslar” fikrində nə fərqi vardır?

“Oktyabrist” firqəsi qəzetəsinin dərəceyi-cəhalətini görünüz bir nə dərəcədədir ki, onun mürəvvici-əfkarı olan bir qəzetə əyalət məsələsini böylə bir axmaqca surətdə şərh ediyor. Məsələn, erməni-müsəlman vəqəeyi-əsəfəngiyinin*[1] illəti*[2] asan bir vəchlə bəyan edilir:

Müsəlmanlar “Qafqaz qafqazlılarındır” tarazını*[3] qəbul edib, xəyal etdilər ki, keçmiş zaman gəlmiş, erməniləri qırıb dağıtmaq olar, odur ki, şəhərlərdə və kəndlərdə mənasız və vəhşiyanə erməni-müsəlman qırğını başlandı. Gürcüstan vəqəəsi və Türkiyə ermənilərinin yollanılmasına gəldikdə, böylə şərh edilir:

“Gürcülər böylə xəyal etdilər ki, gərək tövci verilməsin, yerlər əkilməsin və xəzinəni, poçtu qarət edərək, gözəl surətdə dolanmaq ola bilər və əqillərinin sadəliyindən elə bilirdilər ki, bu pullar xəzinədə bitir və həmişə çöldə “qarğıdalı” bitən kimi bitəcəkdir.

Ermənilər isə əhalinin ən fəali və sahibi-təsəvvürləri olduqlarından “Qafqaz qafqazlılarındır” tarazından istefa edib öz qaçaqlarına kömək edib, Kars və İrəvan quberniyalarında boş qalan yerləri tutmağa başladılar. Rusların qismətinə isə, öz əziz canlarını Qafqaz anarxiyasını yatırtmaq yolunda qoymaqdan bağqa ayrı hissə qalmadı. Böylə bir hiyləkaranə surətdə yazılan və axmaqcasına şərh verilən yazılardan sonra “Q.M.” “Qolos Moskva” qəzetəsi bu təsəvvürə gəliyor ki, bu işlərin, bu qəbahətlərin hamısının səbəbi Qafqaz canışını qraf Voronsov-Daşkovun hürriyyətpərvərliyi və onun üsuli-idarəsidir. Guya Qafqaz canışının “kadetlik təhti-nüfuzuna düşürmüş və Qafqaza “avtonomiya” almaq, avtonomiya olmasa da ona yaxın bir imtiyaz çırpmaq istiyormuş! Halon ki, Dumanın əksəriyyəti Rusiyanın bölünməməsi tərəfdarıdır!

Böylə bir təqsirnamə bədində qəzetə öz nəticeyi-mühakiməsini icra edib, dad ediyor ki:

“Bəsdir ki, bu qədər bizim əyalətlər ilə kadetlik imtahanı edildi!

Türküstandan sübutçuluğu, Finlandiyanın hərarəti götürdülər, indi də növbə Qafqaza çatmışdır!

“Əyalətlər ilə edilən bu qism idarə və yerli əhalinin nazları ilə oynamaq və bəzi para cümhuriyyətlər hazırlamaq politikası Mərkəzi Rusiyaya çox bahadır! Bir vaxtda ki, Dövlət dumasında əksəriyyət ara ilə Rusiya bölünməməsinə səs verir, öylə bir zamanda, bu qism üsul-idarələrin baqi qalıb da əyalətlərimizin əlimizdən getməsinə zəmin hazırlanması hərgiz təhəmmül ediləməz, vaxtdır ki, bu tövr idarələrə xitam verilsin!..”.

Rusiyanın parçalanmasından qorxan ağaların nə istədiklərini biz hərgiz qana bilmiyoruz.

Bunlar nə istiyorlar, Rusiyanın ümumiyyətinimi? Çox əcəb, əyalətləri Mərkəzi Rusiya ilə həmhüquq edəndə bu tamamiyyətə xələl yetişmir. Bir dəfə bunu bilmək lazımdır ki, dövlət işlərində firqə, millət, məzhəb deyil, mülkiyyət, dövlət və padşahlıq cəhətləri gərək nəzərdə olsun. Əyalətləri mərkəzə müttəsil etmək üçün, mənəvi və maddi ittisal üçün, ancaq ayırmağa, qaçırtmağa və qeyri-məzun*[4] fikri-təşəbbüslərə sövq etməyə mövcib qüvveyi-qəhriyyə deyil, ittihada, birliyə müvafiqətə səbəb olan qüvveyi-mənəviyyeyi hüquqiyyə gərək meydana gəlsin.

Hüquq və ixtiyarca müsavi olmayanların yoldaşlığı ola bilməz, olsa da həqiqi deyil, ancaq zahiri olar və fürsət düşdükcə nəticəsini bildirər!

Burasını həmi “Veçe”, həmi “Novoye vremya”, həmi onlardan ayrılmayan mərkəz firqəsi qəzetəsi “Qolos Moskva”lar gərək ki, anlasınlar!

Qafqaz canişininə gəldikdə isə, görünür ki, əleyhinə qalxan bütün sağların həniz bu cənaba rəxnə vuramıyorlar. Bu qədər küy-kələk və töhmətlər içində yenə də o zatın naminə fərmani-hümayuni sadir olunması buna bir dəlili-vazehdir!..*[5]

Fəqət hər nə tövr olsa da Qafqazın üstündə bayquşlar ulayır...

Baxalım ki, bu ulaşmanın nəticəsi nə olur...

M.Ə.Rəsulzadə
“İrşad”, № 42, 31 mart 1908

*[1] vəqəeyi-əsəfəngiz – təəssüf doğuran hadisə

*[2] illət – səbəb

*[3] taraz – növ, nümunə, sistem

*[4] qeyri-məzun - burada: layiq olmayan

*[5] vazeh – açıq, aydın